Azərbaycan-Slovakiya əməkdaşlığında yeni səhifə …

 

Azərbaycan və Slovakiya arasında hələ sovet dövründə münasibətlər mövcud olub. Slovakiya Azərbaycanın müstəqilliyini 1992-ci ilin yanvarında tanıyıb və iki ölkə arasında diplomatik münasibətlər rəsmi olaraq 1993-cü il noyabrın 23-də qurulub. Slovakiyanın Azərbaycandakı səfirliyi 1 oktyabr 2019-cu ildən, Azərbaycanın Slovakiyada səfirliyi isə 28 iyul 2023-cü ildən fəaliyyət göstərir. Azərbaycanın Slovakiyadakı fəxri konsulluğu 2009-cu ilin aprelindən fəaliyyət göstərir. 

Təkcə ötən il Azərbaycan Aİ ölkələrinə 12,9 milyard kubmetr təbii qaz ixrac edib ki, bu da enerji təhlükəsizliyində Azərbaycanın rolunu gücləndirir. Bu ixrac yalnız iqtisadi göstərici deyil, həm də Avropanın enerji bazarlarında Azərbaycanın strateji tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Slovakiya Azərbaycanın Avropa İttifaqına daxil olan və ikitərəfli strateji tərəfdaşlığa dair əməkdaşlığı olan 9 ölkədən biridir. Slovakiya ilə əlaqələr Avropa İttifaqı kontekstində müstəqil və milli maraqlara əsaslanan siyasətin bariz  nümunəsidir.

Azərbaycan-Slovakiya münasibətlərinin yüksək səviyyəyə çatmasında, sözsüz ki, iki ölkə liderlərinin əvəzsiz rolu var. Ötən ilin may ayında Slovakiyanın Baş naziri Robert Fitsonun ölkəmizə rəsmi səfəri çərçivəsində Bakıda imzalanmış Strateji Tərəfdaşlığın Qurulması haqqında Birgə Bəyannamə münasibətləri yeni səviyyəyə qaldırdı. Bu sənəd iki ölkə arasında siyasi, iqtisadi, mədəni və ekoloji sahələrdə əməkdaşlığı daha da gücləndirməyi hədəfləyir. Slovakiyanın Baş naziri ilə birgə mətbuata bəyanatla çıxış edən Prezident İlham Əliyev Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifənin açıldığını və bu müştərək yolun çox uğurlu gediləcəyinə ümidvar olduğunu vurğuladı. Slovakiya Prezidenti Peter Pelleqrinin COP29 çərçivəsində Azərbaycana səfəri bu bəyannamənin praktiki şəkildə reallaşdığını sübut etdi. Səfər çərçivəsində noyabrın 11-də iki ölkə prezidentlərinin görüşündə Azərbaycan ilə Slovakiya arasında iqtisadi-ticari əlaqələrin inkişaf etdiyi bildirildi, birgə sənaye müəssisələrinin yaradılması məsələsi, IT sahəsində əməkdaşlıq, Qarabağda quruculuq layihələrində Slovakiya şirkətlərinin iştirakı diqqət mərkəzində oldu. Həmçinin Azərbaycan ilə Slovakiya arasında nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin intensivliyi vurğulandı. Ümumiyyətlə bu səfər iki ölkənin beynəlxalq gündəm və ekoloji məsələlərdə də əməkdaşlığını nümayiş etdirdi və Azərbaycan üçün Slovakiyanın regiondakı strateji əhəmiyyətini bir daha ortaya qoydu. Bu il noyabr ayının 8-də Zəfərimizin beşinci ildönümündə iştirak edən fəxri qonaqlar arasında Slovakiyanın Baş nazirinin müavini və müdafiə naziri də var idi. Prezident İlham Əliyevlə Slovakiyanın hökumət nümayəndələrinin görüşündə iki ölkə arasında hərbi və strateji əməkdaşlığın əhəmiyyəti vurğulanmışdı.

2025-ci il 8 dekabr tarixində Prezident İlham Əliyevin Slovakiyaya ilk rəsmi səfəri iki ölkə arasında strateji əməkdaşlığın gücləndirilməsində və siyasi, iqtisadi, mədəni sahələrdə ikitərəfli münasibətlərin daha da genişləndirilməsində yeni bir səhifə açdı. Səfər çərçivəsində Bratislavada Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə təkbətək və geniş tərkibdə görüşləri oldu. Görüşlərdən sonra hər iki dövlətin başçısı mətbuata bəyanatlarla çıxış etdilər. Slovakiya Prezidenti Peter Pelleqrini İlham Əliyevlə birgə mətbuata bəyanatları zamanı ilk olaraq bildirdi ki, “bu, Azərbaycan Prezidentinin Slovakiyaya tarixdə ilk rəsmi səfəridir. Bu, bizim qarşılıqlı marağımızı ən yüksək səviyyədə təsdiq edir. Biz strateji tərəfdaşlıq qurmaq və onu inkişaf etdirmək niyyətindəyik”. Slovakiya Prezidenti qeyd etdi ki, Azərbaycan Cənubi Qafqazın ən böyük iqtisadiyyatına malik ölkədir. O, Asiya və Avropa ilə kəsişmədə yerləşir və zəngin enerji resurslarına malikdir. “Çox şadam ki, bizim ticarət dövriyyəmiz artmaqdadır və ciddi artım var. Biz qeyd etdik ki, bu sahədə hələ də istifadə edilməmiş potensial var”, - deyə o əlavə etdi. Prezident İlham Əliyev öz növbəsində bildirdi ki, Slovakiya və Azərbaycan, sözün əsl mənasında, dost ölkələrdir və strateji tərəfdaşlardır. Slovakiya ilə Azərbaycan arasında imzalanan Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin əhəmiyyətinə toxunan dövlət başçısı bildirdi ki, bu sənəd iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldıran sənəddir. Həmin sənəd imzalandıqdan sonra bütün istiqamətlər üzrə əməkdaşlıq genişlənib.

