
17-22 may 2026-cı il tarixlərində Bakı növbəti beynəlxalq tədbirə - Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına evsahibliyi etdi. Bu hadisə Azərbaycanın növbəti beynəlxalq qələbəsidir. COP29-dan sonra ölkədə keçirilən ikinci ən böyük beynəlxalq tədbir kimi WUF13 Bakını yenidən dünyanın diqqət mərkəzinə gətirdi və şəhəri urbanizasiya, dayanıqlı inkişaf və gələcəyin şəhərləri ilə bağlı qlobal müzakirələrin əsas ünvanına çevirdi.
“Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunan WUF13 176 ölkədən 57 mindən çox iştirakçını bir araya gətirməklə Ümumdünya Şəhərsalma Forumunun indiyədək keçirilmiş ən genişmiqyaslı sessiyası oldu. Bu göstərici forumun qlobal əhəmiyyətini təsdiqləməklə yanaşı, Azərbaycanın beynəlxalq tədbirlərin təşkili sahəsində əldə etdiyi təcrübənin və etimadın da bariz nümunəsidir. Dövlətimizin yüksək səviyyədə təşkilatçılıq qabiliyyəti tədbir iştirakçıları tərəfindən xüsusi minnətdarlıqla qarşılandı. Beynəlxalq iştirakçıların Azərbaycanın təşkilatçılıq qabiliyyətini yüksək dəyərləndirməsi ölkəmizin həm təhlükəsizlik, həm də peşəkarlıq baxımından qlobal nüfuzunu göstərdi. Bu mötəbər tədbirə ev sahibliyi etməklə Azərbaycan qlobal problemlərin həllində fəal iştirakçı olduğunu və beynəlxalq arenada etibarlı tərəfdaş kimi qəbul edildiyini bir daha sübut etdi. Dövlətimiz tədbirin hər bir detalı ilə bağlı yüksək peşəkarlıq nümayiş etdirərək, göstərilən etimadı layiqincə doğrultdu.
Forum çərçivəsində müxtəlif dövlətlərin rəhbərləri, nazirlər, beynəlxalq təşkilatların nümayəndələri, ekspertlər, alimlər, şəhərsalma mütəxəssisləri və vətəndaş cəmiyyəti institutları bir araya gələrək, gələcəyin şəhərləri barədə fikir mübadiləsi apardılar. Bu da onu göstərir ki, müasir beynəlxalq münasibətlər sistemində geosiyasi gərginliklərin artdığı bir dövrdə Bakı artıq bütün dünya üçün çoxtərəfli müzakirələrin və qlobal qərarların qəbul edildiyi mühüm mərkəzə çevrilməkdədir.
Forumun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev dayanıqlı şəhərsalma, müasir urbanizasiya, ekoloji tarazlığın qorunması və postmünaqişə dövründə aparılan bərpa və yenidənqurma işləri ilə bağlı məsələlərə toxunmuşdur. Dövlət başçısı bildirmişdir ki, şəhərsalma siyasəti sosial və iqtisadi reallıqlara əsaslanmalı, urbanizasiya prosesləri praktik və dayanıqlı mexanizmlərlə həyata keçirilməlidir.
WUF13 kimi mötəbər tədbirin keçirilməsi üçün şəhərin seçilməsi təsadüfi deyil. UN-Habitat və beynəlxalq tərəfdaşlar ev sahibi ölkə müəyyənləşdirərkən təhlükəsizlik, logistika, infrastruktur, təşkilati potensial və beynəlxalq etibarlılıq kimi çoxsaylı meyarları nəzərə alırlar. Son illər ölkəmizdə həyata keçirilən müasir urbanizasiya prosesləri, dayanıqlı inkişaf, müasir şəhərsalma yanaşmaları, “yaşıl şəhər", “ağıllı şəhər” konsepsiyaları və innovativ memarlıq həllərinin tətbiqi beynəlxalq səviyyədə maraq oyadıb. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma layihələri, Şuşanın tarixi simasının dirçəldilməsi və regionlarda müasir yaşayış məkanlarının yaradılması Azərbaycanın şəhərsalma sahəsində mütərəqqi yanaşmasının bariz nümunəsidir. Bakının belə mötəbər foruma evsahibliyi etməsi barədə qərar ölkəmizin həm regionda, həm də beynəlxalq miqyasda dayanıqlı şəhərsalma sahəsində artan nüfuzunu bir daha nümayiş etdirir.
Bakıda keçirilən sessiyada dayanıqlı şəhərlərin qurulması, sosial inklüzivlik, ekoloji davamlılıq, rəqəmsal transformasiya və insan mərkəzli şəhərsalma kimi məsələlər geniş müzakirə edildi. WUF13 Azərbaycanın iqtisadi potensialının və investisiya imkanlarının təqdimatı baxımından da mühüm rol oynadı.
Azərbaycan bir daha sübut etdi ki, o, qlobal əhəmiyyətə malik məsələlərin müzakirəsi üçün ideal platformadır. Azərbaycanın müasir infrastrukturu, təşkilatçılıq təcrübəsi və təhlükəsizlik baxımından təminatlı mühiti tədbirin uğurla keçməsinin əsas amillərdən biri oldu. Bu konfrans təkcə müasir şəhərsalma ilə bağlı aktual məsələlərin müzakirəsi üçün deyil, həm də ölkələrin əməkdaşlıq etməsi üçün yeni körpülər qurmaq baxımından da əhəmiyyətli oldu. Bir sözlə, Azərbaycanın ev sahibliyi ilə keçirilən WUF13 həm təşkilatçılıq, həm iştirak, həm də əldə olunan nəticələrə görə tarixi tədbir oldu və dayanıqlı şəhərsalma, urbanizasiya proseslərinə önəmli töhfələri ilə yadda qalacaq.
Nailə Tağızadə