Xain molla rejiminin əsl iç üzü; İrandan Azərbaycana dron hücumu …

 

5 mart 2026-cı il tarixində İran İslam Respublikası Naxçıvanın mülki infrastrukturuna, o cümlədən hava limanına və məktəbə dronlarla hücuma keçdi. Bu Azərbaycan dövlətinə və xalqına qarşı açıq təxribat və düşmənçilik aktıdır.  ABŞ–İsrail–İran müharibəsinin ilk günündən etibarən Azərbaycanın bütün riskləri göz önünə alaraq İrana qarşı dostcasına davranmasına, Prezident İlham Əliyevin İranın dini lideri Seyid Əli Xameneinin həlak olması ilə əlaqədar Prezident Məsud Pezeşkiana başsağlığı verməsi, İranın ölkəmizdəki səfirliyinə gedərək matəm kitabına ürək sözlərini yazması, Azərbaycanın məsələnin dinc yolla və beynəlxalq hüquq çərçivəsində həllinə tərəfdar olduğu barədə mövqeyini bildirməsinə baxmayaraq, İran yenə də özünün əsl simasını ortaya qoydu. Azərbaycan rəhbərliyi ölkə ərazisindən, İran da daxil olmaqla, heç bir ölkəyə təhlükə olmadığını və olmayacağını dəfələrlə vurğulayıb. Bir neçə gün öncə xarici işlər naziri Ceyhun Bayramovun iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığında da bu məsələ vurğulanmışdı. Ceyhun Bayramov hər hansı ölkə tərəfindən Azərbaycan ərazisinin qonşu və dost İrana qarşı istifadə edilməsinin mümkün olmadığını bildirmişdi. Eyni zamanda, Azərbaycan yaranmış humanitar vəziyyətlə əlaqədar İrana humanitar yardım göndərməyi də planlaşdırırdı. Bu, Azərbaycanın dar gündə hər zaman qonşulara mənəvi dəstək olduğunu sübut edir. Lakin nəzərə almaq lazımdır ki, bu İrandan aldığımız ilk zərbə deyil. Elə yaxın tariximizdə torpaqlarımız işğal altında olarkən, daha sonra 44 günlük Vətən müharibəsi zamanı İranın işğalçını müdafiə etməsini, regional əməkdaşlığa, kommunikasiyaların açılmasına qarşı çıxmaqla Azərbaycana və bölgədəki hadisələrə düşmən mövqeyi nümayiş etdirməsini yada salmaq kifayətdir.

Azərbaycanın Xarici İşlər Nazirliyi İran hakimiyyətinin bütün qaydalardan kənar davranışı ilə bağlı yaydığı bəyanatda bildirib ki, rəsmi Bakı məlum dron hücumu ilə bağlı uyğun cavab tədbirləri görmək hüququnu özündə saxlayır. Müdafiə Nazirliyi isə yaydığı açıqlamada vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin müdafiəsi, mülki şəxslərin və mülki infrastrukturun təhlükəsizliyinin təmin olunması üçün zəruri cavab tədbirlərini hazırlayır və bu hücum aktları cavabsız qalmayacaq.

Hadisədən sonra Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi. Dövlət başçısı iclasdakı çıxışında İranın törətdiyi bu hadisəni terror aktı kimi qiymətləndirdi və bunu böyük nankorluq nümunəsi kimi təqdim etdi: "Onların törətdiyi bu terror aktı bütün başqa çirkin amillərlə yanaşı, böyük nankorluq nümunəsidir. Son hadisələr baş verən kimi biz onlara xəbər göndərdik, başsağlığı verdik. Xarici işlər naziri mənim göstərişimlə həmkarı ilə danışdı. Mən onların səfirliyinə gedib başsağlığı vermək üçün öz mövqeyimi bildirdim. Halbuki məndən başqa heç bir dövlət başçısı İranın heç bir səfirliyinə getməyib. Yəni bunu qiymətləndirməmək, bunu yerə vurmaq, özlərini alçaq, nankorlar kimi aparmaq heç kimə şərəf gətirmir. Bu şərəfsizlər, bizə qarşı bu terror aktını törədənlər peşman olacaqlar. Bizim gücümüzü sınamasınlar. Bizim gücümüzü sınamaq istəyənlərin başı "Dəmir yumruq" vasitəsilə yarıldı. Bugünkü hadisə də eyni nəticəni hasil edəcək. Ona görə bu məsələ ilə bağlı tədbirlər planı hazırlanmalıdır. Bütün göstərişlər verilmişdir".

Hadisədən sonra bir sıra ölkələr və beynəlxalq aktorlar bu hücumu pisləyərək Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə ediblər. Azərbaycan ərazisində mülki infrastruktura dron hücumu təşkil etməklə Tehran acizliklə yanaşı, qorxaq olduğunu da nümayiş etdirib. İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi isə bildirib ki, İran İslam Respublikası Azərbaycan Respublikasını hədəf almayıb. İran Silahlı Qüvvələrinin Baş Qərargahı isə həmişəki kimi başqalarını günahlandırıb. Baş Qərargah Azərbaycana qarşı pilotsuz təyyarə buraxmasını inkar edib, Təl-Əviv tərəfindən İranı ittiham etmək üçün belə bir addım atıldığını vurğulayıb.  İran PUA-larının İsrail qüvvələrinin əlində olması və onları atmaq üçün İran ərazisində rahat şəkildə fəaliyyət göstərməsi özü olduqca gülünc bir iddiadır və  bu, özünü supergüc adlandıran İslam Respublikası üçün biabırçı vəziyyətdən başqa bir şey deyil. Eyni zamanda, biz İran tərəfindən hər cür təhdid eşitmişik, hətta bu vəziyyətlərində belə bəzi din xadimləri, hərbçiləri yenə də Bakını təhdid etməkdə davam edirlər. Görünən odur ki, İran həqiqətən də xaos içindədir, vahid rəhbərlik yoxdur, daxili parçalanma sürətlənib və mövcud rejimin sonu çox yaxındır.  Başını itirmiş rejim hər kəsi özünə düşmən etmək niyyətindədir. İran tərəfi anlamalıdır ki, bu hallar təkrarlanarsa, rəsmi Bakının cavabı gecikməyəcək. İran Azərbaycan xalqından üzr istəməlidir və əgər, doğurdan da təxribatdırsa, bu təxribatı törədənlər qanun qarşısında cavab verməlidir. 

Nailə Tağızadə

2026-03-06 / 17:24
Facebook