
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın himayəsində Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunan Antalya Diplomatiya Forumu diplomatiya, beynəlxalq əlaqələr və qlobal çağırışlar üzrə fikir mübadiləsi aparmaq üçün yüksək səviyyəli beynəlxalq platformadır. Forumun əsas məqsədləri qlobal diplomatik dialoqa töhfə vermək, çoxtərəfli əməkdaşlıq formatını təşviq etmək, yeni qlobal problemlərə diplomatik cavablar tapmaq və Türkiyənin diplomatik təşəbbüslərini qlobal platformada tanıtmaqdır. Antalya Diplomatiya Forumu ilk dəfə 2021-ci ildə baş tutub.
18 aprel 2026-cı il tarixində “Gələcəyi planlaşdırarkən qeyri-müəyyənliklərin öhdəsindən gəlmək” mövzusunda təşkil edilən beşinci Antalya Diplomatiya Forumu (ADF 2026) işə başladı. Üç gün davam edən forum çərçivəsində, liderlər panelləri də daxil olmaqla, 40-dan çox tədbir və sessiya keçirildi. Sessiyalarda qlobal sistemdə dərinləşən qeyri-müəyyənliklər, transformasiya prosesləri və regional inkişaflar ətrafında geniş spektrdə fikir mübadiləsi aparıldı. Bununla yanaşı, müzakirələrdə siyasi, ekoloji, iqtisadi və texnoloji istiqamətlərdə formalaşan əsas gündəm mövzuları diqqət mərkəzində saxlanıldı.
Ənənəvi olaraq bu il də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə V Antalya Diplomatiya Forumuna qatıldılar və forum çərçivəsində təşkil olunan tədbirlərdə fəal şəkildə iştirak etdilər. Prezident İlham Əliyevin keçirdiyi görüşlər və verdiyi mesajlar xüsusi əhəmiyyət daşıyır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşdə iki ölkə arasında strateji müttəfiqlik bütün istiqamətlər üzrə müzakirə olundu. Regiondakı son proseslər fonunda təhlükəsizlik, geosiyasi reallıqlar, Azərbaycan-Ermənistan sülh prosesi, həmçinin logistika, nəqliyyat dəhlizləri və enerji ixracı əsas mövzular oldu. Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi rolu bir daha vurğulandı. Moldova prezidenti Maya Sandu ilə görüşdə isə Aİ ilə əməkdaşlıq, enerji təhlükəsizliyi və logistika marşrutları diqqət mərkəzində oldu. Bu müzakirələr Azərbaycanın Avropanın enerji təminatında artan rolunu və qlobal səviyyədə mövqeyinin gücləndiyini göstərir. Pakistanın Baş naziri Şahbaz Şərif ilə keçirilən görüş də xüsusi siyasi əhəmiyyət daşıyır. Azərbaycan–Pakistan münasibətləri artıq sadəcə dostluq münasibəti deyil, geosiyasi əlaqələndirmə modelidir. Prezidentin Suriyanın keçid hökumətinin rəhbəri Əhməd Əl Şaara ilə görüşü Azərbaycanın Yaxın Şərqdə proseslərə aktiv yanaşdığını nümayiş etdirir. Görüşdə bərpa prosesi, humanitar problemlər və infrastrukturun yenidən qurulması müzakirə olunub, Azərbaycanın postmünaqişə təcrübəsi ön plana çəkilib. Şimali Kipr prezidenti ilə görüş isə türk dünyasında həmrəyliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir. İlham Əliyev siyasi və mənəvi dəstəyin davam edəcəyini vurğulayıb ki, bu da ortaq maraqlara əsaslanan əməkdaşlığın praktik xarakter aldığını göstərir.
