Rusiyanın Azərbaycana qarşı qərəzli münasibəti …

 

Rusiyanın Yekaterinburq şəhərində həmyerlilərimizə qarşı həyata keçirilmiş amansız qətliam ölkəmizdə, bütövlükdə isə regionda ciddi rezonans doğurub. Bu hadisə Kremlin nəzarəti ilə həyata keçirilən milli və dini ayrı-seçkiliyin bariz nümunəsidir. Hadisə şahidlərinin, orada yaşayanların dedikləri, sosial mediada yayılan görüntülər və Rusiya dövlətinin XİN sözçüsü səviyyəsində verdiyi reaksiya bütün bu proseslərin planlı şəkildə həyata keçirildiyini sübut edir. Azərbaycan Xarici İşlər Nazirliyi dərhal hadisəyə reaksiya verərək məsələnin ciddi araşdırılmasını tələb edib. İyunun 28-də Rusiyanın Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Volokovıx Xarici İşlər Nazirliyinə çağırılaraq ona həmvətənlərimizin yaşadığı mənzillərdə Rusiyanın təhlükəsizlik qüvvələri tərəfindən iki azərbaycanlının qəddarlıqla qətlə yetirildiyi, bir neçə nəfərin ağır bədən xəsarətləri aldığı, doqquz nəfərin həbs edildiyi reydlərlə bağlı kəskin etiraz bildirilib. Rəsmi Bakının Kremlə təqdim olunan notası olsa da, qarşı tərəf hələ də bunu qulaqardına vurur. Bu isə bizə tanış ssenaridir. Eyni təyyarə qəzasında olduğu kimi…

Keçmiş SSRİ-ni bərpa etməkdən dəm vuran, ancaq buna gücü çatmadığını görən Rusiya qisasını qonşu dövlətlərdən almaqla özünün “yenilməz dövlət” statusunu bərpa etməyə çalışır. AZAL-a məxsus təyyarənin Qroznı üzərində vurulmasına görə Rusiya tərəfinin hələ də üzr istəməməsi bu ehtimalı təsdiqləyir. Burada söhbət yalnız Rusiyanın maddi kompensasiyasından getmir, Rusiyanın üzr istəməsini aşağılanmaq kimi qəbul etmələrindən gedir. Azərbaycanın bu məsələdə israrla öz haqlı mövqeyini qoruması, açıq şəkildə Rusiyaya qarşı kompaniyaya başlaması, üzr istəməyə təhrik etməsi  Rusiya tərəfindən daha şovinist addımların atılmasına gətirdi. Həştərxana dəvət olunan Milli Məclisin deputatı Azər Badamovun Rusiya ərazisinə buraxılmaması, Azərbaycanın böyük media holdinqi “Global Media Group”a daxil olan informasiya resurslarına haker hücumunun məhz Rusiyaya bağlı qrup tərəfindən təşkil edilməsi buna sübutdur. Və bütün bunların fonunda indi də Rusiyada azərbaycanlılara qarşı güc strukturlarının cinayət tərkibli əməlləri başlayıb. Bu vandalizmin məsuliyyəti isə hansısa şəhər, yaxud regionun deyil birbaşa Rusiya dövlətinin üzərinə düşür.

Xüsusi vurğulanmalıdır ki, Ukrayna ilə müharibədə insan resursunun çatışmazlığı səbəbindən miqrantlara qarşı təzyiqlər Rusiyada yeni hal alıb. Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin son açıqlamaları bu siyasətin sistemli xarakterini açıq şəkildə göstərdi. O, miqrantların müharibəyə cəlb edildiyini, bu işdə hüquq-mühafizə orqanlarının bilavasitə iştirak etdiyini etiraf etdi.  O, mayın 20-də Peterburqda beynəlxalq hüquq forumunda çıxış edərkən bildirdi ki, hüquq-mühafizə orqanları Ukrayna ilə müharibəyə Rusiya pasportu almış 20 min miqrantı tutub aparıblar. Bu, təkcə müharibəyə məcburi aparılanların statistikasıdır. Bundan əlavə aldadılıb, şantaj edilib və digər məcburi üsullarla müharibəyə aparılan onminlərlə miqrant mövcuddur ki, haqlarında heç bir məlumat yoxdur. Yekaterinburqda baş verən hadisələrin də bu kontekstdə cərəyan etməsi artıq şübhə doğurmur. Belə anlaşılır ki, Rusiya pasportu alan qeyri-rus millətin nümayəndələri ya cəbhənin ön xəttinə gedib ölümlə üzləşməli, ya da törətmədiyi cinayətdə təqsirli bilinib, ömrünün çox hissəsini zindanda keçirməlidir.

Bu hadisə, Rusiyada bir ailəyə münasibət deyil, həm də strateji tərəfdaşı sayılan dövlətə sayğısızlıq, 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”nin ruhuna ziddir. Rusiya bir daha nümayiş etdirdi ki, o etibarsız tərəfdaşdır, imzaladığı müqavilə və başqa sənədlərə hörmət etmir. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi, Moskvanın Bakıya təsir imkanlarının minimuma endirilməsi və lazımi situasiyalarda Rusiyanı yerində oturtması, cavabını verməsi Rusiya rəsmilərini qane etmir. Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulin etiraf edib ki, Azərbaycan özünün ərazi bütövlüyünü bərpa etdikdən sonra Moskvanın “mövqeyini, reaksiyasını nəzərə almır”. Bununla da Zatulin, əslində, Kremlin Bakıya qarşı məkrli planının mahiyyətini açıb ortaya qoymuş oldu. O bildirib ki, Azərbaycan heç vaxt Rusiyanın strateji tərəfdaşı olmayıb.

