
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2026-ci il 12-14 mart tarixlərində XIII Qlobal Bakı Forumu keçirildi. Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri çərçivəsində 2012-ci il sentyabrın 30-da böyük mütəfəkkirin Vətəni Gəncədə keçirilmiş xüsusi toplantıda təsis edilib. Hazırda Mərkəz qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq təsisata çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır. Bakı Forumu beynəlxalq liderləri bir araya gətirərək qlobal siyasət, təhlükəsizlik, texnologiya və sülh kimi məsələlərin müzakirəsinə şərait yaradır.
“Keçid dövründə olan dünyada parçalanmaların aradan qaldırılması” mövzusuna həsr olunan budəfəki forum xüsusilə son zamanlar aktual olan məsələləri əks etdirdi. Forumda dünyanın müxtəlif regionlarından 400-ə yaxın şəxs, o cümlədən fəaliyyətdə olan və sabiq prezident, Baş nazir, həmçinin BMT strukturlarının rəhbərləri, Nobel mükafatı laureatları, alimlər və ekspertlər bir araya gələrək dünyadakı son proseslər, qlobal təhlükəsizlik, güc balansı, beynəlxalq hüquq və digər məsələlər ətrafında müzakirələr apardılar.
Forumun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bildirdi ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi bu gün aparıcı beynəlxalq təsisatlardan biridir və burada bir çox məsələlər müzakirə olunur. Dövlətimizin başçısı bildirdi ki, sistemli yanaşmaların, dəyişən beynəlxalq vəziyyətə aid olan məsələlərə mövqeyin formalaşmasında bu təşkilatın böyük rolu var.
Forumun gündəliyinin geniş olmasına toxunan İlham Əliyev müzakirələr zamanı xüsusi diqqətin bölgəmizdəki və dünyadakı mövcud vəziyyətə yönələcəyinə əmin olduğunu bildirdi. Dövlət başçısı qeyd etdi ki, indi heç vaxt olmadığı qədər aydındır ki, təhlükəsizlik, sabitlik və müdafiə məsələləri hər bir ölkənin gündəliyində bir nömrəli prioritet olmalıdır. Çünki bunlar olmadan qalan bütün məsələlər tamamilə mənasızdır.
Dövlət başçısı çıxışında təklükəsizlik məsələlərinə xüsusi toxunaraq qeyd etdi ki, regional təhlükəsizlik məsələsi Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub. Suverenliyimizin bərpasının hər zaman gündəliyimizin əsas prioriteti olduğunu söyləyən İlham Əliyev vurğuladı: “Xoşbəxtlikdən, biz artıq sülh şəraitində yaşayırıq, hələlik cəmi yeddi aydır. Bu, bir daha göstərir ki, sülh və ədalət uğrunda güclü siyasi iradə, cəsarət və sadiqlik nümayiş etdirmək kifayətdir ki, məqsədə nail olunsun”. “İşğala, etnik təmizləməyə və soyqırımına məruz qalmış, suverenliyini, ərazi bütövlüyünü və ləyaqətini güc tətbiqi ilə bərpa etmiş, daha sonra isə o zaman məğlub olmuş düşmənə sülh təklif etmiş ölkə olmağımız - hesab edirəm ki, bu, beynəlxalq ictimaiyyətlə paylaşa biləcəyimiz nadir bir təcrübədir. Mən dəfələrlə demişəm ki, biz Ermənistanla sülhü yalnız kağız üzərində əldə etməmişik, sülh sazişi yeddi ay əvvəl paraflandı və birgə bəyanat qəbul olundu. Lakin biz artıq real həyatda sülhü təmin etmişik. Sərhədimizdə sakit vəziyyət hökm sürür, atəş açılmır, artıq heç bir qurban və itki yoxdur” – deyə dövlət başçısı əlavə etdi. Prezident bildirdi ki, artıq bütün yüklərin Ermənistana daşınmasına olan məhdudiyyətləri aradan qaldırmışıq, Ermənistanla ticarətə və onlara ən vacib neft məhsullarının ixracına başlamışıq. Bununla da göstərdik ki, biz uzunmüddətli deyil, əbədi sülhə sadiqik.
