Rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər 30 ilə yaxın doğma yurdun həsrətini çəkən məcburi köçkün həmvətənlərimizin işğaldan azad edilmiş ərazilərdəki doğma yurd yerlərinə qayıtmasına imkan yaratdı. 19 iyul 2022-ci il tarixindən etibarən Qarabağa Böyük Qayıdış prosesinə start verildi.
Bu prosesin davamı olaraq 9-10 may 2025-ci il tarixində Prezident İlham Əliyevin Şuşa, Xocalı və Ağdama səfəri baş tutdu. Şuşaya səfəri çərçivəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışında iştirak etdilər. Qeyd edək ki, Daşaltı kənd məscidinin təməli 2021-ci ilin noyabrında Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub. Məscid kəndin mərkəzində milli memarlıq üslubunda inşa edilib. İkiminarəli məscid ümumi memarlıq kompozisiyası, planlaşdırma və bədii-dekorativ xüsusiyyətlərinə görə Qarabağ memarlıq məktəbinin ənənələrinə uyğun inşa olunub. Hündürlüyü 22,5 metr olan minarələr layihələndirilərkən Yuxarı Gövhər Ağa məscidinin minarələrinin formasından istifadə olunub. İkimərtəbəli məsciddə eyni vaxtda 150-dən çox insan ibadət edə biləcək.
Daşaltı kənd məscidinin inşası Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərimizdə maddi-mədəniyyət abidələrimizin, dini ocaqlarımızın bərpası və yenilərinin tikilməsi ilə bağlı verdiyi tapşırıqlara uyğun həyata keçirilib. İşğal dövründə dağıdılan məscidlərimizin bərpası, yeni dini ocaqların inşası Azərbaycan dövlətinin xalqımızın milli-mənəvi dəyərlərinə, mədəni və tarixi zənginliyinə verdiyi qiymətin göstəricisidir.
Prezident və birinci xanım Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışında iştirak etdilər. Bu tibb ocağının təməli 2021-ci ilin noyabrında Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub. Mərkəz müasir standartlara cavab verən tibbi avadanlıq, o cümlədən kompüter tomoqrafiyası, rəqəmsal teleskopik rentgen, rəqəmsal stasionar USM cihazları ilə təchiz olunub. Bunlar isə öz növbəsində Mərkəzə müraciət edənlərin müayinə və müalicəsini yüksək səviyyədə aparmağa geniş imkanlar yaradır. Tibb ocağının ərazisində Gigiyena və Epidemiologiya Mərkəzi, hemodializ və digər korpuslar inşa olunub. Bu da onu göstərir ki, işğaldan azad olunmuş ərazilərimizdə dövlət tərəfindən digər sahələrlə yanaşı, tibb xidmətlərinin yüksək səviyyədə təşkili üçün də genişmiqyaslı işlər həyata keçirilir.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak etdilər. Bu layihə çərçivəsində 16 binanın inşası nəzərdə tutulub. Kompleksin ümumi sahəsi 6,2 hektardır. Qeyd edək ki, İndiyədək Şuşaya 376 ailə, ümumilikdə 1409 nəfərdən artıq keçmiş məcburi köçkün qayıdıb və 450 mənzildən ibarət 23 bina sakinlərin istifadəsinə verilib.
Prezident İlham Əliyev mayın 9-da “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin “Xocalı” yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak etdi. 3200 KVA gücündə “Xocalı” yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi Xocalı rayonu ərazisində inşa edilmiş yeni yaşayış komplekslərinin, kənd təsərrüfatı və turizm obyektlərinin, eləcə də sosial-iqtisadi təyinatlı müxtəlif infrastrukturun dayanıqlı, etibarlı və fasiləsiz elektrik enerjisi təminatını həyata keçirmək məqsədi daşıyır. Yarımstansiyanın elektrik təchizatı üçün “Xankəndi-1” və “Əsgəran” yarımstansiyalarından müvafiq olaraq elektrik verilişi xətləri çəkilib. Tikintisi aparılan 35 kV-luq elektrik verilişi xətti vasitəsilə bu yarımstansiya “Ağdam-2” yarımstansiyası ilə əlaqələndiriləcək ki, bununla da Ağdam-Əsgəran-Xocalı-Xankəndi şəhərləri arasında dairəvi elektrik təchizatı sxemi yaradılacaq. Mərkəzdə 52 kVt gücündə Günəş panelləri də quraşdırılıb və istehsal olunan enerjinin şəbəkəyə ötürülməsi təmin edilib, ərazisində elektromobillər üçün sürətli enerjidoldurma cihazları quraşdırılıb.
