Azərbaycanın Mərkəzi Asiya Platformasına Tamhüquqlu Qoşulması: Strateji Əhəmiyyətli Addım

 

Özbəkistan-Azərbaycan münasibətləri dərin köklərə malikdir. Azərbaycan və özbək xalqları türkdilli xalqlar olmaqla etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə çox yaxındırlar. Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında diplomatik əlaqələr 1995-ci il oktyabr ayının 2-də qurulub. 1996-cı ilin ortalarında Azərbaycanın Özbəkistan Respublikasında, 1998-ci ilin may ayında Özbəkistanın Azərbaycan Respublikasında səfirlikləri fəaliyyətə başlayıb.

Özbəkistan Azərbaycanın ərazi bütövlüyü və suverenliyini müdafiə edənlər sırasında öndə durub və indiyədək Ermənistanla diplomatik münasibətlər qurmayıb. İki ölkə arasında konsulluq xidməti respublikaların Moskvadakı səfirlikləri vasitəsi ilə reallaşır. Torpaqlarımız işğaldan azad edildikdən sonra isə Özbəkistanın dəstəyilə Füzuli rayonunda 600 yerlik məktəb tikilib. Bu, Türk Dövlətləti Təşkilatı yə və İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr üçün örnək hadisələrdəndir. 2023-cü ildə Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri, 2024-cü ildə isə Özbəkistan Elm və Mədəniyyət Günləri keçirilib. Həmin il Özbəkistanda Azərbaycan Mədəniyyəti Günləri, Özbəkistanın Xivə şəhərində isə "Şuşa günləri" təşkil olunub.

İki ölkə arasında iqtisadi-ticarət əlaqələri də inkişaf edir. 2022-ci illə müqayisədə, 2023-cü ildə Özbəkistanla ticarət dövriyyəsi 2,47 %, o cümlədən idxal 3,80 %z azalıb, ixrac isə 1,44 % artıb. İki ölkə arasında 2024-cü ildə əmtəə dövriyyəsi 252 milyon dollar təşkil edib. Cari ilin yanvar-sentyabr aylarında bu göstərici keçən ilin eyni dövrü ilə müqayisədə 87,5 faiz artaraq 319 milyon dollara çatıb. Özbəkistan Respublikası ilə Azərbaycan Respublikası arasında ikitərəfli əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın fəaliyyəti bu istiqamətdə əməkdaşlığın inkişafına töhfə verir. İndiyədək komissiyanın səkkiz iclası keçirilib.

Azərbaycan və Özbəkistanın Orta Dəhliz Beynəlxalq Nəqliyyat Marşrutunda iştirakı xüsusi əhəmiyyətə malikdir. İki ölkə arasında energetika sektorunda əməkdaşlıq və "yaşıl enerji"nin inkişafı da prioritet istiqamət olaraq qalır. Azərbaycanla Orta Asiya arasında Yaşıl Enerji Dəhlizi Özbəkistan üçün müstəsna əhəmiyyət kəsb edir. Bakı ilə Daşkənd arasında bərpa olunan enerji mənbələrinin inkişafı sahəsində əməkdaşlıq perspektivlidir. Özbəkistan yaşıl enerjisini (məsələn, günəş və külək elektrik stansiyaları tərəfindən istehsal olunan) mühüm tranzit mərkəzi olan Azərbaycan vasitəsilə Avropaya ixrac edə biləcək. Hər iki ölkə günəş, külək və su elektrik stansiyalarına fəal şəkildə investisiya yatırır.

Azərbaycan-Özbəkistan münasibətləri son dövrlər ərzində tarixin ən parlaq dövrünü yaşayır. Ortaq tarixi dəyərlərə, mədəniyyətə malik olan özbək və Azərbaycan xalqları istər ikitərəfli, istərsə də beynəlxalq müstəvidə daim dəstək nümayiş etdirir. Prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyevin sıx münasibətləri, qarşılıqlı səfərlərinin intensivliyi iki ölkə arasında əlaqələrə mühüm töhfə verir, əməkdaşlığın daha da güclənməsinə xidmət edir. Bu il Azərbaycan və Özbəkistan arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olur. Bu baxımdan, 15 noyabr 2025-ci il tarixində Prezident İlham Əliyevin Özbəkistan Respublikasına rəsmi səfəri mühüm əhəmiyyətə malikdir.  Eyni zamanda bu səfərin Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü ilə bağlı olması isə Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında əlaqələrin dinamik inkişafını təcəssüm etdirir. 16 noyabr Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşünün “Mərkəzi Asiya+Azərbaycan” formatında iclasında Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın tamhüquqlu iştirakçı qismində Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına qoşulduğunu elan etdi. Şavkat Mirziyoyev bu münasibətlə Prezident İlham Əliyevi təbrik etdi və bu addımın Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında güclü bir körpü quracağını və vahid əməkdaşlıq məkanının formalaşmasına yol açacağını bildirdi. “Bu, sözsüz ki, hər iki regionun strateji qarşılıqlı əlaqəsini və dayanıqlılığını gücləndirəcək” – deyə Özbəkistan Prezidenti vurğuladı. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycanın bu yeni formatda regional əməkdaşlığın möhkəmləndirilməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə etdi. Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinə qoşulması münasibətilə Prezident İlham Əliyevi təbrik etdi.

