Azərbaycan-Macarıstan əlaqələri yeni inkişaf müstəvisində …

 

Azərbaycanın Mərkəzi və Şərqi Avropa ölkələri ilə münasibətlərində Macarıstanla əməkdaşlıq xüsusi yer tutur. 1991-ci il dekabrın 26-da Azərbaycan Respublikasının müstəqilliyini tanıyan Macarıstanla diplomatik münasibətlər 1992-ci il aprelin 27-də qurulub. 2004-cü ildə Azərbaycanın Macarıstanda, 2009-cu ildə isə Macarıstanın ölkəmizdə səfirliyi təsis olunub. İki ölkə arasında parlamentlərarası münasibətlər də yüksək səviyyədə inkişaf edir. Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Macarıstan parlamentində də Macarıstan-Azərbaycan dostluq qrupu fəaliyyət göstərir. 

Çoxtərəfli platformada, xüsusilə BMT, ATƏT, NATO, Aİ, Şərq Tərəfdaşlığı, Vişeqrad Qrupu, Türk Dövlətləri Təşkilatı çərçivəsində iki ölkə arasında davamlı əməkdaşlıq əlaqələri inkişaf etdirilir. Macarıstan Azərbaycanın strateji tərəfdaşı və Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biridir. Dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq ruhunda inkişaf edən ikitərəfli əlaqələrin daha da genişləndirilməsi ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindəndir. 44 günlük Vətən müharibəsində Azərbaycanın yanında duran ölkələrdən biri də Macarıstan oldu. Bu gün Macarıstan şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa-quruculuq prosesində fəal iştirak edir. Rəsmi Budapeşt, eyni zamanda, minatəmiz­ləmə fəaliyyətinə dəstək məqsədilə ölkə­mizə 25 min avro ianə ayırıb. 

 2023-cü il yanvarın 29-30-da Prezident İlham Əliyevin Macarıstan Prezidenti xanım Katalin Novakın dəvəti ilə dost ölkəyə rəsmi səfəri əməkdaşlığın inkişafında yeni səhifə açdı. Bu səfər ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə verdi. Səfər çərçivəsində qəbul edilən mühüm sənədlər arasında ən əhəmiyyətlisi Azərbaycanın dövlət başçısı və Macarıstanın Baş naziri tərəfindən imzalanan Azərbaycan ilə Macarıstan arasında strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə idi. Bəyannamədə tərəflər ikitərəfli əməkdaşlığın bütün sahələri, həmçinin beynəlxalq və regional məsələlər üzrə strateji dialoqu davam etdirməyə hazırlıqları ifadə olunmuşdu.

Macarıstan Azərbaycan ilə enerji sahəsində əməkdaşlığa böyük əhəmiyyət verir və Avropanın enerji təhlükəsizliyinin təminatında ölkəmizin oynadığı mühüm rolu daim təqdir edir. Dost ölkə Cənub Qaz Dəhlizi (CQD) layihəsini dəstəkləyir və ona qoşulmaqla bağlı marağını ifadə edib. Macarıstan tərəfi CQD-nin Məşvərət Şurasının illik Nazirlər görüşlərində bir qayda olaraq nazir səviyyəsində təmsil olunur. Ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıqda 2022-ci il dekabrın 17-də Buxarestdə imzalanan Azərbaycan, Macarıstan, Rumıniya və Gürcüstan Hökumətləri arasında yaşıl enerji sahəsində strateji tərəfdaşlığa dair müvafiq Saziş mühüm yer tutur. Həmin Sazişdən irəli gələrək qeyd olunan ölkələr arasında “yaşıl enerji”nin ötürülməsi məqsədilə Gürcüstan və Qara dənizdən keçəcək sualtı elektrik enerjisi kabelinin çəkilməsi ilə bağlı layihənin icrası istiqamətində səylər uğurla davam etdirilir. Qeyd edək ki, bu layihənin icrası region və Avropa bazarları arasında elektrik enerjisinin ixracı imkanlarının genişləndirilməsi, eləcə də xüsusən Xəzər dənizin Azərbaycan sektorundakı böyük külək enerjisi potensialı sayəsində Avropanın enerji təhlükəsizliyinin şaxələndirilməsi mühüm rol oynayacaq.

