
Oktyabrın 12-də Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ lideri Donald Tramp və Misir dövlət başçısı Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirə işgüzar səfəri heç də təsadüfi deyildir. İlham Əliyevin Yaxın Şərq Sülh Sammitinə dəvəti həm qalib liderə hörmət, həm də Azərbaycanın sülh təcrübəsinə beynəlxalq etimadın göstəricisi kimi qiymətləndirilir. Azərbaycanın bu sammitdə iştirakı onun balanslı və praqmatik xarici siyasətinin qəbulu deməkdir. Bu gün Azərbaycan dünyanın müxtəlif bölgələrində regional sülh və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayan aktor kimi çıxış edir.
Qəzza münaqişəsinə dair son illərin ən geniş tərkibli diplomatik toplantısı hesab edilən bu sammit ABŞ-ın dəstəyi ilə keçirildi. Sammitin əsas mövzusu Qəzzadakı humanitar böhran və regionda sülhün bərpası istiqamətində beynəlxalq səylərin koordinasiyasıdır. 13 oktyabrda baş tutan Sammitdə yalnız Yaxın Şərqin deyil, dünyanın gələcək taleyinin həll olunacağı proqnozlaşdırılırdı. Tədbirdə müxtəlif bölgələrdən yüksək səviyyəli dövlət başçıları iştirak etdi. Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Kir Starmer, İtaliya Nazirlər Şurasının Sədri Corcia Meloni, İspaniyanın Baş naziri Pedro Sançes, həmçinin Yaponiya, Hindistan, Kanada, Yunanıstan, Bəhreyn, Əl-Küveytin, Qətər və İordaniyanın xarici işlər nazirləri, eləcə də BMT və Avropa İttifaqının təmsilçiləri Sammitin iştirakçıları sırasında idi. Sammit uzunsürən və minlərlə insan tələfatının, humanitar böhranın qarşısının alınması baxımından sülhün bərqərar olması üçün imkandır. Ağ Evin tədbirlə bağlı bəyanatında deyilirdi: “Bu Sammit dönüş nöqtəsi olaraq, regional sabitlik epoxasının əsasını yaradacaq”. Misir isə Sammit vasitəsilə ərəb dünyası ilə beynəlxalq birlik arasında əlaqələndirici olduğunu nümayiş etdirmək imkanını qazandı.
Xüsusi vurğulanmalıdır ki, Azərbaycan bu tədbirdə daim sülhü təbliğ edən və sülhü reallaşdırmağı bacaran bir dövlət olaraq təmsil olunurdu. İlham Əliyev bu tədbirə öz ərazi bütövlüyünü heç bir beynəlxalq təşkilatın köməyi olmadan, təkbaşına və beynəlxalq hüquqa əsaslanaraq bərpa edən qalib ölkənin lideri, dünyada sülhün real nümunəsini təqdim edən dövlət başçısı kimi qatıldı. Regionda dayanıqlı sülhün təməli məhz Bakı tərəfindən atıldı. Müharibədən sonra da Ermənistanı davamlı olaraq sülhə təşviq edən, sabitlik və əməkdaşlıq təklif edən Azərbaycan oldu. Avqustun 8-də Vaşinqtonda imzalanan Birgə Bəyannamə də məhz Azərbaycanın iradəsi nəticəsində, sülh çağırışlarışlarımızın yükunu olaraq imzalandı. Bu sənəd Cənubi Qafqazda sülh prosesinə beynəlxalq zəmanət kimi dəyərləndirilir və Azərbaycanın regionda etibarlı tərəfdaş imicini möhkəmləndirib. Yaxın Şərq Sülh Sammitində bəyanatla çıxış edərkən ABŞ Prezidenti Donald Tramp bu hadisəyə toxunaraq Azərbaycanla Ermənistan arasında münaqişənin həllindən danışdı. O, Ağ Evdə Azərbaycan və Ermənistan liderləri ilə avqustun 8-də keçirilmiş görüşü xatırlatdı. “Burada Ermənistan və Azərbaycan var. Biz bu müharibəni bitirdik. Mənim onlarla görüşüm Oval ofisdə baş tutdu. Onlar 31 il vuruşdular. Oval Ofisdə bir-birinə əks tərəfdə oturmuşdular. Bir saatı bitirdiyimiz zaman hər ikisi bir-birini qucaqlayırdı. İndi də onlar dostdurlar və çox gözəl anlaşırlar. Ona görə də hər ikinizə təşəkkür etmək istəyirəm. Bu, həqiqətən inanılmazdır”, - deyə Tramp əlavə etdi.
Azərbaycanın bu forumda təmsil olunması ölkəmizin qlobal diplomatiyada artan nüfuzunun bariz sübutudur. Bu hadisə eyni zamanda Azərbaycanın təkcə regional deyil, beynəlxalq problemlərin həllində də konstruktiv mövqeyə malik olmasının qəbul edilməsi deməkdir. Bakı həm İsrail, həm də Fələstinlə diplomatik münasibətlərə malikdir, hər iki tərəflə əməkdaşlıq edir və Yaxın Şərqdə sülh və humanitar sabitlik naminə real vasitəçi rolunu oynayır. Bu baxımdan, Prezident İlham Əliyevin Prezident D.Tramp tərəfindən Yaxın Şərq Sülh Sammitinə dəvət alması təsadüfi xarakter daşımır. Azərbaycan Suriyaya yardım məqsədilə onun enerji təminatına dəstək verərək, bu ölkəyə təbii qaz ixrac etməsi faktı dövlətimizin humanist mövqeyini, həmçinin dövlət başçımızın sülhə doğru addım atan siyasi liderlik qabiliyyətində olduğunu da nümayiş etdirdi. Bütün bunlar Azərbaycan Prezidentinin dünya liderləri arasında sülhsevər dövlət başçısı kimi nüfuzunu möhkəmləndirir. Bütün tərəflərlə yaxşı əlaqədə olan Azərbaycan Yaxın Şərqdə uzunmüddətli sülhün, sabitliyin, təhlükəsizliyin və əməkdaşlıq formatlarının yaradılmasına öz töhfəsini verməyə qadir ölkədir.Qərb və Şərq, Şimal və Cənub arasında körpü rolunu oynayan Azərbaycan bu platformada sülh, dialoq və qarşılıqlı etimad çağırışlarını səsləndirərək, beynəlxalq sistemdə etimadlı vasitəçi obrazını daha da gücləndirir. Bu, həm də İlham Əliyevin Cənubi Qafqazın lideri kimi beynəlxalq arenada qəbul edildiyini təsdiqləyir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və müstəqil xarici siyasət Azərbaycanı beynəlxalq sabitlik, əməkdaşlıq və təhlükəsizlik gündəliyinin aktiv iştirakçısına çevirib. Azərbaycan qlobal və regional məsələlərin həllinə təsir göstərən, yeni siyasi və iqtisadi balansın formalaşmasında payı olan dövlətdir.
Nailə Tağızadə