ABŞ-Azərbaycan münasibətlərində yeni səhifə açılır …

 

10-11 fevral 2026-cı il tarixlərində Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Cey. Di. Vensin Bakıya səfəri baş tutdu. Bu səfər iki dövlət arasında son aylar ərzində dərinləşən münasibətlərin qlobal nümayişi baxımından mühüm əhəmiyyət kəsb edir.  Səfər Azərbaycan-ABŞ münasibətlərinin rəsmi şəkildə strateji tərəfdaşlığa keçdiyini göstərdi. Cey. Di. Vens Birləşmiş Ştatlardan ölkəmizə gəlmiş ən yüksək vəzifəli dövlət rəsmilərindəndir. 2008-ci ildə Azərbaycana ilk dəfə səfər edən Corc Buş administrasiyasının vitse-prezidenti Dik Çeyni olub.

10 fevral tarixində Prezident İlham Əliyev və ABŞ vitse-prezidenti Cey. Di. Vens tərəfindən imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya” ikitərəfli münasibətlərdə yeni mərhələnin başlanğıcını qoydu. İmzalanma mərasimi zamanı mətbuata bəyanatında Prezident İlham Əliyev bildirdi ki, “Biz Azərbaycana çox müsbət münasibətə görə Tramp-Vens administrasiyasına çox minnətdarıq. Bu gün Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması mərasimi çox ürəkdən aparılmış işin nəticəsidir”. Dövlət başçısı həmçinin qeyd etdi ki, altı ay əvvəl Prezident Trampla Vaşinqtonda tarixi görüş və bu Xartiyanın tərtib edilməsi ilə bağlı işçi qrupunun yaradılması ikitərəfli əməkdaşlıq üçün yeni imkanlar yaradıb. “Bizim üçün böyük şərəfdir ki, strateji tərəfdaşlığımızı dünyanın ən güclü dövləti olan Amerika Birləşmiş ştatları ilə qururuq”, - deyə İlham Əliyev əlavə etdi.

ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vens öz növbəsində bildirdi ki, “Düşünürəm ki, Prezident Trampın və Prezident Əliyevin rəhbərliyi ilə daha güclü və daha yaxşı münasibətlər qurulacaq”. “Biz strateji tərəfdaşlıq sənədini imzaladıq. Fikrimcə, bu, tərəfdaşlığı rəsmiləşdirir və çox aydın şəkildə göstərir ki, ABŞ-Azərbaycan münasibətləri dayanıqlıdır və xalqlarımız üçün böyük nəticələr verməkdə davam edəcək”, - deyə o əlavə etdi.

Xartiyada bildirilir ki, Azərbaycan və ABŞ Trans-Xəzər Nəqliyyat Dəhlizini (Orta Dəhliz) əsas götürərək quru, dəniz və hava nəqliyyatı infrastrukturunun inkişafı, enerji və data bağlantısı, ticarət və tranzitin asanlaşdırılması, gömrük nəzarəti və sərhəd keçidi, beynəlxalq multimodal logistika və digər əlaqəli sahələrdə əməkdaşlıq yolu ilə regional bağlantıları təşviq etmək üçün birgə işləmək niyyətindədir. Xartiya müdafiə sahəsində ikitərəfli əməkdaşlıq üçün yol açır. Sənədə əsasən, tərəflər müdafiə sənayesi məhsullarının satışı da daxil olmaqla, müdafiə və təhlükəsizlik əməkdaşlığının əhatə dairəsini genişləndirmək niyyətindədirlər. Azərbaycan və ABŞ terrorizm təhdidinə qarşı birgə mübarizə aparmaq öhdəliklərini nəzərə alaraq mövcud antiterror əməkdaşlığını genişləndirməyi planlaşdırırlar.

Eyni zamanda, kibertəhlükəsizlik və mühüm infrastrukturun mühafizəsi sahəsində bacarıqların artırılması üzrə əməkdaşlıq nəzərdə tutulur. Tərəflər Azərbaycan Respublikasının mina və digər partlayıcı maddələrlə çirklənmə səbəbindən üzləşdiyi ciddi çətinlikləri nəzərə alaraq, humanitar minatəmizlənmə sahəsində maliyyə dəstəyi və texnologiya ötürülməsi vasitəsilə potensialın artırılmasında əməkdaşlıq etmək niyyətindədirlər.

