.jpg)
10 may 2026-cı il tarixində Prezident İlham Əliyevin Zəngilan şəhərində ilk yaşayış kompleksinə köçən ailələrlə görüşü və görüş zamanı səsləndirdiyi fikirlər mühüm siyasi və mənəvi önəm kəsb edir . Qeyd edək ki, müstəqil Azərbaycanın banisi, ulu öndər Heydər Əliyevin doğum günündə belə bir hadisənin yaşanması xüsusilə təqdirəlayiqdir. Bu görüş Ulu Öndərin ən böyük vəsiyyətinin gerçəkləşməsinin və Şərqi Zəngəzurun yenidən doğulmasının təsdiqidir. Dövlət başçısının sakinlərlə görüşdə bəyan etdiyi : “Ulu Öndərin Azərbaycan tarixində həlledici rolu bizim yaddaşımızdan heç vaxt silinməyəcək. Onun siyasətini davam etdirərək bu gün bax, biz buradayıq, Zəngilandayıq. Düşməni torpaqlarımızdan qovduq, ərazi bütövlüyümüzü bərpa etdik. O vaxta qədər güclü iqtisadiyyat qurduq, güclü ordu qurduq, cəmiyyətdə vətənpərvərlik meyillərini gücləndirdik və faktiki olaraq, Azərbaycanı beynəlxalq təcriddən də çıxara bildik.”- sözləri səfərin əsl mahiyyətini, mənəvi-siyasi amalını ortaya çıxarır.
Dövlət başçısının Zəngilana səfəri zamanı səsləndirdiyi fikirlər regiona və dünyaya yönəlmiş strateji mesajlarla zəngindir. İşğal dövründə xarabalığa çevrilmiş Zəngilanda görülən işləri dünyaya nümayiş etdirən Prezident bəyan etdi ki, bölgədə sülhün və inkişafın əsas təminatçısı məhz Azərbaycandır. 44 günlük müharibə dövründə Azərbaycanın üzləşdiyi çətinliklərdən danışan Prezident İlham Əliyev bildirdi ki: “…İkinci Qarabağ müharibəsi zamanı bizə nə qədər təzyiqlər olsa da, onların heç biri nəticə vermədi. Halbuki bizi dayandırmaq istəyənlərin sayı kifayət qədər çox idi. Birincisi, o vaxt ATƏT-in Minsk qrupuna rəhbərlik edən həmsədrlər, o ölkələr. Hərəsi öz səbəbinə görə bizi dayandırmaq istəyirdi. 44 gün ərzində dəfələrlə bizə təzyiqlər göstərilirdi. O ölkələr sıradan olan ölkələr deyil – onlar nüvə dövlətləridir, onlar BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Görün, biz kimlərlə üz-üzə qalmışdıq. Hər biri bu işğalı əbədi etmək, bundan bir alət kimi istifadə etmək və nəticə etibarilə Azərbaycan xalqına rahat nəfəs almaq imkanı verməmək üçün dəridən-qabıqdan çıxırdı. Təkcə onlar deyil, başqa ölkələr də bizim qələbəmizi istəmirdilər. Bunların qabağında güclü iradə göstərmək, onlara demək ki, “biz öldü var, döndü yoxdur, yolumuzdan dönməyəcəyik”,– əlbəttə ki, böyük iradə tələb edirdi”.
Regionun logistik imkanları, Zəngəzur dəhlizi, bölgənin qlobal ticarət yollarının kəsişməsində yerləşməsi onun əhəmiyyətini daha da artırır. Beynəlxalq hava limanı, Ağalı kəndi, Məmmədbəyli, yeni yaşayış məhəllələri, məscid, yollar, körpülər, elektrik stansiyaları, “Dost Aqropark”, dəmir yolu və Zəngəzur dəhlizi perspektivi ilə Zəngilan artıq regional mərkəz obrazı qazanır. Prezident Zəngilanı Azərbaycanın və bölgənin daşımalar, çatdırılma mərkəzlərindən birinə çevirmək niyyətini açıq ifadə etdi: "Ermənistanla burada sərhəd açılandan, Zəngəzur dəhlizi açılandan sonra Zəngilan faktiki surətdə ölkəmizin yeganə rayonu olacaq ki, bunun iki qonşu ölkə ilə sərhəd-keçid məntəqəsi olacaq. Görün, bunun nə qədər böyük əhəmiyyəti var. Çünki bu, həm Şərq-Qərb dəhlizidir, Naxçıvandan Türkiyəyə, sonra Avropaya uzanan yoldur, həm də Şimal-Cənub dəhlizidir. Zəngilandan Ağbənd üzərindən İrana və Fars körfəzinə, buradan Naxçıvana keçməklə Culfaya, yenə də Fars körfəzinə. Bu, beynəlxalq bir mərkəz olacaq, əvəzolunmaz mərkəz olacaq. Biz bunu belə görürük və belə də olacaq. Çünki bu günə qədər bütün planlarımız gerçəkləşib”.
