Azərbaycanın enerji diplomatiyasının uğuru; Bakı Enerji Həftəsi …

 

2025-ci il 2-4 iyun tarixlərində Xəzər regionunun neft-qaz və enerji sektorunun ən nüfuzlu tədbiri - Bakı Enerji Həftəsi baş tutdu. Enerji həftəsi 30-cu yubiley Xəzər Neft və Qaz sərgisi (“Caspian Oil and Gas”), 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi (“Caspian Power”) və 30-cu Bakı Enerji Forumunu (“Baku Energy Forum”) bir araya gətirdi. Tədbirin formatı müasir enerjinin əsas tendensiyasını – ənənəvi mənbələr və “yaşıl” keçid arasında sıx əlaqəni əks etdirir. Builki sərgi və forumda  39 ölkədən 267 şirkət iştirak etdi. İştirakçıların coğrafiyası Avropa və Yaxın Şərqdən tutmuş Asiya və Afrikaya qədər bütün enerji mənzərəsini əhatə edir. Onların arasında Almaniya, Böyük Britaniya, İtaliya, Yaponiya, ABŞ, Fransa, Səudiyyə Ərəbistanı, Türkiyə, Qazaxıstan, Özbəkistan, BƏƏ və bir çox başqaları var.

“Bakı Enerji Həftəsi” Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə bünövrəsi qoyulmuş Xəzər Neft və Qaz sərgisinin məntiqi davamı kimi formalaşaraq enerji sahəsində nüfuzlu beynəlxalq hadisəyə çevrilmişdir. Enerji diplomatiyasının inkişafına, strateji tərəfdaşlıqlar qurulmasına və qlobal enerji xəritəsində ölkəmizin mövqeyinin möhkəmlənməsinə töhfə verən bu tədbir ilk milli sərgi brendimiz kimi tarixə düşmüşdür. Ümummilli lider Heydər Əliyev bu sərgini "dünya neft-qaz şirkətlərini ölkənin neft-qaz sahəsinin inkişafına cəlb etmək üçün münasib platforma" hesab edərək, Azərbaycanda neft-qaz sənayesi üzrə ilk ixtisaslaşdırılmış sərginin keçirilməsi təşəbbüsünü dəstəkləmişdir. O vaxtdan etibarən, "Xəzər Neft və Qaz" sərgisi neft, qaz, energetika sahəsinin aparıcı mütəxəssislərinin görüşdüyü, memorandumların, habelə gələcək əməkdaşlığa dair saziş və müqavilələrin imzalandığı meydançaya çevrilmişdir. Daha sonra isə bu təşəbbüs enerji sahəsində qlobal meyillərə uyğun şəkildə genişlənmiş və “Bakı Enerji Həftəsi” formatını almışdır. Ənənəvi enerji mənbələrindən bərpaolunan enerjiyə qədər geniş məzmunda məsələlərin müzakirə edildiyi “Bakı Enerji Həftəsi” artıq yeni yanaşmaların və beynəlxalq enerji dialoqunun formalaşdığı nüfuzlu bir forum kimi tanınır.

Keçirildiyi 30 il ərzində “Bakı Enerji Həftəsi” Azərbaycanda neft, qaz və enerji sənayesinin inkişafına töhfə verib, dünyanın 80 ölkəsindən 9 mindən çox şirkəti, 170 mindən artıq ziyarətçini cəlb edib. Bu il sərgi iştirakçılarının 35 faizini yeni şirkətlər təşkil edirdi. Eyni zamanda iştirakçıların təxminən 70 faizini xarici firmalar, 30 faizini isə yerli müəssisələr təşkil edirdi. Bu, Azərbaycanın enerji potensialına və Avrasiyada davamlı və şaxələndirilmiş enerji arxitekturasının formalaşdırılmasındakı roluna artan beynəlxalq marağı nümayiş etdirir, eyni zamanda yerli biznesin fəal iştirakını da bir daha nümayiş etdirir. Bakı Enerji Həftəsinin statusunu onun sponsorlarının tərkibi də göstərir: ACWA Power, bp, Equinor, Masdar, INPEX, Turkiye Petrolleri, Baker Hughes, Microsoft, PASHA Bank, TechnipFMC, Tenaris, TotalEnergies, Uniper, Azeri MI Drilling, AZFEN, Baku Steel Company, Equinor, Caspian Drilling, Caspian Marine Services Limited, Ernst & Young, Global Energy Azerbaijan Management, Tekfen.

İlk dəfə olaraq 1994-cü ildə “Xəzər Neft və Qaz” sərgi və konfransı keçirilərkən Azərbaycan, ölkəmizin zəngin, əvəzsiz təbii sərvətləri dünyada o qədər də tanınmamış, bu barədə mövcud rəy heç də birmənalı olmamışdır. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın müasir inkişafının, iqtisadi uğurlarının təməli qoyuldu. 2 iyun 2025-ci ildə Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində çıxışında buna toxunan Prezident İlham Əliyev bildirdi ki, “Əsrin müqaviləsi” regionda geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirdi. Cənub Qaz Dəhlizi layihəsindən söz açan prezident  qeyd etdi ki: “Əlbəttə, bir çox digər ölkələrin enerji təhlükəsizliyinə sərmayə yatırımı Azərbaycanın geosiyasi əhəmiyyətini artırır. Biz anlayırıq ki, bundan sonra da enerji, neft və qaz bir çox ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayacaqdır. Ötənilki “Bakı Enerji Həftəsi”ndəki çıxışım zamanı mən iştirakçılara məlumat verdim ki, o zaman biz 8 ölkəyə təbii qaz ixrac edirdik. Bu gün isə deyə bilərəm ki, həmin ölkələrin sayı 12-yə çatıbdır və bu, hələ də son deyil”.

