
Türk Dövlətləri Təşkilatı dünyada yeni bir güc mərkəzinə çevrilməklə yanaşı, həm də regional iqtisadi-siyasi proseslərə ciddi təsir imkanlarına malik nüfuzlu bir qurumdur. Azərbaycan qardaş türk ölkələri ilə birgə yaratdığı Türk Dövlətləri Təşkilatını öz ailəsi qismində görür və böyük Türk dünyasına mənsub olduğunu qürurla nümayiş etdirir. Prezident İlham Əliyev 2024-cü il fevralın 14-də andiçmə mərasimində çıxışında demişdir ki, TDT bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır.
2026-cı il 2 aprel tarixində Bakıda Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Hökumət başçılarının/Vitse-prezidentinin ikinci görüşü keçirildi. Görüşdə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov, Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmaz, Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenov, Qırğız Respublikasının Nazirlər Kabinetinin Sədri – Prezident Administrasiyasının rəhbəri Adılbek Kasımaliyev, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov, Şimali Kipr Türk Respublikasının Baş naziri Ünal Üstel, Türkmənistan Nazirlər Kabineti Sədrinin müavini Nökərqulu Ataqulıyev, həmçinin TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev iştirak etdilər.
Ötən il Bişkekdə keçirilən hökumət başçılarının birinci görüşü təşkilatın icraedici səviyyədə əməkdaşlıq mexanizmlərinin formalaşdırılması baxımından mühüm mərhələ idi. Bakı görüşü isə mahiyyət etibarilə fərqli mərhələni ifadə edir. Əgər Bişkek mexanizmlərin yaradılması mərhələsi idisə, Bakı artıq həmin mexanizmlərin işləməsi, konkret layihələrin koordinasiyası, iqtisadi və nəqliyyat təşəbbüslərinin icrasının sürətləndirilməsi və siyasi gündəliyin uzlaşdırılması mərhələsi kimi qiymətləndirilə bilər. Digər tərəfdən, bu görüşün vacibliyini artıran əsas məqam hal-hazırda region ətrafında baş verən kəskin geosiyasi dəyişikliklər və bu dəyişikliklər fonunda təhlükəsizliyin xüsusi önəm daşımasıdır. İran ətrafında cərəyan edən hadisələr bütün türk dünyası üçün yeni risklər və çağırışlar yaradır.
Görüşdə çıxış edən Azərbaycanın Baş naziri Əli Əsədov Bişkek görüşünün çoxtərəfli əməkdaşlığımızın institusional əsaslarının möhkəmləndirilməsi, qarşılıqlı əlaqələrimizin gücləndirilməsi baxımından çox səmərəli olduğunu bildirdi. Əli Əsədovun sözlərinə görə, ötən il Azərbaycanın Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə ümumi ticarət dövriyyəsi 5 faizdən çox artıb. Azərbaycanın üzv dövlətlərə yatırdığı sərmayələrin ümumi həcmi isə 21 milyard ABŞ dollarıdır.
Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmaz qeyd edib ki, Cənubi Qafqazda sabitlik və əməkdaşlıq mühiti Türk dünyası daxilində qarşılıqlı əlaqəni daha da gücləndirəcək. Cevdet Yılmaz onu da diqqətə çatdırdı ki, Türk Dövlətləri İnvestisiya Fondunun, türk dövlətlərinin ilk maliyyə qurumu olaraq, yaxın gələcəkdə maliyyələşdirmə fəaliyyətinə başlayacağını gözləyirik. Fondun beynəlxalq səviyyədə nüfuzlu maliyyə qurumu kimi layiq olduğu mövqeyi tutmasını təmin etmək üçün səylərimizi davam etdirmək vacibdir.
Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenov Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əhəmiyyətini yüksək qiymətləndirdiklərini, Orta Dəhlizin institusional statusunu artırmaq məqsədilə Qazaxıstanın bu il Azərbaycanla müvafiq hökumətlərarası saziş imzalamağı planlaşdırdığını bildirdi.
