Azərbaycan-Qazaxıstan münasibətləri strateji tərəfdaşlıq səviyyəsində …

 

Qazaxıstan-Azərbaycan münasibətləri dərin köklərə malikdir. Azərbaycan və qazax xalqları türkdilli xalqlar olmaqla etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə çox yaxındırlar. Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr 1992-ci il avqustun 30-da yaradılıb. 1993-cü ilin yanvarında Qazaxıstanın Azərbaycanda, 2004-cü ilin martında isə Azərbaycanın bu ölkədə səfirlikləri fəaliyyətə başlayıb. 2008-ci ilin sentyabrından isə Azərbaycanın Qazaxıstanın Aktau şəhərində konsulluğu fəaliyyət göstərir. Azərbaycan-Qazaxıstan münasibətləri son dövrlər ərzində tarixin ən parlaq dövrünü yaşayır. Ortaq tarixi dəyərlərə, mədəniyyətə malik olan Qazax və Azərbaycan xalqları istər ikitərəfli, istərsə də beynəlxalq müstəvidə daim dəstək nümayiş etdirir. Prezidentlər İlham Əliyev və Kasım-Jomart Tokayevin sıx münasibətləri, qarşılıqlı səfərlərinin intensivliyi iki ölkə arasında əlaqələrə mühüm töhfə verir, əməkdaşlığın daha da güclənməsinə xidmət edir. Bu il Azərbaycan və Qazaxıstan arasında imzalanmış strateji tərəfdaşlıq və müttəfiqlik haqqında Müqavilənin 20 ili tamam olur. Həmin müddətdə iki ölkə arasında təqribən 170 hüquqi sənəd imzalanıb, siyasi, iqtisadi, investisiya və mədəni sahələrdə möhkəm hüquqi baza formalaşıb. Qazaxıstan Prezidentinin 2022-ci ilin avqustunda ölkəmizə səfəri zamanı iki ölkə arasında strateji münasibətlərin və müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi haqqında Bəyannamə imzalanıb. Bu baxımdan, 20 oktyabr 2025-ci il tarixində Prezident İlham Əliyevin Qazaxıstan Respublikasına rəsmi səfəri mühüm əhəmiyyətə malikdir.  

Azərbaycan–Qazaxıstan ticarət dövriyyəsində son illərdə müşahidə olunan artım ikitərəfli iqtisadi əməkdaşlığın uğurlu nəticəsidir. Azərbaycan və Qazaxıstan arasında dostluq əlaqələri Orta Dəhliz layihəsinin inkişafını da sürətləndirir. 2024-cü ildə əmtəə dövriyyəsi 470 milyon dollar, 2025-ci ilin ilk səkkiz ayında isə bu rəqəm 547 milyon dollara yüksəlib. Qazaxıstan səfəri çərçivəsində mətbuata bəyanatla çıxış edən Prezident İlham Əliyev bu artımı Orta Dəhliz vasitəsilə nəqliyyat-logistika sisteminin səmərəliliyinin artırılması və infrastrukturun modernləşdirilməsi ilə əlaqələndirdi. Dövlət başçısı həmçinin vurğuladı ki, Zəngəzur dəhlizi layihəsi də böyük potensiala malikdir. İlham Əliyev Azərbaycan ərazisində dəhliz üzrə bütün işlərin gələn ilin ortalarında başa çatdırılacağını bəyan etdi. Prezident bildirdi ki, digər ölkələrin ərazisində də işlər analoji sürətlə həyata keçirilərsə 2028-ci ilin sonuna qədər Zəngəzur dəhlizinin açılışı baş tuta bilər. Bununla da Orta Dəhlizin ən yüksək müasir standartlarla 15 milyon ton yük dövriyyəsinə malik daha bir marşrutu açılacaq.

Səfər çərçivəsində Prezident İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə “Orta Dəhlizin inkişafı” (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) birgə layihəsinin təqdimatı baş tutdu. Çin və Orta Asiya ölkələrini Avropa dövlətləri ilə birləşdirməkdə əsas nəqliyyat-logistika marşrutu olan Orta Dəhliz regional və qitələrarası ticarətin möhkəmlənməsində strateji rol oynayır. Qeyd edək ki, 2030-cu ilədək Çindən Azərbaycana daşımaların hazırkı dövrlə müqayisədə 3 dəfə artması proqnozlaşdırılır. Bu isə öz növbəsində layihənin əhəmiyyətini daha da artırır.

Prezident İlham Əliyevin səfəri çərçivəsində Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şurasının ikinci iclası  keçirildi. Qeyd edək ki, Ali Dövlətlərarası Şuranın birinci iclası 2024-cü ildə Qazaxıstan Prezidentinin Azərbaycana səfəri zamanı keçirilmişdir. Şuranın ikinci iclasında çıxış edən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Şuranın əhəmiyyətinə toxunaraq Şuranı ikitərəfli əməkdaşlığın bütün istiqamətləri üzrə razılaşdırılmış qərarların işlənib hazırlanması üçün səmərəli platforma kimi qiymətləndirib. Qazaxıstan dövlətinin başçısı vurğulayıb: "Bizi ortaq tarixi köklər, zəngin mənəvi-mədəni irs, nəhayət uyğun mentalitet, hadisələrə, vəziyyətin inkişafına baxış birləşdirir. Bu sarsılmaz təməl üzərində çoxşaxəli əməkdaşlığımızı uğurla inkişaf etdiririk".

Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycan–Qazaxıstan münasibətlərində xüsusi  rola malikdir. TDT-nin Naxçıvanda yaradılması türk xalqlarının birliyi, həmrəyliyi və siyasi əməkdaşlığının möhkəmlənməsi baxımından tarixi hadisə idi. Ötən il Şuşada ilk qeyri-rəsmi Zirvə Görüşü, bu yaxınlarda isə Qəbələdə TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünün keçirilməsi Türk dünyasının inteqrasiyasına, iqtisadi və humanitar əlaqələrin genişlənməsinə güclü təkan verib. İmzalanan sənədlər türk dövlətlərinin birliyinin dərinləşməsinə və qlobal arenada güclü siyasi mərkəzə çevrilməsinə xidmət edir.

Azərbaycan–Qazaxıstan münasibətləri türk dünyasının siyasi, iqtisadi və mədəni birliyini gücləndirən mühüm strateji xətti təmsil edir. Avropa və Asiyanı əhatə edən Türk dövlətləri böyük iqtisadi və siyasi potensiala sahibdirlər. Mövcud və gələcəkdə yaşana biləcək çətinliklərin dəf edilməsi üçün türk dövlətlətinin həmrəyliyi gücləndirilməlidir. Bu konspektdə Azərbaycan-Qazaxıstan əlaqələrinin genişlənməsi  həm region, həm də bütövlükdə Türk dövlətlərinin əlaqələrinin gücləndirilməsi və möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

                                                                                                          Nailə Tağızadə

2025-10-23 / 11:16
Facebook