DOST mərkəzlərində 5 milyonuncu vətəndaşa xidmət göstərilib

 

DOST mərkəzlərində xidmət göstərilən vətəndaşların sayı 5 milyona çatıb. 5 milyonuncu vətəndaşa – Sumqayıt şəhər sakini Lalə Məmmədovaya Abşeron DOST Mərkəzində xidmət göstərilib.

Bu barədə DOST Agentliyindən məlumat verilib.

Bildirilib ki, Lalə Məmmədova əvvəllər təyin edilmiş əmək pensiyasının yenidən hesablanması ilə bağlı müraciəti əsasında DOST xidməti ilə təmin edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Aygün Musayeva Lalə Məmmədova ilə görüşərək onu DOST mərkəzlərində xidmət göstərilən 5 milyonuncu vətəndaş olması münasibətilə təbrik edib, ona təşəkkürnamə və simvolik hədiyyələr verib.

Bildirilib ki, Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan DOST Agentliyi 2019-cu ilin may ayında fəaliyyətə başlayıb. Ötən dövr ərzində 8 DOST mərkəzi (Bakı, Abşeron, Bərdə, Naxçıvan), 4 DOST qəbul şöbəsi (Şuşa, Tərtər, Neftçala, İmişli) və 3 DOST məntəqəsi (Zəngilan, Kəlbəcər, Füzuli) vətəndaşların istifadəsinə verilib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası 164 sosial xidmətin “bir pəncərə” prinsipi ilə operativ, şəffaf, müasir və innovativ əsasda təqdim olunmasına imkan yaradıb.

Görüşdə DOST mərkəzlərində göstərilən xidmətlər barədə məlumat verilib, vətəndaşların bu xidmətlərdən məmnunluq səviyyəsinin 98,9 faiz olduğu vurğulanıb.

Lalə Məmmədova DOST mərkəzində müraciətinin operativ cavablandırılmasından və ona göstərilən xidmətdən məmnun olduğunu bildirib. 

2026-11-26 / 17:52
Facebook