Laçından dünyaya Azərbaycan -Türkiyə- Pakistan qardaşlıq mesajı ...

 

28 May – Müstəqillik Günündə Laçın şəhərində keçirilən Azərbaycan-Türkiyə-Pakistan Zirvə görüşü həm tarixi, həm də strateji baxımdan mühüm əhəmiyyət kəsb edir. Bu görüş dostluğun, müttəfiqliyin və qarşılıqlı inamın əyani sübutudur. Zirvə görüşünün Laçında keçirilməsi Azərbaycanın suverenliyinin təsdiqi, həm də qardaş Türkiyə və Pakistanın ölkəmizin ərazi bütövlüyünə növbəti dəstək nümayişidir. Azərbaycan Laçında belə bir mötəbər tədbirə imza atmaqla etməklə həm qələbəsinin legitimliyini nümayiş etdirdi, həm də bölgədəki yeni status-kvonun dəyişməz olduğunu vurğuladı.

Qeyd edək ki, Azərbaycan, Türkiyə və Pakistan arasında üçtərəfli əməkdaşlıq son illərdə yeni keyfiyyət mərhələsinə qədəm qoyaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu əlaqələr yalnız ikitərəfli münasibətlər çərçivəsində deyil, həm də üçtərəfli formatda çoxşaxəli əməkdaşlıq modelinə çevrilib. Azərbaycan, Türkiyə və Pakistan liderləri arasında yüksək səviyyəli görüşlərin təşkil olunması, bu əməkdaşlığın strateji xarakterini təsdiqləyir.

Zirvə görüşündən əvvəl Prezident İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirildi. Xüsusi vurğulanmalıdır ki, Laçın Beynəlxalq Hava Limanı işğaldan azad olunmuş ərazilərimizdə inşa edilən üçüncü beynəlxalq hava limanıdır. Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının açılışı da Türkiyə Prezidentinin iştirakı ilə baş tutmuşdu və belə əhəmiyyətli tədbirlərin birgə şəkildə reallaşması artıq ənənə halını alıb.

Zirvə görüşündə çıxış edən Prezident İlham Əliyev Türkiyə və Pakistanın 2020-ci il Vətən müharibəsi zamanı göstərdiyi siyasi və mənəvi dəstəyə görə bir daha minnətdarlığını bildirdi. Bu iki qardaş ölkənin Azərbaycanın haqlı mövqeyini dəstəkləməklə regionda ədalətin bərpasına töhfə verdiyini qeyd etdi. Dövlət başçısı vurğuladı ki, Azərbaycan da öz növbəsində həmişə Türkiyə və Pakistanın yanında olub, bu da qarşılıqlı etimad və həmrəyliyin təməlini təşkil edir. Pakistanın Baş naziri Şahbaz Şərif isə Azərbaycan və Türkiyə prezidentlərinə Hindistanla münaqişədə Pakistana göstərdikləri dəstəyə görə minnətdarlığını bildirdi. O qeyd etdi ki: “Bugünkü dünyamızda ciddi çağırışlar, iqtisadi böhranlar, siyasi çağırışlar mövcuddur. Belə bir şəraitdə Pakistanın bəxti gətirib ki, Azərbaycan və Türkiyə kimi qardaşları var. Siz dağ kimi arxamızda dayanmısınız. Biz sülh və ədaləti həmişə üstün tutacağıq. Zamanın sınağından keçmiş münasibətimiz xalqıarımızın rifahına xidmət edəcək. Bu görüş isə bizə siyasi zərurət verir və qarşılıqlı maraq doğuran sahələrdə irəliləmək üçün platforma verir”. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə Türkiyə, Azərbaycan və Pakistan arasında həmrəylik və atılan birgə addımların seçim məsələsi deyil, zəruri ehtiyac olduğunu bildirdi. Ərdoğan Türkiyə, Azərbaycan və Pakistan liderlərinin üçtərəfli Zirvə görüşlərinin mütəmadi keçiriləcəyini vurğulayaraq, nazirlər səviyyəsində görüşlərin də planlaşdırıldığını qeyd etdi.

