Azərbaycan-Avropa İttifaqı münasibətlərində yeni dövrün başlanğıcı …

 

Bu gün Azərbaycan müstəqil xarici siyasəti ilə yalnız regionda deyil, bütövlükdə beynəlxalq aləmdə nüfuzlu dövlətə, arzuolunan tərəfdaşa çevrilib. Prezident İlham Əliyevin 16 may 2025-ci il tarixində Albaniyanın paytaxtı Tiranada keçirilən VI "Avropa Siyasi Birliyi"nin Zirvə toplantısında iştirakı həm ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun, həm də dövlətimizin başçısının şəxsi nüfuzunun göstəricisidir. "Avropa Siyasi Birliyi" Avropa İttifaqının (Aİ) təşviq etdiyi mühüm platformalardan biridir  və Prezident İlham Əliyev də artıq bir neçə dəfə onun toplantılarında təmsil olunub. 

Xüsusi vurğulanmalıdır ki, Azərbaycan öz gücü hesabına ərazi bütövlüyünü bərpa etdikdən sonra Qərbdə ölkəmizə qarşı çirkin kampaniyalar aparılırdı. Bu illər ərzində Avropa ittifaqı və Avropa Parlamenti dəfələrlə Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirdi, qondarma qətnamələrlə Azərbaycanı hədələdi. Prezidentin belə bir mötəbər tədbirə dəvəti isə anti-Azərbaycan kompaniyaların alt-üst olması demək idi. Bununla Avropa İttifaqı göstərdi ki, Azərbaycanın beynəlxalq miqyasdakı gücü ilə barışır, öz sıralarında Azərbaycanı görmək, müzakirə olunan taleyüklü məsələlərlə bağlı rəsmi Bakının da mövqeyini dinləmək istəyir. Bu səbəbdəndir ki, Zirvə toplantısında dövlət başçımıza qarşı xüsusi maraq və diqqət var idi. Sammitin ilk günündə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə görüşündə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen də iştirak edirdi. Onlar Azərbaycanın Avropa İttifaqının vacib və etibarlı tərəfdaşı olduğunu bəyan etdilər, Avropanın enerji ehtiyacının ödənilməsindəki rolumuzu yüksək qiymətləndirdilər. Üstəlik Azərbaycanın Avropa ilə Mərkəzi Asiya regionu arasındakı əlaqələrdə və Orta dəhlizdə oynadığı aparıcı rolun əhəmiyyəti vurğulandı. Görüşdə bərpaolunan enerji imkanları da müzakirə olundu. Bundan başqa Böyük Britaniya, Çexiya, Slovakiya, Albaniya, Macarıstan hökumət başçıları Azərbaycan Prezidenti ilə görüşmək istəyini bildirdilər. Bu görüşlər Avropa elitasının Bakıya formalaşmış güc mərkəzi kimi böyük marağını nümayiş etdirdi. 

Qeyri-rəsmi görüşlər zamanı Fransa Prezidenti Emanuel Makronun Prezident İlham Əliyevə yaxınlaşaraq onunla söhbət etməsi, müzakirə aparması Parisin uzun müddətdir ki davam etdirdiyi anti-Azərbaycan siyasətinə korrektələr etmək istəyi kimi də qəbul edilə bilər. Ermənistanın baş naziri Nikol Paşinyan belə  açıq-aşkar Prezident İlham Əliyevlə görüşüb, müzakirə aparmaq cəhdində oldu. Təbii ki, bütün bunlar Prezident İlham Əliyevin ardıcıl, prinsipial, məqsədyönlü xarici siyasətinin nəticəsidir. Milli maraqlarımızı yüksək səviyyədə müdafiə edən dövlətimizin başçısının yüksək siyasi, diplomatik peşəkarlığı sayəsində Qərbin Cənubi Qafqaz siyasəti ciddi şəkildə dəyişdi. İlham Əliyevin Albaniya paytaxtında Aİ rəhbərləri ilə intensiv görüşləri Brüsselin Bakıya qarşılıqlı əlaqə arenasında sabitləşdirici amil kimi çıxış edən aktora artan marağını bir daha təsdiqlədi.

Prezident İlham Əliyev sammitdəki çıxışında Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin daim prioritet olduğunu, enerji və nəqliyyat sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün geniş imkanların mövcudluğunu bildirdi. Enerji sahəsində Avropanın 10 ölkəsinin, o cümlədən Aİ-yə üzv 8 dövlətin məhz Azərbaycan qazı ilə təmin olunması ölkəmizin bu sahədəki mövqeyinin gücündən xəbər verir. Prezident İlham Əliyevin Tiranadakı çıxışlarında Orta Dəhliz layihəsinin əhəmiyyəti xüsusi vurğulandı. Həmçinin Xəzər dənizi üzərindən Mərkəzi Asiya ölkələrinin yaşıl enerji potensialının Avropaya daşınması layihəsi və Qara dənizin dibi ilə çəkilməsi planlaşdırılan elektrik kabeli də bir daha gündəmə gətirildi. Bu təşəbbüslər Prezident İlham Əliyevin qlobal ekoloji trendləri nəzərə alan uzaqgörən siyasətinin bariz göstəricisidir. 

Tiranada keçirilən Zirvə toplantısı Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərində yeni dövrün başlanğıcı hesab oluna bilər. Bununla, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin pozulması barədə fikirlər aradan qalxmış oldu. Aİ anlayır ki, Cənubi Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərqdə siyasətinin həyata keçirilməsində Azərbaycan etibarlı tərəfdaşdır. Artıq Avropa Bakının yaratmış olduğu yeni reallıqları qəbul edib və uçuruma doğru yuvarlanan Ermənistana görə Azərbaycanla münasibətləri korlamaq niyyətində deyil. Azərbaycan bu gün dünyəvi arenada  arzulanan strateji tərəfdaşdır. Dövlətimizin enerji təhlükəsizliyinə verdiyi töhfələr danılmazdır. Bu səbəbdən də, bugünki mürəkkəb beynəlxalq şəraitdə Azərbaycanla əməkdaşlıq diqqət mərkəzindədir.

                                                                                                         Nailə Tağızadə

2025-05-19 / 19:08
Facebook