
2026-cı il 1-3 iyun tarixlərində Xəzər regionunun neft-qaz və enerji sektorunun ən nüfuzlu tədbiri - Bakı Enerji Həftəsi baş tutdu. Enerji həftəsi 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi (“Caspian Oil and Gas”), 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi (“Caspian Power”) və 31-ci Bakı Enerji Forumunu (“Baku Energy Forum”) bir araya gətirdi. “Caspian Oil and Gas” və “Caspian Power” sərgiləri Bakı Ekspo Mərkəzində, 31-ci “Baku Energy Forum” isə Bakı Konqres Mərkəzində təşkil edildi. Builki tədbir dünyanın 44 ölkəsindən 274 şirkət iştirak etməsiylə rekord göstəriciyə imza atdı. Tədbirin coğrafiyası Azərbaycanla yanaşı Almaniya, Amerika Birləşmiş Ştatları, Avstriya, Belarus, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çexiya, Çin, Çin Xalq Respublikasının Honkonq Xüsusi İnzibati Bölgəsi, Fransa, Hindistan, Filippin, Gürcüstan, İordaniya, İspaniya, İsveçrə, İtaliya, Lüksemburq, Qətər, Qazaxıstan, Kanada, Litva, Macarıstan, Misir, Moldova, Monako, Niderland, Norveç, Özbəkistan, Rumıniya, Rusiya, Sinqapur, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkiyə, Ukrayna, Yaponiya və digərlərini əhatə etdi. Almaniya və Rusiya Bakı Enerji Həftəsində milli pavilyon ilə təmsil olundu.
Bu il sərgi iştirakçılarının 35 faizini yeni şirkətlər təşkil etdi. İştirakçıların təxminən 60 faizini xarici şirkətlər, 40 faizini isə yerli müəssisələr təşkil edirdi. Bu, yüksək səviyyəli beynəlxalq əməkdaşlıqla yanaşı, yerli biznesin fəal iştirakını da bir daha nümayiş etdirir. Bakı Enerji Həftəsinin statusunu onun sponsorlarının tərkibi də göstərir: ABB, “Acwa”, “AZEL Systems LLC”, “Baku Steel Company”, bp, “ExxonMobil”, “XRG”, “Gap İnşaat”, “GL”, “Gran Tierra Energy”, “Inpex”, INTI, KPMG, “Kolin İnşaat”, “Masdar”, “MOL Group”, SLB, “Umid Babek Operating Company (UBOC)”, “TotalEnergies” və “Türkiye Petrolleri AO”.
İlk dəfə olaraq 1994-cü ildə “Xəzər Neft və Qaz” sərgi və konfransı keçirilərkən Azərbaycan, ölkəmizin zəngin, əvəzsiz təbii sərvətləri dünyada o qədər də tanınmamış, bu barədə mövcud rəy heç də birmənalı olmamışdır. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın müasir inkişafının, iqtisadi uğurlarının təməli qoyuldu. 1 iyun 2026-cı ildə “Bakı Enerji Həftəsi”nin açılış mərasimində çıxış edən “ICA Events” şirkətinin İdarə Şurasının müşaviri Tomas Hord da bu məqama toxunaraq ölkəmizin enerji strategiyasının uğur düsturunu bəyan etdi: “1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan müasir tarixində yeni bir səhifə açdı. Tarixi “Əsrin müqaviləsi”nin imzalanması ilə yanaşı, təşkil olunan ilk Xəzər Neft və Qaz Sərgisi ölkənin uzunmüddətli enerji strategiyasının təməlini qoydu, Azərbaycanı qlobal enerji sektorunda etibarlı və vacib tərəfdaş kimi təsdiqlədi”. Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində çıxış edən Prezident İlham Əliyev də Azərbaycanın bügünki vəziyyətə necə gəlib çıxdığına diqqəti yönəltdi : “Əgər bu gün biz Azərbaycana nəzər salsaq həmin transformasiyaya gəldikdə, bu sərvətlərdən necə istifadə etdiyimizə, onun yenidən sosial infrastruktura, təhsilə, səhiyyəyə, enerji sahəsinin inkişafına yatırdığımıza əsasən deyə bilərik ki, ölkələr necə inkişaf etməlidir və bu yol 1990-cı illərin əvvəlində üzləşdiyimiz eyni problemlərdən müəyyən dərəcədə əziyyət çəkən ölkələr üçün örnək olmalıdır”. Azərbaycanın iqtisadi fəaliyyətinin müsbət olduğunu vurğulayan dövlət başçısı aparıcı beynəlxalq reytinq agentliklərindəki reytinqimizin ildən-ilə artdığını, artıq investisiya dərəcəli reytinqimizin olduğunu bildirdi. İlham Əliyev bu gün bizim xarici borcumuzun dünyada ən aşağı xarici borclardan - təqribən ümumi daxili məhsulun 6 faizindən çox olduğunu vurğuladı.