Qırğızıstan Nazirlər Kabinetinin sədri Adilbek Kasımalıyev Bakıda qarşıda duran mühüm məsələlərin müzakirəsi üçün çox əlverişli şərait yaradıldığını, Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycanın sədrliyinin əməkdaşlığa yeni təkan verəcəyinə və əvvəllər əldə olunan razılaşmaların ardıcıl şəkildə həyata keçiriləcəyinə inamını ifadə etdi.
Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov çıxışında iqtisadi inteqrasiyanı dərinləşdirmək məqsədilə Baş nazir müavinlərinin sədrliyi ilə Türk Dövlətləri Təşkilatının İqtisadi Tərəfdaşlıq üzrə Daimi Şurasının təsis olunmasını vacib hesab etdiklərini bildirdi.
Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstel bu gün dünyanın siyasi və iqtisadi baxımdan çoxqatlı böhranların caynağında olduğunu bildirərək müharibələr, iqtisadi böhranlar, qlobal iqlim dəyişikliyinin yaratdığı təsirlərin, nizamsız miqrasiya və bir çox digər çətinliklərin dünyanı son dərəcə riskli hala gətirdiyini, bu səbəbdən türk dövlətlərinin strateji həmrəyliyinin zərurət olduğunu bildirdi.
Türkmənistanın Nazirlər Kabineti Sədrinin müavini Nökərqulu Ataquliyev Beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının ölkələrimiz arasındakı iqtisadi inteqrasiyanın güclənməsinə əhəmiyyətli töhfə olduğunu bildirdi.
Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Türk Dövlətləri Təşkilatının əməkdaşlığın gücləndirilməsində və hökumətlər arasında daha yaxşı əlaqənin təmin edilməsində öz rolunu göstərdiyini qeyd etdi. "Son illər ərzində təşkilat öz fəaliyyətinin miqyasını genişləndirib. Hal-hazırda 58 müxtəlif sahədə biz əməkdaşlıq mexanizmləri tətbiq edirik", - deyə Kubanıçbek Ömüralıyev əlavə edib.
Müzakirələr bir daha göstərdi ki, ölkələrimiz arasında mövcud olan qardaşlıq münasibətləri və qarşılıqlı etimad Təşkilat çərçivəsində əməkdaşlığın daha da inkişafı üçün möhkəm əsas yaradır. Sonda görüşün nəticələrinə dair Birgə Bəyanat qəbul edilib.
Aprelin 2-də Türk Dövlətləri Təşkilatının hökumət başçılarını qəbul edən Prezident İlham Əliyev açıq şəkildə bəyan etdi ki, bütövlükdə Azərbaycan Türk Dövlətləri Təşkilatının inkişafına həm keçmişdə, həm də bu gün mühüm töhfələr verib. Bu istiqamətin Azərbaycanın xarici siyasətində prioritet yer tutduğunu bildirən Prezident dedi ki, Türk dünyası bizim ailəmizdir və bizim başqa alternativimiz yoxdur. “Dünyada bir çox beynəlxalq təşkilatlar var, ancaq etnik köklər üzərində yaranmış təşkilatların sayı o qədər də çox deyil. Yəni bu, bizim çox böyük üstünlüyümüzdür. Yəni bizi birləşdirən bizim etnik mənsubiyyətimizdir. Bu, birinci amildir. Ondan sonra bizim coğrafiyamızdır, ölkələr arasındakı çox xoş və isti münasibətlərdir, vahid məqsədlərdir. Ona görə bax, bütün bu amilləri nəzərə alaraq biz təşkilatımızı daha da yüksək pilləyə qaldırmalıyıq”. Bu ailənin gələcəyə uğurla aparılması üçün birgə səylərin gücləndirilməsinin son dərəcə vacib və zəruri olduğunu söyləyən dövlət başçısı qürurla qeyd etdi ki, bu gün Türk Dövlətləri Təşkilatı dünya miqyasında böyük nüfuz qazanıb.
