
Türk Dövlətləri Təşkilatı dünyada yeni bir güc mərkəzinə çevrilməklə yanaşı, həm də regional iqtisadi-siyasi proseslərə ciddi təsir imkanlarına malik nüfuzlu bir qurumdur. Azərbaycan qardaş türk ölkələri ilə birgə yaratdığı Türk Dövlətləri Təşkilatını öz ailəsi qismində görür və böyük Türk dünyasına mənsub olduğunu qürurla nümayiş etdirir. Prezident İlham Əliyev 2024-cü il fevralın 14-də andiçmə mərasimində çıxışında demişdir ki, TDT bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır.
15 may 2026-cı il tarixində Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü baş tutdu. TDT-nin budəfəki qeyri-rəsmi Zirvə Görüşünün gündəliyində duran məsələ qloballaşan dünyanın aktual çağırışlarını və prioritetlərini özündə əks etdirirdi. Artıq rəqəmsal inkişaf və süni intellektin yaratdığı imkanlar bəşəriyyətin keyfiyyətcə yeni və strateji inkişaf mərhələsinə qədəm qoymasından xəbər verir. Şübhəsizdir ki, böyük coğrafiyanı əhatə edən Türk dünyası da bu çağırışlara adekvat cavab verməli, inklüziv inkişafa zəmin yaradacağı şübhə doğurmayan prosesin öndə gedənləri sırasında yerini möhkəmləndirməlidir.
Qeyri-rəsmi Zirvə görüşündə çıxış edən Prezident İlham Əliyev bildirdi ki: “Ailəmiz olan Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməlidir. Azərbaycan bundan sonra da Türk Dövlətləri Təşkilatının möhkəmləndirilməsi naminə səylərini əsirgəməyəcək”. Dövlətimizin başçısı Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının ilk dəfə 2024-cü ildə Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə Görüşü təşəbbüsünün artıq ənənəyə çevrildiyini sevindirici hal kimi səciyyələndirdi: “Bu gün Türk Dövlətləri Təşkilatının beynəlxalq çəkisi artır, qlobal proseslərdə rolu və mövqeyi güclənir. Keçən ilin oktyabr ayında Qəbələ Zirvə Görüşündə sədrliyi qəbul edən Azərbaycan təşkilat çərçivəsində əməkdaşlığın daha da dərinləşməsi istiqamətində fəaliyyət göstərir. Yaxın günlərdə Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində Türk Dövlətləri Təşkilatının şəhərsalma üzrə yüksəksəviyyəli dialoqu təşkil ediləcək”.
Çıxışında türk xalqlarının elmi-mədəni birliyinə böyük töhfə vermiş Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilən “Türk dünyası həftəsi”nin iyun ayında Bakıda keçiriləcəyini xüsusi vurğulayan İlham Əliyev bu tədbirin xalqlarımızın mədəni həyatında əlamətdar hadisəyə çevriləcəyinə əminliyini ifadə etdi. Qeyd edək ki, Türkdilli ölkələrin ortaq əlifbasının yaradılması barədə qəbul edilən qərar tarixi hadisədir. Bu Türk dünyasında latın qrafikalı əlifbaya keçid təşəbbüsünü rəsmi səviyyədə ilk reallaşdıran ölkə məhz Azərbaycan olub. Türk Dünyası Ortaq Əlifba Komissiyasının 2024-cü ildə üçüncü iclasının Bakıda keçirilməsi Azərbaycanın bu sahədəki təşəbbüslərinin və fəaliyyətinin mühüm göstəricisidir.
Azərbaycanın mədəniyyət paytaxtı Şuşa işğaldan azad olunandan sonra qardaşlaşdığı ilk şəhər məhz Qazaxıstanın Türküstan şəhəri oldu. Bunu görüş iştirakçılarının nəzərinə çatdıran İlham Əliyev şəhərlərimizin də xalqlarımız kimi qardaş olduğunu, eləcə də liderlər arasında formalaşmış səmimi dostluq münasibətlərini qürurla dilə gətirdi: “Qazaxıstan ilə Azərbaycan arasındakı sıx əlaqələri nümayiş etdirmək üçün təkcə prezidentlər səviyyəsində həyata keçirilən qarşılıqlı səfərləri göstərmək kifayətdir. Son 5 ildə bu, mənim Qazaxıstana səkkizinci səfərimdir. Prezident Tokayev isə Azərbaycana altı dəfə səfər etdib. Dörd il əvvəl imzalanmış Birgə Bəyannamə əlaqələrimizi müttəfiqlik səviyyəsinə qaldırıb”.
Bütün sahələr üzrə əlaqələrin genişlənməsinin vacibliyi barədə müzakirələrdə İlham Əliyev qeyd etdi ki, Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində Türk Dövlətləri Təşkilatının şəhərsalma üzrə yüksəksəviyyəli dialoqu təşkil ediləcək.