Yekaterinburqdakı faciəvi hadisədən sonra dövlət tərəfindən sistemli və qətiyyətli mövqe ortaya qoyuldu. Mədəniyyət Nazirliyi Rusiyanın Yekaterinburq vilayətində etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən nümayişkarcasına törədilmiş məqsədli və mühakiməsiz qətl və zorakılıq əməllərini və bütövlükdə son dövrlərdə bu kimi halların sistematik xarakter aldığını nəzərə alaraq, Rusiya ilə dövlət və özəl müəssisələrin xətti ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri, o cümlədən konsertlər, festivallar, tamaşalar, sərgilər və s. ləğv edildiyi barədə məlumat yaydı. 30 iyunda Daxili İşlər Nazirliyi "Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirdi. Qeyd edək ki, bu il fevralın 12-də “Rossiya seqodnya” beynəlxalq informasiya agentliyi” Federal Dövlət Unitar müəssisənin Bakı filialının rəhbəri XİN-ə çağırılaraq ölkəmizdə filial və nümayəndəlik kimi fəaliyyət göstərməsi üçün hüquqi əsasının olmadığı diqqətə çatdırılmış və filialın fəaliyyətinin 3 gün ərzində dayandırılması haqqında bildiriş təqdim edilmişdi. Buna baxmayaraq, bu aylar ərzində filial qanunsuz şəkildə fəaliyyətini davam etdirib. Azərbaycanın hüquq-mühafizə orqanlarının ofisdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində "Sputnik Azərbaycan" redaksiyasının rəhbəri İqor Kartavıx və baş redaktor Yevgeni Belousov saxlanılıb. Onların Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin ( FTX) əməkdaşları olduğu vurğulanıb. Bu ölkəmizin qanunvericiliyinə və beynəlxalq öhdəliklərinə tam uyğundur. Qeyd edək ki, Rusiya həmyerlilərimizə qarşı törətdiyi vəhşilikləri görməzdən gəlməsi, Azərbaycan xalqından üzr istəməməsi bəs deyilmiş kimi qanuni şəkildə Azərbaycan hüquq-mühafizə orqanlarının "Sputnik Azərbaycan" ofisində həyata keçirdiyi əməliyyatı “qeyri-dost” bir hərəkət olaraq qiymətləndirib və həbs olunan jurnalistlərin azad olunmasını tələb edib.

İyulun 1-də ölkəmizin Rusiyadakı səfiri Rəhman Mustafayevin Rusiya Xarici İşlər Nazirliyində görüşündə, ilk növbədə, Yekaterinburqda qanunun ciddi şəkildə pozularaq aralarında həm Azərbaycan, həm də Rusiya vətəndaşları olan soydaşlarımızın qətli və xüsusi qəddarlıqla döyülərək xəsarət almaları ilə bağlı Azərbaycanın etiraz notası qarşı tərəfə təqdim olundu. Azərbaycanın təqdim etdiyi notada Rusiya tərəfinin "Sputnik Azərbaycan" ofisində həyata keçirilən əməliyyatla bağlı narazılığının heç bir əsası olmadığı diqqətə çatdırılıb və Rusiya tərəfi Azərbaycanın daxili işlərinə qarışmamağa çağırılıb. Rusiya hüquq-mühafizə orqanlarından fərqli olaraq, Azərbaycan tərəfinin tədbirlərinin və onların həyata keçirilmə tərzinin tam qanuni olduğu bildirilib.

Rusiya isə öz şovinist siyasətindən əl çəkməyərək qanunsuz əməllərini davam etdirməkdədir. İyulun 1-də Rusiyanın Ural vilayətindəki Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskı və oğlu Mutvali Şıxlınski saxlanıldı. Voronejdə azərbaycanlı sahibkar Yusif Xəlilov həbs edilib. Qeyd edək ki, Y.Xəlilov regionun ən böyük Alekseyevski bazarının həmsahibidir.

Rusiya nəzərə almalıdır ki, bu gün Azərbaycan dövləti və xalqı heç bir təhdid və şantaj qarşısında sarsılmayacaq qədər möhkəmdir. Azərbaycan hədə-qorxu dili ilə danışılacaq ölkə deyil və hər bir dövlət bunu nəzərə almalıdır. Rəsmi Bakı bütün məsələlər üzrə öz mövqeyini kifayət qədər açıq şəkildə bildirir və axıradək eyni mövqedə qalır, sözünün üstündə durur. Bu gün başlatdığı haqsız müharibə ilə təklənən, sanksiyalara məruz qalan və uçuruma doğru yuvarlanan Rusiya hökuməti Azərbaycanla münasibətləri korlamaqdansa öz səhvlərindən dərs çıxarmalı və münasibətləri normallaşdırmağa cəhd etməlidir. Azərbaycanla əməkdaşlıq, qarşılıqlı anlaşma hər bir dövlətə, bütövlükdə regiona rifah və uğur qazandırır. Yekaterinburqda baş verən hadisələr insanlığa qarşı cinayət kimi qiymətləndirilməli, bu cinayətlərə göstəriş verənlər beynəlxalq hüquq qarşısında məsuliyyətə cəlb olunmalıdır. Rusiya bu qətliama görə üzr istəməli və günahkarları cəzalandırmalıdır.

                                                                                                            Nailə Tağızadə

2025-07-02 / 17:59
Facebook