Bu gün Azərbaycan artıq yalnız enerji istehsalçısı deyil, həm də Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarından biridir. Prezident İlham Əliyev çıxışında vurğuladı ki, Azərbaycan qazını alan 16 ölkədən 10-u Avropa İttifaqına üzv olan ölkələrdir və bu ölkələrin sayı artacaqdır. Dövlət başçısı bildirdi ki, boru xətti ilə qazın müxtəlif ölkələrə nəql edilməsi, ərazi və coğrafiya kimi parametrlərə baxsanız görərsiniz ki, biz dünyada birinciyik. Bu fakt Azərbaycanın beynəlxalq nüfuzunun və etibarlı tərəfdaş imicinin ən parlaq göstəricilərindən biridir.
Çıxışında bərpaolunan enerjinin əhəmiyyətini xüsusi vurğulayan Prezident Azərbaycanın yaşıl enerji gündəliyinin olduqca zəngin olmasına diqqət çəkdi: “Gələn ilin sonunadək Günəş və külək enerjisi üzrə ümumi gücümüz 2 giqavata çatacaq. 2032-ci ilin sonunadək isə bu göstərici 8 giqavat təşkil edəcək. Əgər fəal şəkildə inkişaf etdirdiyimiz hidroenerji potensialını da nəzərə alsaq, xüsusilə Qarabağda və Şərqi Zəngəzurda artıq 300 meqavatdan çox güc istifadəyə verilmişdir. Bu da ölkəmiz üçün əlavə enerji potensialı yaradır. Həmin potensial neft və qaz ixracımızı tamamlayan bir mənbəyə çevriləcəkdir”. Dövlət başçısı onu da əlavə etdi ki, texniki-iqtisadi əsaslandırma mərhələsinin artıq yekunlaşmaq üzrə olduğu “Qara dəniz Enerji Kabeli” layihəsi Azərbaycanı Gürcüstan, Qara dəniz vasitəsilə Rumıniya, Macarıstan və digər ölkələrlə birləşdirəcək. Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan marşrutu üzrə quruda çəkiləcək elektrik kabeli layihəsi də hazırda icra mərhələsindədir. Prezident Mərkəzi Asiyadakı tərəfdaşlarımızla birlikdə Xəzərin şərq sahillərindən Azərbaycana qədər uzanacaq yaşıl enerji kabeli layihəsi üzərində işləndiyini də bəyan etdi.
ABŞ Prezidenti Donald Trampın məktubunda tədbirin qlobal əhəmiyyəti öz əksini tapdı. Bu bir daha göstərir ki, “Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təbrik məktubunda bir məqam xüsusi vurğulanırdı: “Regionumuzda yaşanan proseslər Azərbaycanla birlikdə enerji sahəsində attığımız addımların nə qədər düzgün olduğunu göstərir. Bölgəmiz üçün xəyal kimi görünən bir çox meqalayihəni Azərbaycanla birlikdə uğurla həyata keçirməkdə davam edirik”. Britaniyanın Baş naziri Kir Starmerin təbrik məktubunda ölkəmizin ağır geosiyasi şərtlər altında Ukraynaya göstərdiyi humanitar yardımın məxsusi qeyd edilməsi isə Azərbaycanın müstəqil xarici siyasət kursunun yüksək səviyyədə etirafı deməkdir.