İqtisadi sahədə əməkdaşlığa toxunan İlham Əliyev bildirdi ki, biz təşkilata üzv ölkələrin iqtisadiyyatlarına 20 milyard dollardan çox sərmayə qoymuşuq. Bunun əsas hissəsinin Türkiyəyə qoyulan sərmayə olduğunu vurğulayan dövlət başçısı digər üzv ölkələrlə də qarşılıqlı sərmayə qoyuluşu prosesinin getdiyini vurğuladı. Qeyd edək ki, Özbəkistanla, Qazaxıstanla, Qırğızıstanla birgə investisiya fondları yaradılmışdır. Bu fondlar vasitəsilə artıq bir çox layihələr icra edilir, bəzilərinin icrası üçün isə hazırlıq işləri aparılır. Nəqliyyat, logistika və tranzit sahəsində əməkdaşlıqdan danışan Prezident bildirdi ki, ölkələrimizdən keçən Orta Dəhliz hər birimizin marağına cavab verir. Orta Dəhliz, Trans-Xəzər dəhlizi, Zəngəzur dəhlizi, bu istiqamətdə olan digər layihələr daha böyük önəm daşıyır və regional əlaqələri gücləndirir. İlham Əliyev Zəngəzur dəhlizi layihəsi ilə bağlı görülən işlərə toxunaraq avtomobil yolunun təqribən 90 faizi, dəmir yolunun isə təxminən 70 faizinin hazır olduğunu, yaxın gələcəkdə bu layihənin tam icra ediləcəyinə ümidvar olduğunu bildirdi. Eyni zamanda, dövlət başçısı Türkiyədə də Qars-Naxçıvan dəmir yolunun tikintisinə start verildiyinin müjdəsini paylaşdı. Prezident bu layihələrin uzlaşdırılmasının, koordinasiya şəklində icra edilməsinin yeni bir önəmli beynəlxalq dəhliz açacağına əminliyini ifadə etdi. İlham Əliyev bir daha qeyd etdi ki, Azərbaycanın təşəbbüsləri və investisiyaları bu prosesdə lider mövqe tutur. Çünki Azərbaycan bütün varlığı ilə Türk Dövlətləri Təşkilatının qüdrətlənməsinə çalışır və qurumun qlobal hədəflərinə töhfələr verir.
Üzv dövlətlərin hökumət başçılarının Bakıda bir araya gəlməsi və Prezident İlham Əliyev tərəfindən qəbul olunması Azərbaycanın təşkilat daxilində əlaqələndirici və aparıcı mərkəzə çevrildiyini aydın şəkildə göstərir. Bakı görüşü Türk dünyasının birliyini gücləndirən, gələcəyini müəyyənləşdirən bir görüş kimi xarakterizə oluna bilər. Türk dünyasının hökumət başçılarını bir araya gətirən görüş Türk dünyasının gələcək konturlarının, ortaq strateji hədəflərinin və birgə fəaliyyət mexanizmlərinin müəyyən edilməsində mühüm əhəmiyyət kəsb edir. Müasir dövrdə türk dövlətlərinin birliyinin güclənməsi zəruridir. Prezident İlham Əliyev mühüm mesaj verərək bildirdi ki, türk ölkələri bir-birinin yanında olmalıdır. TDT qarşıdakı illərdə Avrasiya məkanında əsas söz sahibi, qərarverici iqtisadi gücə çevrilə bilər. Avropa və Asiyanı əhatə edən Türk dövlətləri böyük iqtisadi və siyasi potensiala sahibdirlər. Təhdid və münaqişələr fonunda Türk dünyası indiki mərhələdə heç vaxt olmadığı qədər birlik olmalı, hadisələrə aktiv və çevik reaksiya verməyi bacarmalıdır.
Nailə Tağızadə