.jpg)
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı tarixi Zəfər regionda onilliklər boyu davam edən münaqişəyə son qoyaraq, sülh dövrünün əsasını qoydu. Bu qələbə təkcə ərazi bütövlüyümüzün bərpası deyil, həm də beynəlxalq hüququn aliliyinin və ədalətin zəfəri kimi dünya tarixinə düşdü. Bu baxımdan dövlət başçısının "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülməsi Prezident İlham Əliyevin sülh quruculuğu missiyasının qlobal miqyasda ən yüksək səviyyədə qəbul edildiyinin bariz göstəricisidir.
Qeyd edək ki, 1937-ci il aprelin 26-da İspaniyanın Gernika şəhəri nasist Almaniyasının “Kondor legionu” tərəfindən bombalanma zamanı yerlə-yeksan edilib. Bu hadisə mülki əhaliyə qarşı həyata keçirilmiş ilk kütləvi hava hücumlarından biri kimi müasir tariximizə həkk olub və sivilizasiyanın humanitar dəyərlərinə yönəlmiş ağır zərbə kimi qiymətləndirilib. Gernika faciəsi sonradan müharibə cinayətlərinə qarşı qlobal etirazın simvoluna çevrilib. Məhz belə bir tarixi yaddaş üzərində formalaşan “Gernika mükafatı” sülh, barışıq, dialoq və münaqişələrin dinc həllinə töhfə verən siyasi liderlərə və ictimai xadimlərə təqdim olunur. Bu baxımdan Prezident İlham Əliyevin bu cür anlamlı və mötəbər bir mükafata layiq görülməsi çox təqdirəlaqyiqdir. Bu hadisə Azərbaycanın müasir dövlətçilik tarixinin, sülhə əsaslanan strateji xəttinin və beynəlxalq sistemdə qazandığı etibarlı mövqenin simvoludur.
Beynəlxalq münasibətlər sistemində çox nadir hallarda rast gəlinər ki, hərbi yolla öz torpaqlarını azad edən tərəf dərhal sonra qarşı tərəfə genişmiqyaslı sülh təklif etsin. Azərbaycan savaşda qələbə qazanaraq, həm də regionu inkişaf və əməkdaşlıq məkanına çevirməyi hədəflədi. Prezident İlham Əliyev yalnız Azərbaycanın ərazi bütövlüyünü bərpa etmədi, həm də Cənubi Qafqazda onilliklər boyu həlli mümkün görünməyən davamlı sülhün formulasını kəşf etdi. Bölgədə formalaşdırılmış sülh mühiti, regional kommunikasiyaların açılması, qarşılıqlı etimad mühitinin yaradılması istiqamətində mühüm işlərin görülməsi Azərbaycanın sülh gündəliyi sayəsində mümkün oldu. Rəsmi Bakının qətiyyətli siyasəti nəticəsində münaqişə edən tərəflər bu gün bütün problemlərini dialoq yolu ilə həll etməyin tərəfdarıdırlar. Azərbaycan yalnız regional deyil, beynəlxalq miqyasda da daim sülh və əməkdaşlıq təşəbbüsləri ilə çıxış edir.
Prezident İlham Əliyev “Sülh və Barışıq üçün Gernika mükafatı”nın təqdimolunma mərasiminin iştirakçılarına müraciətində bu mükafata layiq görülməyin böyük şərəf olduğunu bəyan edərək bununla əlaqədar Gernika-Lumo və Pforshaym Şəhər şuralarına, Gernika Sülh Muzeyinə, Mədəniyyət evinə və “Gernika Qoqoratuz” Sülh Araşdırmaları Mərkəzinə dərin minnətdarlığını ifadə edib. “Gernika faciəsinin tarixi yaddaşını yaşatmaq, sülh və barışıq proseslərində töhfəsi olan insanları tanıtmaq məqsədi daşıyan bu mötəbər mükafata layiq görülmək böyük şərəfdir. Bu mükafatın 26 aprel – Gernika qurbanlarının anım günündə təqdim olunması xüsusi rəmzi məna daşıyır”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Bu mükafat Azərbaycan diplomatiyasının və Prezident İlham Əliyevin sülh quruculuğu missiyasının qlobal miqyasda yüksək səviyyədə təsdiqi hesab oluna bilər. Bu, təkcə diplomatik uğur deyil, həm də siyasi-mənəvi qələbənin, Azərbaycana məxsus yüksək humanizm dəyərlərinin, xalqımızın birgəyaşayış fəlsəfəsinin təntənəsidir. Mükafat region üçün sabitlik, dünya üçün isə dialoq və qarşılıqlı hörmətə əsaslanan yeni siyasi modelin mümkünlüyünü nümayiş etdirən mühüm beynəlxalq mesajdır.
Nailə Tağızadə