Forumdan öncə İstanbulda Parlamentlərarası İttifaqın 152-ci Assambleyası çərçivəsində Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın Ermənistan parlamentinin spikeri Alen Simonyanla görüşü münasibətlərin normallaşma prosesində xüsusi əhəmiyyət daşıyır. Müzakirələr zamanı sadəcə təhlükəsizlik deyil, iqtisadi inteqrasiya da əsas prioritet olaraq seçildi. Yekun müqavilədən sonra isə Azərbaycan-Ermənistan parlamentlərarası əlaqələr üzrə işçi qrupun yaradılacağı bildirildi. Xüsusi vurğulanmalıdır ki, bu əlaqələrin yaranmasında Antalya Diplomatik Forumu mühüm əhəmiyyət daşıyır. Forum Azərbaycanla Ermənistan arasındakı sülh gündəliyinə dəstək verən bir mexanizm kimi də rol oynayır. Belə ki, məhz 2021-ci ildə baş tutan ADF-nin birinci forumu çərçivəsində Azərbaycan və Ermənistan nümayəndələri postmüharibə dövründə ilk dəfə olaraq eyni müzakirə platformalarında çıxış edib və regional sülh prosesi açıq şəkildə müzakirə olunub və bu proses ənənəvi olaraq ADF-nin bütün forumlarında təkrarlanır. Təsadüfi deyil ki, Alen Simonyan Sahibə Qafarova ilə görüşdən bir gün əvvəl verdiyi bəyanatda Türkiyənin regionda sülhün möhkəmləndirilməsi prosesində iştirakının vacibliyini vurğulayıb: “Rəsmi olaraq Türkiyəni regionda sabitliyin təmin olunmasına töhfə verməyə və “sülh kətanının yaradılmasında” tam hüquqlu tərəfdaş kimi çıxış etməyə dəvət edirəm. Bu addım regionda uzunmüddətli sabitliyin əldə olunması baxımından mühüm əhəmiyyət daşıyır”. Bu onu deməyə əsas verir ki, rəsmi İrəvan artıq kənardan oyunçu axtarışında deyil, illərdir rəsmi Bakının bəyan etdiyi "regionun taleyi regionda həll olunmalıdır" tezisini qəbul edir və regiondaxili oyunçuya üstünlük verir. Türkiyə lideri Rəcəb Tayyip Ərdoğanın Antalya Diplomatiya Forumunda çıxışı zamanı Ermənistanla normallaşdırma prosesi ilə bağlı açıqlaması əslində Ankaranın regionda uzunmüddətli sabitlik strategiyasına əsaslandığını, Azərbaycanla daim koordinasiyalı addımlar atdığını bir daha təsdiqləyir. Rəsmi Ankara və Bakı koordinasiyalı fəaliyyətlə Cənubi Qafqazda davamlı sülh və regional inteqrasiyanın təminatçısı rolunda çıxış edirlər.
Prezidentin köməkçisi Hikmət Hacıyevin Forum çərçivəsində çıxışı Azərbaycanın beynəlxalq münasibətlər sisteminə yanaşmasını əks etdirən mühüm mesaj kimi qiymətləndirilir. O, regionda üç və çoxtərəfli əməkdaşlıq modelinin formalaşdığını vurğulayaraq Cənubi Qafqazda inteqrasiyanın yeni mərhələyə keçdiyini qeyd etdi. Bu prosesdə Türkiyə-Azərbaycan strateji müttəfiqliyinin əsas dayaqlardan biri olduğu bildirildi. Eyni zamanda nəqliyyat, logistika və enerji sahələrində əməkdaşlığın genişlənməsi Azərbaycanın tranzit ölkə kimi rolunu gücləndirərək onu regional iqtisadi inteqrasiyanın əsas mərkəzlərindən birinə çevirir. H.Hacıyev postmünaqişə dövründə sülh gündəliyinin irəlilədiyini də vurğuladı. Bu, Cənubi Qafqazda sabitliyin möhkəmlənməsi və əməkdaşlığa keçidin gücləndiyini göstərir. Azərbaycanın Zəngəzur dəhlizi və digər bağlantı layihələri isə regionda yeni iqtisadi xəritənin formalaşmasına, həm infrastrukturun inkişafına, həm də siyasi etimadın artmasına xidmət edən strateji amil kimi təqdim olunur.
Azərbaycan qardaş ölkənin liderliyi ilə ərsəyə gələn Antalya Diplomatiya Forumunda fəal iştirakçılığa malikdir. ADF Azərbaycanın hər cəhətdən müsbət reallıqlarını dünyaya təqdim etmək və unikal təcrübəsini bölüşmək üçün gözəl imkandır. Azərbaycan digər nüfuzlu beynəlxalq platformalarda olduğu kimi Antalya Diplomatiya Forumunda da ölkəmizin təcrübəsini, sülh, əməkdaşlıq gündəliyini, regional və qlobal əhəmiyyətli layihələrdə fəal iştirakını dünyanın diqqətinə çatdırmaq imkanı əldə edir. Prezident İlham Əliyevin ənənəvi olaraq Antalya Diplomatiya Forumunda iştirakı Azərbaycanın dünya siyasətində mühüm söz sahibi olan dövlətə çevrildiyini bir daha nümayiş etdirir. Danılmaz faktdır ki, Azərbaycan yalnız Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rol almır, eyni zamanda davamlı olaraq sülh və diplomatiya təşəbbüsləri irəli sürməklə beynəlxalq birlikdə fəal mövqe tutur, regionun və dünyanın gələcəyinə öz töhfələrini verir.
Nailə Tağızadə