Prezident İlham Əliyev çıxışı zamanı bildirdi ki, "Azərbaycan Cənubi Qafqazda yerləşsə də, bu gün Azərbaycan və Orta Asiya vahid geosiyasi və geoiqtisadi bölgədir". Dövlət başçısı qeyd etdi ki, Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlər xüsusi xarakter daşıyır. Bizi çoxəsrlik ortaq tarix, mənəvi və mədəni irs, qardaşlıq, dostluq, həmrəylik birləşdirir. Biz bu əlaqələri nəinki qoruyub saxlamışıq, həm də onlara strateji tərəfdaşlıq xarakterinə malik olan yeni dinamika bəxş etmişik.

Bu gün Azərbaycan və Mərkəzi Asiya Şərqlə Qərb, Şimalla Cənub arasında birləşdirici bənd və körpüdür. Orta Dəhlizin inkişafı ölkələrimiz üçün strateji əhəmiyyət kəsb edir. Nəqliyyat və logistika infrastrukturunun müasirləşdirilməsi, gömrük prosedurlarının sinxronlaşdırılması və rəqəmsallaşdırılması üzrə birgə səylər yükdaşımaların həcminin artırılması, iqtisadi dayanıqlılığın gücləndirilməsi və beynəlxalq bazarlarda əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar açır. Son üç ildə Orta Dəhliz üzrə Azərbaycandan keçən yükdaşımalar 90 faiz artıb. Dəhliz boyu gediş vaxtları xeyli azaldılıb. Son illər buraxılış qabiliyyəti ildə 25 milyon tona çatacaq Ələt Beynəlxalq Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, doqquz beynəlxalq hava limanı, regionun ən böyük yük aviaşirkəti və digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat qovşağına çevirmişdir.

Çıxışında Zəngəzur dəhlizinin əhəmiyyətinə də toxunan dövlət başçısı bildirdi ki, Azərbaycanda Zəngəzur dəhlizinin tikintisi başa çatmaq üzrədir. İlkin mərhələdə 15 milyon ton yükdaşıma qabiliyyətinə malik bu dəmir yolu Orta Dəhlizin əsas arteriyasına çevriləcək. Həmçinin Zəngəzur dəhlizinin bir hissəsi olacaq avtomagistralın tikintisi də başa çatmaq üzrədir.

Rəqəmsal rabitə sahəsində əməkdaşlığın böyük potensiala malik olduğunu vurğulayan Prezident ilham Əliyev bildirdi ki, “Rəqəmsal İpək Yolu” layihəsinə Xəzər dənizinin dibi ilə fiber-optik kabel şəbəkəsinin çəkilməsi planları daxildir. Xəzər dənizinin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsi qlobal bazarlara elektrik enerjisinin birgə ixracı üçün böyük perspektivlər açır.

İlham Əliyev Azərbaycanın Mərkəzi Asiya ölkələrinin əməkdaşlıq formatına qoşulması ilə bağlı qərarın münasibətlərimizin dostluq və qardaşlıq xarakterini bir daha təsdiqlədiyinə, həmçinin geniş coğrafi məkanda əməkdaşlığın və qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə xidmət edəcəyinə əminliyini ifadə etdi. 

Mərkəzi Asiya regionu daim beş ölkənin – Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistanın – adı ilə birlikdə çəkilirdi. Bundan sonra isə regional inteqrasiya tamamilə yeni mərhələyə qədəm qoyur. Azərbaycan artıq faktiki olaraq Mərkəzi Asiyanın tərkib hissəsi kimi qəbul olunur və bu istiqamətdə keçirilən bütün təmaslarda tamhüquqlu iştirakçı statusu qazanır. Mərkəzi Asiya ölkələri ilə münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə qalxır. Bu, son illər sürətlə inkişaf edən strateji əməkdaşlığın məntiqi davamı, eyni zamanda Azərbaycanın Şərqlə Qərbi birləşdirən əsas sütun olması ilə əlaqədardır. Azərbaycan yalnız regional deyil, qlobal əməkdaşlığın da mühüm faktorudur. Bununla Azərbaycan paralel şəkildə iki böyük regional məkanda aparıcı aktor rolunu oynayacaq. Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin vahid formatda fəaliyyətə başlaması türk dünyasının inteqrasiyasına da mühüm töhfə verəcək. Azərbaycan türk dünyasının siyasi, iqtisadi və mədəni birliyini gücləndirən mühüm strateji rolu təmsil edir. Ölkəmizin bu formata qoşulması tək Mərkəzi Asiya dövlətləri ilə deyil, bütövlükdə türk dövlətləri ilə əlaqələrin gücləndirilməsi və möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət kəsb edəcək.

                                                                                                      Nailə Tağızadə

2025-11-17 / 17:55
Facebook