Çıxışında yenilənən enerjinin əhəmiyyətini xüsusi vurğulayan Prezident Azərbaycanın yaşıl enerji gündəliyinin olduqca iddialı olduğunu bildirdi. Azərbaycan neft və qaz ölkəsi olmaqla yanaşı, investorlarla bərabər məhz yaşıl enerjiyə sərmayə qoyub. “Biz 2030-cu ilədək 6,5 giqavat həcmində istehsal edilə biləcək bərpaolunan enerji gücünə malik olacağıq. Bu da bizim ümumi enerji istehsalımızın 35 faizdən çoxunu təşkil edəcək” – deyə bildirən dövlət başçısı, bütün bu yaşıl enerji potensialımız nəticəsində Azərbaycanın elektrik enerjisinə artan tələbatınının məhz bərpaolunan enerji hesabına təmin ediləcəyini bəyan etdi. Qeyd edək ki, Azərbaycan dünyada artıq “yaşıl enerji”yə keçid etmiş ölkə kimi tanınır. Alternativ enerji mənbələrindən istifadə hazırda ölkəmizdə geniş tətbiq olunur. Xüsusən də işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda. “Bakı Enerji Həftəsi”nin iştirakçılarına ünvanladığı müraciətdə də Prezident İlham Əliyev bu məqama toxunaraq, işğaldan azad olunmuş ərazilərin “yaşıl enerji” zonası kimi inkişafı dayanıqlı enerji strategiyamızın əsas istiqaməti olduğunu qeyd etdi.

30-cu Yubiley Bakı Enerji Həftəsi çərçivəsində həmçinin yerli və xarici ölkələrdən olan startap layihələrinin və ümumilikdə 10 stendin nümayiş olunduğu “Smart Energy Hub” adlı xüsusi startap zonası təqdim olundu. Bu zona startapçılara öz qabaqcıl həllərini və strategiyalarını enerji sahəsinin aparıcı şirkətləri və digər maraqlı tərəflərə təqdim etmək üçün unikal imkan yaratdı.

Azərbaycan bu tədbir vasitəsilə zəngin enerji resurslarına, tükənməz və əvəzolunmaz sərvətlərə malik olduğunu bir daha nümayiş etdirdi. Sərgi bütövlükdə Azərbaycanın müasir inkişafının əsasında dayanan uğurlu enerji siyasəti haqqında dolğun məlumat yaradır. Amerika Birləşmiş Ştatların Prezidenti Donald Trampın Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılışı münasibətilə ünvanladığı təbrik məktubunda da qlobal enerji təhlükəsizliyinin möhkəmlənməsində, dünya enerji bazarında sabitliyin təmin olunmasında  Azərbaycanın oynadığı mühüm rol dəyərləndirildi. “Son 30 il ərzində enerji ehtiyatları baxımından zəngin olan ölkələrimiz neft-qaz sektorunda son dərəcə məhsuldar bir tərəfdaşlıqdan məmnun qalıblar”, - deyə məktubda bildirilib.

Keçirilən sərgi və forumlar ənənəvi olaraq sənaye liderləri ilə görüşmək, fəaliyyətdə olan texnologiya və xidmətləri nümayiş etdirmək, effektiv işgüzar əlaqələr yaratmaq, həmçinin yeni informasiya axını və texnologiyaları təqdim etmək imkanı verərək, neft və enerji sahələrində beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirəcək. Bu beynəlxalq miqyaslı tədbirlər bir daha sübut edir ki, Azərbaycan beynəlxalq enerji təhlükəsizlik sisteminin formalaşmasında əsas aktordur.  Azərbaycan artıq Avropa və bütövlükdə dünya enerji bazarında aparıcı qüvvədir. Azərbaycanın enerji bazarına daxil olması ilə yeni bir canlanma müşahidə olunmuş, neft-qaz infrastrukturunun şaxələndirilməsi istiqamətində əməli siyasət reallaşdırılmışdır. Artıq enerji təhlükəsizliyi ilə bağlı layihələr Azərbaycanın iştirakı olmadan reallaşmır. Ulu Öndərin təməlini qoyduğu Azərbaycanın enerji strategiyası bu günə qədər uğurla icra edilib və daha da zənginləşmiş, yeniləşmiş çalarlarla yenə də uğurla həyata keçiriləcəkdir.  Azərbaycan bu gün dünyəvi arenada  arzulanan strateji tərəfdaşdır. Dövlətimizin enerji təhlükəsizliyinə verdiyi töhfələr danılmazdır. Bu səbəbdən də, bugünki mürəkkəb beynəlxalq şəraitdə Azərbaycanla əməkdaşlıq diqqət mərkəzindədir.

                                                                                                          Nailə Tağızadə

2025-06-03 / 21:10
Facebook