Dövlət başçısı mayın 9-da “Qoç Ət” Kəndli Fermer Təsərrüfatı MMC-nin Xocalı rayonunun Xanabad kəndi ərazisində yerləşən heyvandarlıq kompleksinin açılış mərasimində iştirak etdi. Kompleksə damazlıq, ətlik-südlük heyvandarlıq, istehsal və ictimai iaşə xidmətləri daxildir. Damazlıq fermer təsərrüfatının ümumi tutumu 750 baş iribuynuzlu heyvandan ibarətdir. Hazırda təsərrüfatda 355 baş üç növ müxtəlif cins iribuynuzlu damazlıq heyvan var. Türkiyə və Almaniya texnologiyaları tətbiq olunmaqla fəaliyyət göstərən kompleks illik 100 ton ət, 2 min ton süd istehsalı gücünə malikdir. Gələcəkdə süd istehsalının illik 3 min tona çatdırılması nəzərdə tutulur. Kompleksdə istehsal olunan məhsullar daxili bazarla yanaşı, Birləşmiş Ərəb Əmirliklərinə və Qətərə ixrac olunacaq. Müəssisənin işğaldan azad olunmuş ərazilərdəki fəaliyyəti nəticəsində 55 iş yeri yaradılıb. Gələcəkdə süd istehsalı müəssisəsinin də işə salınmasından sonra işğaldan azad edilmiş ərazilərdə şirkət tərəfindən yaradılan iş yerlərinin sayının 100-ə çatdırılması nəzərdə tutulur. Layihə dəyəri 4,2 milyon manat olan kompleksin ərazisi 7,6 hektardır. 500 hektardan çox ərazidə isə payızlıq arpa və buğda əkilib ki, bu da təsərrüfatda yemə olan ehtiyacı qarşılayacaq. Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sahibkarlıq fəaliyyətinin təşviqi biznes cəlbediciliyinin artırılmasında, regionun inkişafında və əhalinin rifahının yaxşılaşdırılmasında mühüm rol oynayır.
Prezident İlham Əliyev mayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak etdi. Ağdamın müasir şəhər statusuna uyğun inkişafına xidmət edən strateji infrastruktur layihəsi olan Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin təməli 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub. Dəmir yolu vağzalı gündəlik 800-1000 nəfər sərnişinin daşınmasına imkan verəcək. Avtovağzal isə gündəlik 1300-1500 nəfər sərnişinə xidmət edəcək. Kompleks vahid nəqliyyat qovşağı kimi fəaliyyət göstərəcək.
Prezident İlham Əliyev mayın 10-da daha bir əlamətdar hadisənin - Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak etdi. Şəhər mərkəzindən 6 kilometr məsafədə yerləşən bu kəndin təməlini 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev qoyub. Kəngərli kəndi 2544 nəfər üçün planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 177 hektardan çoxdur. Ümumilikdə kənddə 2 mərhələ üzrə 632 fərdi evin inşası nəzərdə tutulub. Bu kənddə də əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılıb, iqtisadi, təhsil, sosial, mədəni və məişət təyinatlı müxtəlif obyektlər tikilib. Kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub.