Prezident İlham Əliyevin 20 may 2025-ci il tarixində Macarıstanın Baş naziri Viktor Orbanın dəvətilə Macarıstana səfəri reallaşdı. Dövlət başçısının işgüzar xarakter daşıyan bu səfəri Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak məqsədilə baş tutdu.  Prezident İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə məhdud və geniş tərkibdə görüşü oldu, daha sonra Prezident İlham Əliyev və Baş nazir Viktor Orban mətbuata bəyanatlarla çıxış etdilər. Viktor Orban bildirdi ki, Macarıstanın qarşılaşdığı istənilən sahədə - diplomatiyada, neft-qaz sənayesində və digər sahələrdə üzləşdiyi istənilən çətinlik zamanı həmişə Prezident Əliyev bizim yanımızda olub. Viktor Orban eyni zamanda Macarıstanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunu xüsusi vurğulayaraq bunun təkcə iqtisadi baxımdan deyil, sırf mənəvi baxımdan da vacib olduğunu, bu dostluq sayəsində Macarıstanın daha az mürəkkəb vəziyyətdə olduğunu bildirdi. Prezident İlham Əliyev isə çıxışında qeyd etdi ki, biz Macarıstanın tələbatı səviyyəsində qaz təminatı təşkil edə bilərik. Bizim qaz resurs bazamız kifayət qədər genişdir və genişlənir, yeni qaz yataqları istismara veriləcək. Macarıstanın təşəbbüsü ilə keçirilən Türk Dövlətləri Təşkilatının ikinci qeyri-rəsmi Zirvə görüşünə də toxunan dövlət başçısı bildirdi ki, Birinci Zirvə görüşü keçən il Şuşa şəhərində keçirilmişdir. Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsinin təşəbbüskarı Azərbaycan olmuşdur və bu estafeti bizdən Macarıstan alıb, biz bunu alqışlayırıq. Bu, bir daha onu göstərir ki, Macarıstan öz tarixi köklərinə çox bağlıdır, bu, bizi də çox sevindirir.

Qeyd edək ki, Macarıstanın Baş naziri Viktor Orban 2018-ci ildə verdiyi bəyanatında bildir­mişdi ki, macarlar özlərini Hun hökmdarı Atillanın nəslindən hesab edirlər və ma­car xalqı hun-türk köklərinə əsaslanır. Tə­sadüfi deyil ki, 2019-cu il oktyabrın 15-də Bakıda Türk Dövlətləri Təşkilatının VII Zirvə görüşünə Macarıstanın Baş Naziri Viktor Orban da qatılmışdı. Baş nazir çıxışında ölkəsinin Türk döv­lətləri ilə həmrəy olduğunu açıq şəkildə nümayiş etdirdi. 2018-ci ildən Türk Dövlətləri Təşkilatında müşahidəçi olan və təşkilatla əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət verən Macarıstanın paytaxtı Budapeştdə TDT-nin Nümayəndəlik Ofisi fəaliyyət göstərir. Mayın 21-də isə ilk dəfə olaraq Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü müşahidəçi ölkənin - Macarıstanın ev sahibliyində keçirildi.  “Şərq və Qərbin Görüş Nöqtəsi” şüarı altında baş tutan görüş mahiyyət etibarilə Türk Dövlətləri Təşkilatının məqsədinin, gələcək hədəfinin Şərq və Qərb arasında körpü rolunu oynamaqdan ibarət olduğunu göstərir. Görüşdə çıxış edən Prezident İlham Əliyev bu il Azərbaycanın Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşünə ev sahibliyi edəcəyini bəyan etdi. Azərbaycanın TDT-nin işinə töhfələrindən danışan dövlət başçısı bildirdi ki, Azərbaycan ümumilikdə təşkilatın üzv ölkələrinə 20 milyard ABŞ dollarından çox sərmayə qoymuşdur.

Qeyri-rəsmi zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayev və TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev tərəfindən 71 bənddən ibarət Bəyannamə imzalandı. Bəyannamə Azərbaycan, qazax, qırğız, türk və özbək dillərində imzalandı.

Türk Dövlətləri Təşkilatında müşahidəçi dövlət olaraq belə bir tədbirə ev sahibliyi etməsi Macarıstanın təşkilat çərçivəsində əlaqələrə böyük əhəmiyyət verdiyini sübut edir. Bu tədbir Macarıstanın Türk dövlətləri ilə hərtərəfli əməkdaşlığı dərinləşdirmək niyyətində olduğunun göstəricisidir. Azərbaycan-Macarıstan əlaqələri həm TDT daxilində, həm də ayrı-ayrılıqda mehriban dostluğa, etibarlı tərəfdaşlıq münasibətlərinə söykənir. Dövlət başçımızın bu səfəri iki ölkə arasında əməkdaşlığa töhfə verəcək, dostluq münasibətlərini daha da möhkəmləndirəcək. Eyni zamanda Macarıstanın təşəbbüsü ilə baş tutan qeyri-rəsmi  Zirvə görüşü Avropa və Asiyanı əhatə edən, böyük iqtisadi və siyasi potensiala sahib olan Türk dövlətlərinin inteqrasiyasının daha da güclənməsinə, sıx əməkdaşlıq əlaqələrinin genişlənməsinə gətirib çıxaracaq.

                                                                                                           Nailə Tağızadə

2025-05-22 / 21:45
Facebook