Bakı Enerji Həftəsi və 1-ci Azərbaycan–ABŞ İqtisadi Dialoqu çərçivəsində Azərbaycanın Respublikasının İqtisadiyyat Nazirliyi və SOCAR tərəfindən ABŞ, Türkiyə, Serbiya, San-Marino və Fransa kimi müxtəlif ölkələrin qabaqcıl şirkət və qurumları ilə iqtisadiyyat, enerji, investisiya və rəqəmsal texnologiyalar sahələrini əhatə edən, ümumi maliyyə dəyəri 7,5 milyard dollar olan bir sıra mühüm saziş və memorandumlar imzalandı. İmzalanan bu müqavilələr ABŞ-Azərbaycan münasibətlərinin ənənəvi enerji tərəfdaşlığından strateji, şaxələndirilmiş və yüksək texnoloji iqtisadi müttəfiqliyə keçdiyini göstərir. 1-ci Azərbaycan–ABŞ İqtisadi Dialoqunun protokolu və ümumi 7,5 milyard dollarlıq portfel iki ölkə arasındakı iqtisadi münasibətlərin artıq daha sistemli, yüksəksəviyyəli və rəsmi bir platformaya daşındığının sübutudur. Bu razılaşmalar, həmçinin dünyanın ən böyük maliyyə, investisiya korporasiyalarının (“JP Morgan”, “Apollo Global Management”), energetika nəhənglərinin (“Chevron”, “Comstock Resources”) SOCAR-la və TANAP layihəsi ilə irimiqyaslı maliyyə sazişləri imzalaması, ABŞ biznesinin Azərbaycan iqtisadiyyatının sabitliyinə və uzunmüddətli kapital potensialına olan güclü etimadını əks etdirir. Bu hadisə Azərbaycan–ABŞ iqtisadi əməkdaşlığının enerji, investisiya, innovasiya və strateji resursların idarə olunması sahələrində yeni mərhələyə keçdiyini nümayiş etdirir.
Artıq 30 ildən çoxdur ki, Bakı Enerji Həftəsi qlobal enerji sektorunda strateji dialoq, beynəlxalq əməkdaşlıq və yeni biznes əlaqələrinin qurulduğu mühüm platforma kimi çıxış edir. Bu gün tədbir ənənəvi enerji sektorundan daha geniş istiqamətləri əhatə edərək enerji keçidi, yaşıl enerji, rəqəmsallaşma, süni intellekt texnologiyaları, logistika, sənaye və infrastruktur sahələrini də birləşdirən beynəlxalq biznes ekosisteminə çevrilib. Keçirilən sərgi və forumlar ənənəvi olaraq sənaye liderləri ilə görüşmək, fəaliyyətdə olan texnologiya və xidmətləri nümayiş etdirmək, effektiv işgüzar əlaqələr yaratmaq, həmçinin yeni informasiya axını və texnologiyaları təqdim etmək imkanı verərək, neft və enerji sahələrində beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirəcək. Bu beynəlxalq miqyaslı tədbirlər bir daha sübut edir ki, Azərbaycan beynəlxalq enerji təhlükəsizlik sisteminin formalaşmasında əsas aktordur. Azərbaycan artıq Avropa və bütövlükdə dünya enerji bazarında aparıcı qüvvədir. Azərbaycanın enerji bazarına daxil olması ilə yeni bir canlanma müşahidə olunmuş, neft-qaz infrastrukturunun şaxələndirilməsi istiqamətində əməli siyasət reallaşdırılmışdır. Artıq enerji təhlükəsizliyi ilə bağlı layihələr Azərbaycanın iştirakı olmadan reallaşmır. Ulu Öndərin təməlini qoyduğu Azərbaycanın enerji strategiyası bu günə qədər uğurla icra edilib və daha da zənginləşmiş, yeniləşmiş çalarlarla yenə də uğurla həyata keçiriləcəkdir. Azərbaycan bu gün dünyəvi arenada arzulanan strateji tərəfdaşdır. Dövlətimizin enerji təhlükəsizliyinə verdiyi töhfələr danılmazdır. Bu səbəbdən də, bugünki mürəkkəb beynəlxalq şəraitdə Azərbaycanla əməkdaşlıq diqqət mərkəzindədir.
Nailə Tağızadə