Dövlət başçısı Kəngərli kəndində yerli icra strukturları üçün inşa edilmiş çoxfunksiyalı inzibati binada yaradılan şəraitlə, həmçinin Kəngərli kəndində klub-icma mərkəzində yaradılan şəraitlə də tanış oldu. Daha sonra isə Prezident Kəngərli kənd tam orta məktəbinin binasının və Kəngərli kənd körpələr evi-uşaq bağçasının açılışında iştirak etdi. 30 sinif otağı olan 484 şagird yerlik məktəbdə təhsil prosesinin müasir səviyyədə təşkili üçün lazımi şərait yaradılıb, otaqlar zəruri dərs vəsaitləri ilə təchiz edilib. Burada biologiya, kimya və fizika laboratoriyaları, informatika, çağırışaqədərki hərbi hazırlıq kabinetləri, kitabxana, akt və idman zalları, yeməkxana mövcuddur. Müasir standartlara uyğun inşa edilmiş 120 yerlik körpələr evi-uşaq bağçasında isə azyaşlıların təlim-tərbiyəsi ilə məşğul olmaq, onların sağlam mənəvi və fiziki mühitdə yetişmələri üçün hər cür şərait var. Otaqların hamısı zəruri avadanlıqla təchiz olunub. Körpələr evi-uşaq bağçasında 6 qrup fəaliyyət göstərəcək.
Dövlət başçısı Kəngərli kəndində yeni inşa edilmiş fərdi evlərdə yaradılan şəraitlə tanış oldu. Birinci mərhələ üzrə buraya 1279 nəfərin köçürülməsi planlaşdırılır. Artıq 292 fərdi ev inşa olunub. Daha sonra isə İlham Əliyev Kəngərli kəndinə köçən sakinlərlə görüşüb, onlara evlərin açarlarını təqdim etdi. Qeyd edək ki, Kəngərli kəndi bərpa edilən sayca 14-cü yaşayış məntəqəsidir. Ağdam rayonunun Sarıcalı və Kəngərli kəndləri artıq sakinlərinə qovuşub. Xıdırlı kəndi də açılışa hazırdır. Dövlət başçısı İlham Əliyev bu müjdəni də çatdırdı ki, yaxın aylarda orada da həyat qaynayacaq.
Mayın 10-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak etdilər. Xüsusi vurğulanmalıdır ki, Mərkəz Qarabağ bölgəsində qədim muğam sənəti incisinin işğaldan əvvəlki şöhrətinin bərpası, tədrisi və təbliğində, gənc nəsildə muğama sevginin aşılanmasında mühüm rol oynayacaq. Dövlətimizin başçısı açılış mərasimində çıxış etdi. Qeyd edək ki, bu tədbirin mayın 10-da keçirilməsinin rəmzi mənası var. Açılış mərasimində Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdığı dövrün reallıqlarına diqqəti yönəldən dövlət başçısı İlham Əliyev vurğuladı ki, bugünkü Azərbaycan dahi rəhbərin əsəridir. Məhz Ulu Öndərin 1993-cü ildə Azərbaycan rəhbərliyinə gəlməsindən sonra müstəqil ölkəmiz inkişaf yoluna qədəm qoydu. Prezident vurğuladı ki, keçmiş tarixə nəzər salarkən, görürük, nə qədər məqsədyönlü, düşünülmüş addımlar atılmışdır. O addımlar ki, bugünkü güclü, qüdrətli Azərbaycanın reallıqlarını təmin edir. “Bu gün azad Qarabağda sizin qarşınızda çıxış etmək böyük xoşbəxtlikdir” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, Qarabağ dirçəlir, bərpa edilir. İkinci Qarabağ müharibəsindən keçən dörd il yarım ərzində quruculuq işləri göz qabağındadır. O cümlədən Ağdam şəhərində də bunu görmək mümkündür.
Prezident çıxışında revanşist Ermənistana və onun havadarlarına, Azərbaycanı sevməyən qüvvələrə də mesajını göndərdi: “Təsadüfi deyil ki, Azərbaycana dünyada olan münasibət, - hətta bizə düşmənçilik edən dairələr, qüvvələr, ölkələr bilirlər ki, biz ləyaqətli xalqıq, hörmətə layiq olan xalqıq və bizimlə hesablaşmaq lazımdır. Ən azı yaşadığımız bölgədə bizimlə bu gün hesablaşmayan sabah peşman olur”.
Bu gün Böyük Qayıdış uğurla davam edir. Qarabağ və Şərqi Zəngəzurda quruculuq işləri davam etdirilir, tarixi, milli-mənəvi dəyərlərimiz dirçəldilir. Bütün bu fəaliyyət isə onu deməyə əsas verir ki, Qarabağın bütün bölgələri tezliklə canlanacaq, həyat əvvəlki vəziyyətinə qayıdacaq.
Nailə Tağızadə