Dövlət başçısı bəyan etdi ki, keçən il ilk dəfə olaraq Azərbaycan qazı Slovakiyaya təchiz edilmişdir və Slovakiyanın ehtiyacları olan səviyyədə, istənilən həcmdə Azərbaycan enerji resurslarını təmin edə bilər. Azərbaycan qazını almış ölkələrin sayının 14-ə çatdığını vurğulayan İlham Əliyev qeyd etdi ki, Azərbaycan boru kəmərləri ilə ixrac edilən qazın təchizatçı ölkəsi olaraq birinci yerdədir. Yeni qaz yataqlarının işlənməsi nəticəsində əlavə resurslar əldə ediləcək və təbii ki, həm Slovakiyaya, həm də onun qonşularına Azərbaycan qazının təchizatı daha da böyük həcmdə mümkün olacaqdır. Hazırda ümumi qaz ixracımızın 25 milyard kubmetr səviyyəsində olduğunu bildirən dövlət başçısı bunun yarısının Avropa ölkələrinə nəql edildiyini vurğuladı. Bu gün Avropa İttifaqına üzv 8 ölkə Azərbaycan qazını alaraq öz enerji təhlükəsizliyini təmin etmiş olur.

Azərbaycanın Orta Dəhliz layihəsində fəal iştirak etdiyini qeyd edən Prezident İlham Əliyev vurğuladı ki, Orta Asiyanı Avropa ilə birləşdirən ən etibarlı və ən təhlükəsiz marşrut Azərbaycan ərazisindən keçir. Gələcək illərdə bağlantılar və nəqliyyat sahəsinə əlavə vəsait qoyaraq Azərbaycanın öz imkanlarını genişləndirəcəyini deyən dövlət başçısı Slovakiya ilə əlaqələrin inkişafında bu sahənin də diqqətdən kənarda qoyulmayacağına ümidvar olduğunu bildirdi.

Dövlətimizin başçısı qeyd etdi ki, bu gün Azərbaycanda istifadə olunmayan enerji potensialı təxminən iki giqavata bərabərdir və növbəti beş il ərzində bu, səkkiz giqavata çatdırılacaq. “Təbii ki, süni intellekt və data mərkəzlərinin fəaliyyəti üçün enerji mənbəyi əsas amillərdən biridir”, - deyə Azərbaycan Prezidenti əlavə etdi. Dövlət başçısı bildirdi ki: “Beynəlxalq data mərkəzləri habı kimi biz öz rolumuzu görürük və Slovakiya şirkətləri ilə bu istiqamətdə çalışmaq fikrindəyik”. Sonda isə İlham Əliyev Slovakiyalı həmkarını Azərbaycana rəsmi səfərə dəvət etdi.

Prezident İlham Əliyevin Slovakiya Respublikasına rəsmi səfəri çərçivəsində dekabrın 9-da iki ölkə arasında bir sıra sənədlər:

-“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Slovakiya Respublikasının Xarici və Avropa İşləri Nazirliyi arasında konsulluq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”;

-“Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Slovakiya Respublikasının Dövlət Baytarlıq və Qida Administrasiyası arasında heyvan sağlamlığı və qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”;

-“Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında əməkdaşlıq haqqında Niyyət Protokolu”;

-“Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Slovakiya Respublikasının Mədəniyyət Nazirliyi arasında Anlaşma Memorandumu”;

-“Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Slovakiya Respublikasının Ticarət və Sənaye Palatası arasında Anlaşma Memorandumu” - imzalandı.

Səfər çərçivəsində Prezident İlham Əliyevin Slovakiya Milli Şurasının sədri Rixard Raşi ilə təkbətək və geniş tərkibdə görüşləri oldu. Dövlət başçısının Slovakiya Respublikasının Baş naziri Robert Fitso ilə də görüşü baş tutdu.

Azərbaycan-Slovakiya əməkdaşlığı həm iki ölkənin maraqlarına xidmət edir, həm də regionda iqtisadi və siyasi sabitlik üçün önəmli model formalaşdırır. Dövlət başçısının bu səfəri eyni zamanda, regionun sabitliyinə, investisiya imkanlarının inkişafına və qarşılıqlı faydalı layihələrin təşviqinə təkan verəcəkdir. Slovakiya ilə münasibətlərin dərinləşməsi Azərbaycanın Mərkəzi Avropada nüfuzunu artırır və gələcək illərdə qarşılıqlı əməkdaşlıq üçün geniş yol açır. Səfər çərçivəsində verilən bəyanatlar, imzalanan sənədlər bu əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyinə əminlik ifadə edir.

                                                                                                          Nailə Tağızadə

2025-12-10 / 17:53
Facebook