Sənədə əsasən, tərəflər Vaşinqton Sülh Zirvə Görüşünün Bəyannaməsinə uyğun olaraq iştirakçı ölkələrə beynəlxalq və ölkədaxili bağlantı üçün qarşılıqlı faydaları təmin etməklə, Azərbaycan Respublikasının əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin edəcək və regionun beynəlxalq ticarət və tranzit potensialını reallaşdıracaq multimodal bağlantı layihəsi kimi Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) əhəmiyyətini qəbul edirlər. Prezident İlham Əliyev bildirdi ki, TRIPP layihəsi ilə biz sülhə, inkişafa və əməkdaşlığa regionda növbəti töhfə verəcəyik.

TRIPP dəhlizi yalnız regional dəhlizlər məntiqi çərçivəsində iqtisadi məna kəsb edir və həmin dəhlizlərdə mərkəzi mövqeni isə Azərbaycan tutur. ABŞ üçün Azərbaycan təkcə enerji mənbəyi deyil, həm də Mərkəzi Asiyaya açılan ən təhlükəsiz və yeganə müstəqil logistik qapıdır. ABŞ-ın regiondakı əsas prioriteti Çin və Rusiyadan asılı olmayan alternativ dəhlizlərin təhlükəsizliyini təmin etməkdir ki, bu da birbaşa Azərbaycanın infrastruktur gücü ilə bağlıdır. Strateji baxımdan ABŞ Azərbaycanın Orta Dəhlizdəki dominant rolunu özünün iqtisadi təhlükəsizlik maraqlarına uyğun hesab edir.

Eyni zamanda, enerji təhlükəsizliyi sahəsində ABŞ-ın maraqları Azərbaycanın yaratdığı Cənub Qaz Dəhlizi üzərində cəmlənib. Bu dəhlizin gələcəkdə Mərkəzi Asiyanın karbohidrogen resurslarını da qəbul edə biləcək potensiala malik olması ABŞ-ın Avropadakı müttəfiqlərinin enerji asılılığını azaltmaq strategiyasının əsas hədəfidir. Azərbaycan Avropa ilə Asiyanı birləşdirən mühüm enerji və nəqliyyat dəhlizlərinin iştirakçısı kimi regionun strateji ölkələrindən biri hesab olunur. Bu amili ABŞ administrasiyası əhəmiyyətli faktor kimi qiymətləndirir. Azərbaycanın təklif etdiyi logistik və strateji imkanlar ABŞ-ın Avrasiyadakı milli maraqlarının təmin olunması üçün əvəzolunmaz imkandır.

Səfər çərçivəsində Cey. Di. Vens və xanımı Uşa Vens Şəhidlər xiyabanını ziyarət etdilər. Vitse-prezident Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla anaraq, “Əbədi məşəl” abidəsinin önünə əkil qoydu. Bununla bağlı ABŞ-nin Azərbaycandakı səfirliyinin sosial şəbəkədə paylaşımında bildirildi: "Vens ailəsinin bu ziyarəti Azərbaycan xalqının göstərdiyi fədakarlıqlara hörmətin ifadəsi olmaqla yanaşı, anım mədəniyyətinin, insan ləyaqətinin və sülhün vacibliyini bir daha vurğuladı".

ABŞ-nin indi Azərbaycana bərabərhüquqlu tərəfdaş kimi yanaşması Azərbaycan üçün çox vacibdir və iki ölkənin gələcəyi üçün böyük perspektivlər açır. Vensin Bakıya səfəri gedişində imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası və verilmiş bəyanatlar Azərbaycan–ABŞ münasibətlərinin tamamilə yeni keyfiyyət mərhələsinə qədəm qoyduğunun bariz göstəricisidir.   Bu baxımdan Vensin səfəri mövcud əməkdaşlığın dərinləşdirilməsi üçün mühüm platforma kimi dəyərləndirilir. Bu səfər Azərbaycan–ABŞ münasibətlərinin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm mərhələdir. Siyasi dialoqun intensivləşməsi, iqtisadi əməkdaşlığın genişlənməsi, yeni investisiya layihələrinin təşviqi və regional sabitliyin möhkəmləndirilməsi perspektivləri ikitərəfli əlaqələrin daha da inkişaf edəcəyini göstərir.

Nailə Tağızadə

2026-02-12 / 18:12
Facebook