İlham Əliyevin çıxışında toxunduğu vacib məsələlərdən biri də TDT-nin Türküstan sammitinin gündəliyinə uyğun olaraq, süni intellektdən məsuliyyətli istifadənin təmin edilməsi, onun qanunazidd məqsədlər üçün istifadəsinin qarşısının alınması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi ilə bağlı idi. Prezidentin çıxışında qeyd etdiyi kimi, bu məqsədlə Azərbaycanda Rəqəmsal İnkişaf Şurası, Milli Süni İntellekt Mərkəzi və Süni İntellekt Akademiyası yaradılıb: “Ötən il ölkəmizdə Süni İntellekt Strategiyası qəbul edilib. Strategiyanın əsas məqsədləri sırasında süni intellekt sənayesinin inkişafı, ixtisaslı kadrların hazırlanması və süni intellektin dövlət idarəçiliyində geniş tətbiqi yer alır”. Əməkdaşlığın məhz bu istiqamətini TDT liderlərinin diqqətinə xüsusi olaraq çatdıran dövlətimizin başçısı çıxışında rəqəmsal inkişaf sahəsində türk dövlətləri ilə əməkdaşlığın uğurla davam etdirildiyini vurğuladı. Ardınca Avropa ilə Asiya arasında “Rəqəmsal İpək Yolu” layihəsi icra olunduğunu bildirən İlham Əliyev bu layihənin tərkib hissəsi olan, Azərbaycan ilə Qazaxıstan arasında Transxəzər fiber-optik kabel xəttinin yaxın aylarda istifadəyə verilməsinin planlaşdırıldığını görüş iştirakçılarının diqqətinə çatdırdı. Qeyd edək ki, bu layihə türk coğrafiyasının rəqəmsal bağlantı xəritəsini dəyişdirəcək strateji addımlardan biri hesab oluna bilər. Layihə təkcə texniki-kommunikasiya təşəbbüsü deyil, həm də Avropa ilə Asiya arasında alternativ rəqəmsal magistralın formalaşdırılması deməkdir. Bu isə türk dövlətlərinin qlobal rəqəmsal iqtisadiyyatda rolunu artırır.
Prezident İlham Əliyevin çıxışında Orta Dəhliz və Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi fikirlər isə Türk Dövlətləri Təşkilatının geoiqtisadi platformaya çevrilməsinin ən mühüm elementidir. Orta Dəhlizin əsas seqmentlərindən biri olan Zəngəzur dəhlizinin reallaşması Mərkəzi Asiyanın Türkiyə ilə birbaşa bağlantısını təmin edəcək. Eyni zamanda, Zəngəzur dəhlizi Çin–Mərkəzi Asiya–Türkiyə xəttini Avropa ilə birləşdirən mühüm nəqliyyat marşrutu kimi strateji əhəmiyyət daşıyır.
Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edən prezidentlər tərəfindən Türk Sivilizasiyası Mərkəzinin təməlqoyma mərasimi xüsusi bir hadisə kimi yaddaşlardan silinməyəcək. Layihə
qeyd olunduğu kimi türk xalqlarının şərəfli tarixinə və zəngin irsinin qorunub saxlanmasına, eləcə də onun geniş şəkildə təbliğinə mühüm töhfə verəcək. Bu təşəbbüs liderlərin türk xalqlarının həyatında göstərdiyi böyük xidmət kimi rəğbətlə qarşılandı.
TDT artıq təkcə mədəni inteqrasiyanın deyil, həm də siyasi koordinasiyanın və təhlükəsizlik əməkdaşlığının önəmli platformasına çevrilib. Avrasiya enerji yolları, Şimal-Cənub və Şərq-Qərb dəhlizləri, Böyük İpək Yolunun bərpası kimi layihələrdə Türk dövlətlərinin strateji mövqeyi təşkilatın qlobal güc balansında əhəmiyyətini artırır. Türk dövlətlərinin Orta Dəhliz layihəsinin həyata keçirilməsi sülhün, əməkdaşlığın təmin edilməsinə, ümumi maraqların həyata keçirilməsinə səbəb olur. Son vaxtlar TDT-yə üçüncü ölkələrin marağının artması da təsadüfi deyildir. Yaponiya 2025-ci ildə TDT ilə əməkdaşlıq təşəbbüsü göstərdi və bununla bağlı danışıqlara başlamağa hazır olduğunu bəyan etdi. Yaxın Şərqdə müşahidə olunan hərbi-siyasi gərginlik fonunda Fars körfəzi ölkələrinin də baxışları TDT-yə yönəlib. Bu isə onu göstərir ki,Türk Dövlətləri Təşkilatı artıq eyni soya və tarixə malik xalqların mədəni birliyi kimi deyil, nüfuzlu geosiyasi güc mərkəzi kimi qəbul edilir.
Türk Dövlətləri Təşkilatı dünyada yeni bir güc mərkəzinə çevrilməklə yanaşı, həm də regional iqtisadi-siyasi proseslərə ciddi təsir imkanlarına malik nüfuzlu qurumdur. Türküstan görüşü TDT-nin təkcə regionda deyil, həm də qlobal miqyasda böyük güc olduğu faktını nümayiş etdirdi. Bu görüş Türk dünyasının yeni yüksəliş dövrünün başlanğıcıdır. TDT qarşıdakı illərdə Avrasiya məkanında əsas söz sahibi, qərarverici iqtisadi gücə çevriləcək.
Nailə Tağızadə