Zayed Mükafatı Prezident İlham Əliyevin humanist və sülhpərvər siyasətinə verilən beynəlxalq dəyərdir

 

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı tarixi Zəfər regionda onilliklər boyu davam edən münaqişəyə son qoyaraq, sülh dövrünün əsasını qoydu. Bu qələbə təkcə ərazi bütövlüyümüzün bərpası deyil, həm də beynəlxalq hüququn aliliyinin və ədalətin zəfəri kimi dünya tarixinə düşdü. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nüfuzlu Şeyx Zayed Fondunun Azərbaycanın bu nailiyyətini ali mükafatla təltif etməsi Prezident İlham Əliyevin sülh quruculuğu missiyasının qlobal miqyasda ən yüksək səviyyədə qəbul edildiyinin bariz göstəricisidir. Mükafat İlham Əliyevə Qafqazda onilliklər ərzində davam edən münaqişəyə və humanitar əzablara son qoyan - "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş"in paraflanmasına görə verilib. Bu tarixi hadisə Azərbaycan diplomatiyasının və Prezident İlham Əliyevin sülh quruculuğu missiyasının qlobal miqyasda ən yüksək səviyyədə təsdiqi hesab oluna bilər. 

Qeyd edək ki, Şeyx Zayed Fondu Birləşmiş Ərəb Əmirliyinin banisi Şeyx Zayed bin Sultan Əl Nəhyanın irsini yaşatmaq üçün təsis edilib. Fondun əsas missiyasının fəlsəfəsi dünyada humanizm, dözümlülük, ətraf mühitin qorunması və xalqlararası sülhün təşviqidir. "Zayed İnsan Qardaşlığı Mükafatı" dünyada sülh, həmrəylik və dinc yanaşı yaşama prinsiplərini təşviq edən şəxslərə və qurumlara verilən nüfuzlu beynəlxalq mükafatdır. Fond bir neçə sahə üzrə mükafatlar təqdim edir. Bu mükafatlar yalnız müstəsna xidmətləri olan şəxsiyyətlərə və qurumlara verilir. Prezident İlham Əliyevin "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülməsi isə Azərbaycanın həm regional, həm də qlobal miqyasda sülh quruculuğu prosesindəki aparıcı roluna beynəlxalq səviyyədə verilən yüksək qiymətdir.

4 fevral 2026-cı il tarixində Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində baş tutan təntənəli mərasimdə "Zayed İnsan Qardaşlığı Mükafatı" Prezident İlham Əliyevə təqdim olundu. Qeyd edək ki, bu tarix həm də beynəlxalq "İnsan Qardaşlığı Günü" kimi qeyd olunur və mükafatın həmin gündə dövlət başçımıza təqdim olunması olduqca qürurvericidir. Mərasimdə çıxış edən Prezident İlham Əliyev bildirdi ki, nümunəmiz hələ də müharibədə olanlar üçün öyrənilməli və yol xəritəsi kimi qəbul edilməlidir. “Bizim nümunəmiz göstərir ki, uzunmüddətli münaqişələrə, əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, sülh mümkündür”- deyə dövlət başçısı əlavə etdi. Son altı ayın münasibətlərimizin inkişafı üçün çox vacib olduğunu vurğulayan İlham Əliyev bildirdi ki: “Biz nəinki Azərbaycan vasitəsilə Ermənistana yük daşınmasına qoyulan məhdudiyyətləri aradan qaldırdıq, həm də Ermənistana neft məhsulları ixrac etməyə başladıq. Başqa sözlə, bu altı ay ərzində əməkdaşlığa başladıq. İndi ticarət əlaqələrimizi artırırıq”.

Beynəlxalq münasibətlər sistemində çox nadir hallarda rast gəlinər ki, hərbi yolla öz torpaqlarını azad edən tərəf dərhal sonra qarşı tərəfə genişmiqyaslı sülh təklif etsin. Azərbaycan savaşda qələbə qazanaraq, həm də regionu inkişaf və əməkdaşlıq məkanına çevirməyi hədəflədi. Prezident İlham Əliyev yalnız Azərbaycanın ərazi bütövlüyünü bərpa etmədi, həm də Cənubi Qafqazda onilliklər boyu həlli mümkün görünməyən davamlı sülhün formulasını kəşf etdi.  Bölgədə formalaşdırılmış sülh mühiti, regional kommunikasiyaların açılması, qarşılıqlı etimad mühitinin yaradılması istiqamətində mühüm işlərin görülməsi Azərbaycanın sülh gündəliyi sayəsində mümkün oldu. Rəsmi Bakının qətiyyətli siyasəti nəticəsində münaqişə edən tərəflər bu gün bütün problemlərini dialoq yolu ilə həll etməyin tərəfdarıdırlar.

Sülh prosesi çərçivəsində atdığı konstruktiv addımlarla kommunikasiya əlaqələrinə əlavə töhfələr verən Azərbaycanın keçən il Ermənistana tranzit məhdudiyyətlərini aradan qaldırması, eyni zamanda ölkəmizdən neft məhsullarının tədarükünə başlanılması, həmçinin iki ölkənin vətəndaş cəmiyyətlərinin İrəvan və Bakıya qarşılıqlı səfərləri kimi çoxsaylı nümunələr sülh istiqamətində atılan praktiki addımlardır. 

Bir məqam da xüsusi vurğulanmalıdır ki, Azərbaycan yalnız regional deyil, beynəlxalq miqyasda da daim sülh və əməkdaşlıq təşəbbüsləri ilə çıxış edir. Beynəlxalq sülhməramlı missiyalarda iştirakı, qlobal humanitar və inkişaf yardımları, enerji və nəqliyyat diplomatiyası Azərbaycanın müasir çağırışlara adekvat cavab verməsinin, ümumilikdə qlobal sülhə verdiyi töhfələrin təzahürüdür. 

Prezident İlham Əliyevin müharibəyə yaxınlaşan  ölkələr arasında vasitəçilik etməklə tarixi barışdırıcılıq missiyası həyata keçirməsi, yəni bütün fəaliyyəti ilə dünyada sülhə xidmət etməsi beynəlxalq aləm tərəfindən də dəyərləndirilir. Məhz bu və digər xoşməramlı xidmətlərinə görədir ki, dövlətimizin başçısına yüksək ehtiram göstərilir.  Bu baxımdan dövlətimizin başçısının "İnsan Qardaşlığı Mükafatı"na layiq görülməsi Azərbaycanın son illərdə yürütdüyü aktiv sülh diplomatiyasının və regionda yaratdığı yeni reallıqların beynəlxalq səviyyədə ali təsdiqidir. Bu təkcə bir təltif deyil, Azərbaycan dövlətinin sülh modelinin dünya tərəfindən qəbul edilməsidir. Bu hadisə Azərbaycanın müasir dövlətçilik tarixinin, sülhə əsaslanan strateji xəttinin və beynəlxalq sistemdə qazandığı etibarlı mövqenin simvoludur. Mükafat region üçün sabitlik, dünya üçün isə dialoq və qarşılıqlı hörmətə əsaslanan yeni siyasi modelin mümkünlüyünü nümayiş etdirən mühüm beynəlxalq mesajdır.

Nailə Tağızadə

2026-02-05 / 16:59
Facebook