FIFA-ya üzv ölkələrin əksəriyyəti Canni İnfantinonun namizədliyini dəstəkləyib

 

FIFA-ya üzv olan 211 ölkədən 200-dən çoxu qurumun hazırkı prezidenti Canni İnfantinonun növbəti müddətə namizədliyini rəsmi şəkildə dəstəkləyib.

Bu barədə Böyük Britaniyanın “The Guardian” nəşri məlumat yayıb.

Bildirilib ki, italiyalı funksioner hazırda seçkilərdə yeganə namizəddir. Ali futbol qurumunun prezidentliyinə namizədlərin irəli sürülməsi prosesi noyabrın 18-dək davam edəcək, seçki isə gələn ilin martında keçiriləcək FIFA Konqresində baş tutacaq.

Qeyd olunub ki, dünya çempionatı zamanı yaşanan mübahisələrə baxmayaraq, İnfantinonun mövqeyi zəifləməyib. UEFA-nın isə alternativ namizəd irəli sürmək imkanını nəzərdən keçirdiyi bildirilib.

İddiaya görə, İnfantinonun ətrafı bəzi milli assosiasiyalara mövqelərini dəyişməmələri üçün təzyiq göstərir.

Qeyd edək ki, Canni İnfantino 2016-cı ildən FIFA prezidenti vəzifəsini icra edir. O, 2019 və 2023-cü illərdə bu posta yenidən seçilib.

2026-07-17 / 19:03
Facebook