
25-26 fevral 2026-cı il tarixlərində Prezident İlham Əliyevin növbəti Qarabağ səfəri yenə əlamətdar hadisələr ilə yadda qaldı. Xüsusilə də Xocalı faciəsinin 34-cü ildönümündə dövlət başçısının həmin bölgəmizdə olması olduqca dərin və simvolik anlam kəsb edir. Millətimizin qəlbində silinməz bir yara buraxmış bu faciə hər il dövlət səviyyəsində anılır. İllərlə doğma torpaqlarından didərgin düşmüş Xocalılılar bu dəhşətli günü artıq öz yurdlarında anırlar. Düzdür bu, o yaşanan faciəni, onların yaşadıqları dəhşəti dəyişməsə də, ən azından yaralarına məlhəm olur. Prezident İlham Əliyevin də bu faciəli tarixdə Xocalıda olması, əhali ilə bir araya gəlməsi, ələlxüsus, Xocalı Soyqırımı Memorialının açılışında iştirakı Xocalı sakinlərinə göstərilən mənəvi dəstək nümunəsidir. Bu, həm də şəhidlərimizin xatirəsinə ehtiramın ifadəsidir.
Qeyd edək ki, Xocalı Soyqırımı Memorialı Prezident İlham Əliyevin 2025-ci ilin fevralında imzaladığı Sərəncama əsasən, Xocalı faciəsi qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması və milli yaddaşın qorunması məqsədilə yaradılıb. Layihə Heydər Əliyev Fondu tərəfindən hazırlanan konsepsiya əsasında reallaşdırılıb. Memorialı dörd tərəfdən əhatə edən monolit Xocalı sakinlərini soyqırımından qorumağa çalışan rəmzi əllər formasında layihələndirilib.
Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq Memorialın həyətində qış fəslinin sonunda çiçək açan və yazın müjdəçisi olan badam ağacları əkilib. Bu illər ərzində “Xocalıya ədalət!” kampaniyasının rəmzi də badam çiçəyi seçilib və bu, təsadüfi deyil. Badam çiçəyi Xocalıda 1992-ci ilin fevral ayında törədilmiş soyqırımına münasibətdə ədalətin təmin olunmasını əks etdirir.
Memorial dörd bölmədən ibarətdir. Memorialın tavanı boyu uçuşan göyərçin maketləri isə bütün dünyaya sülh arzulayan Xocalının faciə zamanı qətlə yetirilmiş günahsız sakinlərinin xatirəsinə ehtiram əlamətidir.
Prezident İlham Əliyev Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə bildirdi ki, bu Memorial Kompleksin timsalında biz Azərbaycan xalqının əyilməz ruhunu görürük. “Biz Xocalı soyqırımını heç vaxt unutmamalıyıq. Ermənistan dövlətinin vəhşiliklərini heç vaxt unutmamalıyıq. Öz tariximizi heç vaxt unutmamalıyıq, ayıq olmalıyıq, həmişə güclü olmalıyıq, həmişə düşmən bizdən qorxmalıdır, necə ki, bu gün qorxur. Məhz bu qorxu nəticəsində bu gün Azərbaycan xalqı sülh içində yaşayır”, - deyə dövlətimizin başçısı vurğuladı.
Müasir beynəlxalq münasibətlər göstərir ki, zəif dövlətlərin sülhü uzunömürlü olmur. Sülhün təminatçısı gücdür. Bu açıq aksiomadır və Azərbaycan bunu çox yaxşı anlayır. Biz sülh, sabitlik tərəfdarıyıq, yalnız bu sülh milli təhlükəsizlik zəminində qurulmalıdır. Ordunun güclü saxlanılması müharibə istəyi deyil, əksinə, müharibənin qarşısını alma mexanizmidir. Prezident İlham Əliyevin Xocavənd sakinləri ilə görüşdə səsləndirdiyi fikirlər bu baxımdan önəmlidir: “İndi Azərbaycan elə güclüdür ki, bundan sonra heç kim bizə qarşı torpaq iddiası ilə çıxış edə bilməz. Ona görə sülh, əmin-amanlıq olmalıdır, heç bir itki olmamalıdır. Amma güclü Ordumuz da hər zaman olmalıdır ki, bunu biz təmin edək”. Xocalı Memorial Kompleksin açılışında iştirak edərkən dövlət başçısı bir daha bəyan etdi ki: “Bu gün Azərbaycan dövləti o qədər güclüdür ki, heç kimin ağlına bizə qarşı hər hansı bir təxribat törətmək gəlməsin”.
Bu gün Azərbaycan dövləti Qarabağda həyatı bərpa edir, mühüm tarixi günləri məhz öz ərazisində, öz insanları ilə birlikdə qeyd edir və bölgənin dirçəldilməsi prosesini ardıcıl şəkildə davam etdirir. Prezident İlham Əliyevin bu səfəri azad edilmiş ərazilərimizdə artıq keçmişin acı xatirəsinin deyil, nikbin gələcəyə olan inamın hökm sürdüyünü aydın şəkildə nümayiş etdirir. İllərdir qan yaddaşımıza həkk olunmuş Xocalıda reallaşan hər bir layihə bu ərazilərin Azərbaycanın sosial-iqtisadi və mədəni məkanına tam və dönməz inteqrasiyasının göstəricisidir. Xocalı soyqırımı Azərbaycan xalqının qəlbində sağalmaz yara olsa da, eyni zamanda milli qürur və mübarizə ruhunun rəmzidir. Şəhidlərimizin qanı yerdə qalmadı, qisasımız alındı.
Nailə Tağızadə