Çıxışında enerji təhlükəsizliyinə də toxunan Prezident İlham Əliyev dünyada neft və qazın qiymətlərindəki artıma diqqəti çəkdi: “Biz görürük ki, neft və qaz qiymətlərinin kəskin yüksəlişi yalnız istehlakçılar üçün deyil, geniş mənada bir çox problemlər yaradır. Kimsə düşünürsə ki, bu tarazlaşdırılmamış qiymət neft istehsalçıları və ixracatçıları üçün faydalıdır, bu yanlışdır”. Ölkə lideri qeyd etdi ki, biz daha tarazlaşdırılmış, proqnozlaşdırılmış neft qiymətlərinin tərəfdarıyıq.
Bu gün enerji təhlükəsizliyinin heç vaxt olmadığı qədər önəm daşıdığını deyən dövlət başçısı boru kəməri ilə ixrac edilən qazın həcminə və coğrafi əhatəyə görə Azərbaycanın dünyada bir nömrəli ölkə olduğunu bəyan etdi. Prezident bildirdi ki, hazırda ixracın həcmi artır və bu, belə də davam edəcək. Bu, bir çox ölkələr üçün enerji təhlükəsizliyinin mühüm amilidir. Beynəlxalq bazarlara etibarlı neft təchizatçısı kimi Azərbaycan enerji təhlükəsizliyinə öz töhfəsini davam etdirəcək.
Dövlət başçısının çıxışında toxunduğu digər bir mövzu isə bağlılıqla əlaqəli oldu. Belə ki, İlham Əliyev münaqişələrin ənənəvi nəqliyyat marşrutlarının pozulmasına səbəb olduğunu və bunun, həm insanlar, həm ölkələr, həm iqtisadiyyat, həm də tədarük zəncirləri üçün böyük çətinliklər yaratdığını bildirdi. Bağlılıq və nəqliyyat marşrutları pozulduqda dünya ölkələrinin əksəriyyəti çox çətin vəziyyətlə üzləşir. Hazırda həm Orta Dəhlizə, həm də Şimal-Cənub dəhlizinə yatırımlar edildiyini, Azərbaycanın ərazisində bütün tikinti layihələrinin tam icra olduğunu vurğulayan dövlət başçısı qeyd etdi ki: “Azərbaycan vasitəsilə daşınan yüklərə olan tələbat artır və biz həm Qərbdə, həm də Şərqdə bir çox ölkələr üçün mühüm tranzit rolunu oynayırıq”.
Dövlət başçısı sonda bu il Azərbaycanın daha bir vacib qlobal beynəlxalq tədbirə – Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcəyini bildirdi. İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətini və bütün kollektivini Forumda fəal iştiraka dəvət etdi.
Forumun birinci günündə "Qlobal təhlükəsizlik və güc balansı: Beynəlxalq hüquqa hörmət, yeni məsələlər, yeni çətinliklər", "Böhranda çoxtərəflilik: Qlobal əməkdaşlığa yeni baxış" və "Birləşmiş Millətlər Təşkilatı 80 illiyində" mövzularında panellər təşkil olundu. İkinci günündə isə "Çin və Qlobal İdarəetmə Təşəbbüsü", "Danışıqlardan Kənar: COP-u Canlı Saxlamaq Uğrunda Mübarizə", "Orta Dəhliz və Avrasiya Bağlantı Qapısı", "Afrika: Bu gün və sabah", "2030 Gündəliyinin sürətləndirilməsi: inklüziv inkişaf və dayanıqlı bağlantı" mövzularında müzakirələr aparıldı.
Bakı Forumu qarşılıqlı anlaşmaya əsaslanan müzakirələr aparmaq üçün unikal platformadır. Bu mühüm beynəlxalq tədbir sülh, təhlükəsizlik və dayanıqlı inkişaf mövzularında qlobal dialoqa və əməkdaşlığa töhfə verir. Forum dünya liderlərini, nüfuzlu ekspertləri və beynəlxalq təşkilatları bir araya gətirərək, qlobal çağırışlara qarşı birgə həll yollarının müzakirə olunduğu vacib platforma rolunda çıxış edir. Dünyada mühüm geosiyasi proseslərin baş verdiyi bir dövrdə reallaşan builki forumun mövzusu isə əvvəlki forumların mövzusundan daha vacib əhəmiyyət kəsb etdi. Forum ölkəmizin beynəlxalq dialoqa verdiyi töhfəni və multilateralizmə sadiqliyini bir daha nümayiş etdirir. Azərbaycan bir daha özünü qlobal miqyasda etibarlı tərəfdaş, sülh və sabitlik naminə təşəbbüslərə ev sahibliyi edən bir dövlət kimi təqdim etdi.
Nailə Tağızadə