Ötən əsrdə bəşəriyyətə sarsıdıcı zərbə vurmuş faşist ideologiyası üzərində qələbənin 80-ci ildönümü tamam olur. İkinci Dünya müharibəsi miqyasına, vurulan maddi zərərin həcminə və həlak olmuş insanların sayına görə bəşər tarixində baş vermiş müharibələrin ən böyüyü, dəhşətlisidir. 1941-ci il iyunun 22-də SSRİ üzərinə faşist Almaniyasının hücumu ilə Azərbaycanın da daxil olduğu Sovet İttifaqı faşizmlə ölüm-dirim mübarizəsinə qoşulmuş, tarixə Böyük Vətən müharibəsi kimi düşmüş dəhşətli mübarizə başlanmışdı.
Bu qələbənin əldə olunmasında Azərbaycan xalqının da böyük töhfəsi və rolu olub. Azərbaycan xalqı həm cəbhə bölgələrində, həm də arxa cəbhədə böyük qəhrəmanlıq göstərib. Azərbaycanda xalqın bütün maddi və mənəvi potensialı səfərbərliyə alınmışdı. Qısa müddətdə respublikada 87 qırıcı təyyarə batalyonu və 1124 özünümüdafiə dəstələri təşkil olunmuşdur. 1941-1945-ci illərdə 600 mindən çox azərbaycanlı oğlan və qızlar cəbhəyə yollanıb. 130-a yaxın həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfəri Şərəf ordeni ilə təltif olunub. 170 min Azərbaycan əsgər və zabiti SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Ruslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz qəhrəmanlığı ilə xalqımızın şərəfli tarixinə yeni bir səhifə açıblar.
Faşizm üzərində qələbə naminə əmək növbəsində duranların ön sıralarında məhz Bakı neftçiləri gedirdi. Böyük Qələbəyə xüsusən neft Bakısının töhfəsi əvəzsizdir. Müharibə illərində Sovet İttifaqında hasil olunan neftin dörddə üç hissəsi, aviasiya benzininin və yüksək keyfiyyətli sürtgü yağlarının 85-90 faizi Azərbaycanın payına düşürdü. Faşizm üzərində qələbənin təmin edilməsində həlledici rol oynamış sovet ordusunun tank və təyyarələrinin tam əksəriyyəti Bakı neftçilərinin göndərdiyi yanacaqla hərəkətə gətirilirdi. Danılmaz faktdır ki, əgər Azərbaycan nefti olmasaydı, müharibənin nəticələri tam başqa cür ola bilərdi. Əbəs yerə deyildi ki, almanların planına əsasən 1941-ci il sentyabrın axırınadək Bakı işğal olunmalı, onun nefti alman şirkətlərinin sərəncamına verməli idi. Artıq bu plan üzərində böyük bir siyasi xətt yeridilirdi. Bakının hətta hərbi məntəqəyə çevrilməsi ilə bağlı qərar çıxarılmışdı. 1941-ci ildə neftçilərimizin fədakar əməyi nəticəsində Azərbaycanın tarixində ən çox, 23,5 milyon ton neft istehsal olunub ki, bu da SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edirdi. Ümumiyyətlə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və başqa neft məhsulları veriblər. Azərbaycan alimləri tərəfindən yüksək keyfiyyətli benzin, kerosin və başqa neft məhsulları ixtira olunaraq, respublikamızda istehsal edilirdi. Akademik Yusif Məmmədəliyevin rəhbərliyi altında aviasiya benzini alınmasının yeni texnologiyası yaradılıb.
Azərbaycan cəbhəyə həm də yüksək keyfiyyətli silah-sursat göndərir, bir sıra hərbi texnikalar üçün çoxsaylı hissələr istehsal edirdi. 1941-1945-ci illərdə İkinci Dünya müharibəsinin ilk günlərindən Bakının bütün müəssisələri 12 saatlıq iş gününə keçdi. Respublikanın maşınqayırma müəssisələrinin gücünün 95 faizi hərbi texnika, silah-sursat istehsalına yönəldi. 1941-ci ilin sonunda Azərbaycanda 130 adda silah, sursat, hərbi mərmi və əşya istehsal olunurdu. 1942-1944-cü illərdə cəbhəyə 11 milyon vahid döyüş sursatı göndərildi. 1942-ci ilin iyulunda Bakıda rekord müddətdə xalq arasında “Katyuşa” kimi məşhur olan qvardiya qumbaraatanı istehsal edən zavod yaradıldı. Bakıda qısa müddətdə “UTİ-4” B təyyarəsi bazasında 15 B döyüş variantı “UTİ-4” tipində yığıldı. 1942-ci ilin yanvarında Bakı zavodu 20 “UTİ-4” maşını buraxdı, fevralda buraxılış iki dəfə artdı. Bir müddət sonra Bakıda “YAK” qırıcıları yığılmağa başladı. Müxtəlif tipli 782 təyyarə təmir olunaraq cəbhəyə göndərildi.
Republikamız dövlət müstəqilliyini bərpa etdikdən sonra da Böyük Vətən müharibəsi veteranlarına yüksək diqqət və qayğı ilə yanaşmış, onların sosial müdafiəsinin gücləndirilməsi, xatirəsinin əbədiləşdirilməsi istiqamətində ardıcıl addımlar atmışdır. Prezident İlham Əliyevin sərəncamı ilə faşizm üzərində qələbənin ildönümü hər il ölkəmizdə yüksək səviyyədə qeyd olunur. Dövlət başçısı çıxışlarında dəfələrlə vurğulayıb ki, biz tarixdə bu əlamətdar günə qayğı ilə yanaşır, döyüş meydanında və arxa cəbhədə qələbəyə töhfə verənlərin xatirəsini ehtiramla yad edir, öz həyatları bahasına dünyanı faşizmdən xilas etmiş zabit və əsgərlərin igidliklərinə hörmətimizi bildiririk. 9 may – Faşizm üzərində Qələbə Günü ərəfəsində Prezident İlham Əliyevin müharibə veteranlarının sosial müdafiəsinin daha da möhkəmləndirilməsi ilə bağlı sərəncamlar imzalaması artıq ənənə halı alıb. Azərbaycan Prezidentinin 2025-ci il 21 aprel tarixli Sərəncamı ilə 1941–1945-ci illər müharibəsində iştirak etmiş şəxslərə 2500 manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 1250 manat məbləğində birdəfəlik maddi yardım verilib.
Böyük Vətən müharibəsi hadisələri zaman keçdikcə tarixə çevrilmişdir. Lakin bu gün öz həyatımıza görə borclu olduğumuz, bəşəriyyətin xilası naminə göstərdikləri misilsiz hünərləri qəhrəmanlıq salnaməsinə əbədi yazılmış igid oğullarımızın adları yaddaşlarımızdan silinmir. Azərbaycan övladlarının İkinci dünya müharibəsində göstərdikləri qəhrəmanlıq gənc nəslə vətənpərvərlik nümunəsidir. Həmin qəhrəmanlıq salnaməsinin davamı olaraq igidlərimiz Qarabağda üçrəngli şanlı bayrağımızı dalğalandırdı, ərazi bütövlüyümüzü təmin etdi və bizləri qalb xalq olaraq bütün dünyaya tanıtdı.
Nailə Tağızadə