Azərbaycanın sülhün yaradıcısı olduğunu və bu yolda da davam etdiyini bəyan edən dövlət başçısı son dövrlər Ermənistanda revanşist qüvvələrin aktivləşməsinə münasibət bildirərək qəti xəbərdarlıq etdi: “Bu gün Ermənistana gəlib özünü saxta qəhrəman kimi göstərən bəzi xarici liderlər 2020-ci ildə elə həmin liderlər idi də öz ölkələrində hakimiyyət başında, gəlib yiyə duraydılar da Ermənistana. Boşboğazlıqdan başqa heç nə yoxdur. Onların da işi-gücü boşboğazlıqdır, ona görə öz ölkələrində onların dəstək əmsalı 10-15 faizdir. İndi guya ki, Ermənistanı bizim əlimizdən onlar çıxarıb xilas ediblər. Bizim Ermənistanı məhv etmək niyyətimiz yox idi, Ermənistanın müstəqilliyini onun əlindən almaq niyyətimiz yox idi. Bu gün hələ də Azərbaycan-Ermənistan sərhədində Avropanın dırnaqarası müşahidəçiləri guya ki, keşik çəkirlər. Mən o vaxt da demişəm, biz bir dənə güllə atsaq, onların dabanları parlayacaq, heç izi-tozu da qalmayacaq orada. Amma özlərini belə göstərirlər, guya ki, onlar Ermənistanı bizdən qoruyurlar. Bizdən Ermənistanı qorumaq lazım deyil. Biz istədiyimizə nail olmuşuq. Özünü Ermənistandakı bu tədbirdə yenə də yalançı qəhrəman kimi göstərmək ki, guya onlar Azərbaycanın qabağını alıblar, yoxsa bu aqressiv, təcavüzkar Azərbaycan Ermənistanı məhv edəcəkdi, hamısı cəfəngiyyatdır. Bizim belə niyyətimiz olmayıb, yoxdur və olmayacaq, əgər bizə qarşı yenidən təxribat törədilməsə. Ancaq biz bilirik ki, Ermənistanın siyasi müstəvisində Azərbaycan xalqına, dövlətinə nifrətlə yaşayan kifayət qədər dairələr var və onlar hakimiyyətə gəlsə, bax, o zaman Ermənistan xalqının başı dərddə olacaq”.
Azərbaycan öz tarixi torpaqlarında əbədi qərarlaşıb, bölgədə quruculuq işləri aparır və təhlükəsizlik prioritetdir. Onun qarantı qüdrətli Azərbaycan ordusudur. Prezidentin açıqlamaları isə ölkənin müstəqil xarici siyasətinin iqtisadi suverenliyinin və hərbi qüdrətinin təzahürüdür. Bu isə Cənubi Qafqazdakı yeni reallığı, Azərbaycanın diqtə etdiyi sülh, əməkdaşlıq və tərəqqi dövrünün başladığını elan edir. Yəni regionda yeni reallıqlar, yeni dövr başlayıb və təkanverici qüvvə Azərbaycandır. Bu səfər onu göstərdi ki, Azərbaycan qalib gəlməklə kifayətlənmədi, qısa bir müddət ərzində torpaqlarımızı yenidən canlandırdı, qurdu, yaratdı. Bir zamanlar viran olunmuş Zəngilanda artıq həyat dirçəlir. Prezidentin vurğuladığı kimi, işğal dönəmində məcburi köçkünlərə “bu, müvəqqəti yerdir” deyilmişdi; Zəngilanın indiki mənzərəsi həmin sözün dövlət vədi olaraq gerçəkləşməsidir. Bu ərazinin inkişafı, yenidən qurulması həm də Azərbaycanın sarsılmaz iradəsinin və quruculuq qüdrətinin dünyada tanınmasıdır.
Nailə Tağızadə