İlon Mask ABŞ-də hər bir uşağa iki “SpaceX” səhmi bağışlamağı planlaşdırır

 

Dünyanın ən varlı şəxsi, "SpaceX" şirkətinin qurucusu İlon Mask ABŞ-də hər bir uşağa iki “SpaceX” səhmi bağışlamağı planlaşdırır.

Milyonçu bununla da texnologiya sektorunun ictimaiyyət və siyasi dairələrin ciddi nəzarəti ilə üzləşdiyi bir vaxtda peyk və süni intellekt biznesinə ictimai dəstəyi artırmağa çalışır.

Təxminən 18 milyard dollar dəyərində qiymətləndirilən səhm bağışlanması ilə bağlı açıqlama “SpaceX” şirkətinin kosmosda məlumat mərkəzlərinin yaradılması məqsədilə 1 milyon peykin orbitə buraxılmasına ABŞ-dən icazə alınmasından cəmi bir neçə saat sonra verilib.

Mask süni intellekt sənayesində “SpaceX”in rolunu genişləndirməyə çalışır. Bununla yanaşı, hesablama infrastrukturlarının sürətlə inkişafı onun ətraf mühitə təsiri, eləcə də texnologiya milyarderlərinin iqtisadi və siyasi nüfuzunun artması ilə bağlı narahatlıqları gücləndirir. Məlumat mərkəzlərinin tikintisinə qarşı çıxanlar bu ay ABŞ-də keçirilən aralıq seçkilərdə Demokratlar Partiyasının ən böyük uğur qazanan tərəfdar qruplarından biri olub.

“OCBC Bank”ın Sinqapurda sərvətlərin idarə edilməsi üzrə bölməsinin rəhbəri Çez Anbu bildirib ki, bu təşəbbüs SpaceX-in fəaliyyətinə daha geniş ictimaiyyətin cəlb olunmasına xidmət edir. Onun sözlərinə görə, uşaqlara şirkətdə birbaşa iqtisadi iştirak imkanı verilməsi süni intellekt və kosmik iqtisadiyyatın faydalarından daha geniş təbəqələrin yararlanması ilə bağlı güclü ictimai mesaj formalaşdırır.

ABŞ Federal Rabitə Komissiyası (FCC) süni intellekt hesablamalarına artan tələbatın ödənilməsinə kömək məqsədilə “SpaceX”in peyk şəbəkəsi layihəsini təsdiqləyib.

Astronomlar isə uzun müddətdir bu cür layihələrin kosmik müşahidələrə təsirindən narahatdırlar. Amerika Astronomiya Cəmiyyəti FCC-nin qərarından məyus olduğunu bildirib. Qurum xəbərdarlıq edib ki, nəzərdə tutulan peyk şəbəkəsi astronomik tədqiqat infrastrukturlarına federal səviyyədə onilliklər ərzində yatırılmış investisiyalara, eləcə də astronomların və ictimaiyyətin gecə səmasını müşahidə etmək və öyrənmək imkanlarına ciddi zərər vura bilər.

Mask “X” sosial şəbəkəsindəki paylaşımında bildirib ki, uşaqların hər birinə bir “SpaceX” səhmi şirkət tərəfindən, digəri isə şəxsən onun tərəfindən veriləcək.

Ayrıca paylaşımında sahib olduğu “SpaceX” səhmlərinin gələn ay köçürüləcəyini qeyd edən Mask, özünün bağışlayacağı səhmin isə üzərindəki satış məhdudiyyətinin 2027-ci ilin iyununda başa çatmasından sonra veriləcəyini bildirib.

“SpaceX”in səhmləri ötən günün ticarət sessiyasını 127,44 dollar qiymətində başa vurub. Bu qiymətləndirmə əsasında Maskın və şirkətin vəd etdiyi səhmlərin ümumi dəyəri təxminən 18 milyard dollara çatır.

Təxminən 824 milyard dollar sərvətə malik Mask ötən ay da ABŞ-də hər bir uşağa “SpaceX” səhmi bağışlayacağını bildirmişdi. Onun iyun ayına olan məlumata görə, şirkətdə təxminən 6,42 milyard səhmi var.

2026-11-26 / 17:35
Facebook