Daha sonra üç ölkənin lideri Laçın şəhərində 28 May – Müstəqillik Gününə həsr edilmiş konsertdə iştirak etdilər. Prezident İlham Əliyev konsertdən əvvəl çıxışı zamanı bildirdi ki: “Əziz qardaşlarımın - Türkiyə Prezidenti və Pakistan Baş nazirinin bizimlə bərabər bu bayram tədbirlərində iştirakı, bizə göstərilən dəstək və həmrəylik dünya miqyasında artıq tamamilə yeni reallıqlar yaratdı. Bizim gücümüz birliyimizdədir”. Dövlət başçısı eyni zamanda Laçından üç ölkənin dünyaya verdiyi mesajların lazımi ünvana çatacağına əminliyini də ifadə etdi.

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif isə çıxışında vurğuladı ki: “Bu, bizim tariximizin ən gözəl anlarından biridir ki, üç qardaş ölkə ailə olaraq bir araya gəldi. Çətin zamanda bir araya gəldilər və biz bunu heç vaxt unutmayacağıq. Qardaşım Prezident Ərdoğanın və əlbəttə, əziz qardaşım Prezident İlham Əliyevin verdiyi dəstəyin heç vaxt əvəzini çıxa bilmərəm. Allah özü sizi mükafatlandıracaq. Bu qardaşlığa və səmimi dəstəyə görə təşəkkür edirəm”.

Rəcəb Tayyib Ərdoğan isə Ermənistanı keçmişdən dərs almağa və regionda davamlı sülh, etimad və mehriban qonşuluq istiqamətində addımlar atmağa çağırdı. "İnanırıq ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev regionda sülhün memarı kimi öz adını tarixə yazacaq", - deyə Türkiyə lideri bildirib. Onun sözlərinə görə, Türkiyə qardaş Azərbaycanla əlaqələri daha da gücləndirməkdə qərarlıdır. “Biz həm kədərdə, həm də sevincdə Azərbaycan xalqının yanında olacağıq”, - deyən Türkiyə lideri Azərbaycan və Türkiyənin qardaşlığının əbədi olaraq davam edəcəyinə ümidvar olduğunu bildirib. O qeyd edib ki, 1918-ci ildə Azərbaycanda yaradılmış Cümhuriyyət azadlıq və müstəqillik arzusunun təzahürü olduğu kimi, Qarabağdakı Qələbə də müasir Azərbaycanın güclənməsinə və çiçəklənməsinə töhfə verir. Prezident Rəcəb Tayyib Ərdoğan deyib: "1918-ci ildə alovlanan azadlıq məşəli bu gün Azərbaycanın yolunu daha da işıqlandırır. Azad edilmiş Qarabağda səslənən hər not Azərbaycan xalqının dirçəlişinin səsidir".

Azərbaycan, Türkiyə və Pakistan arasında üçtərəfli əməkdaşlıq yeni geosiyasi reallıqlar fonunda güc mərkəzinə çevrilmək potensialına malikdir. Bu əməkdaşlıq modeli təkcə regionda sabitliyə deyil, həm də beynəlxalq səviyyədə qarşılıqlı faydalı və tarazlı münasibətlərin formalaşmasına töhfə verir. Qardaş ölkə liderlərinin ölkəmizə səfəri münasibətlərimizin sarsılmaz olduğunu göstərməklə yanaşı daha böyük uğurlara yol açacaq mərhələnin əsasını yaratdı. Regionda Azərbaycan, Türkiyə və Pakistan müqayisəolunmaz güc mərkəzidir və istənilən qlobal layihələr bu mərkəzlə razılaşdırılır. Qardaşlıq, ortaq tarix və ümumi maraqlara əsaslanan bu format gələcək illərdə siyasi, iqtisadi və təhlükəsizlik istiqamətlərində daha da dərinləşərək beynəlxalq aləmdə nüfuzlu üçtərəfli bloklardan birinə çevrilə bilər.

                                                                                                            Nailə Tağızadə

2025-05-29 / 18:28
Facebook