Azərbaycan-İran münasibətlərində müsbət irəliləyiş …

 

Azərbaycanın 44 günlük müharibədəki tarixi qələbəsindən sonra İranın açıq-aşkar ermənipərəst mövqe nümayiş etdirməsi, Ermənistanın ərazi bütövlüyünü özünün qırmızı xətti olaraq bəyan etməsi,  həmçinin rəsmi Bakının İsraillə sıx əlaqələrinə qısqanc yanaşması  səbəbindən son illər İranla münasibətlərdə  durğunluq, zaman-zaman isə gərginlik hiss olunurdu. Xüsusilə, 2023-cü ilin yanvarında Tehrandakı Azərbaycan səfirliyinə silahlı hücum zamanı səfirliyin bir nəfər əməkdaşının həlak olması və rəsmi Bakının bu hadisəni “terror aktı” kimi qiymətləndirməsi iki ölkə arasında ciddi gərginliyə səbəb olmuşdu. Rəsmi Tehran həmin hadisəni şəxsi motivlərlə izah etmişdi. Prezident İlham Əliyev iki ölkə arasındakı problemi aprelin 9-da ADA Universitetində "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumdakı çıxışında da vurğulamışdı. Prezident 2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücumdan bəhs edərək bildirmişdi ki: “Əlbəttə, biz səfirliyimizə qarşı törədilmiş terror aktı kimi faciəvi hadisələri unuda bilmərik. Ancaq bu, Prezident Pezeşkianın seçilməsindən öncə baş vermişdir. Biz qəti şəkildə əminik ki, bu, Azərbaycana qarşı təşkil edilmiş terror idi. Bu hadisənin şəxsi zəmində baş verməsi kimi iddialar tamamilə əsassızdır”. Dövlət başçısı vurğulamışdı ki, o vaxtdan iki ildən artıq vaxt keçməsinə baxmayaraq, cinayətkarlar cəzalanmayıb: “Biz orada siyasi sistemin mürəkkəbliyini, icra hakimiyyətinin məhdud imkanlarını anlayırıq. Biz bunları bilirik, ancaq iki ölkə arasında əlaqələrin tam normallaşdırılması üçün bu terror hadisəsini törədən, onu təşkil edən və bu hadisənin arxasında dayanan hər kəs mühakimə edilməli və cəzalandırılmalıdır”.

Azərbaycan bütün region dövlətləri ilə münasibətlərini qonşuluq, dostluq və qarşılıqlı-faydalı əməkdaşlıq prinsiplərinə sadiqlik üzərində qurub. İranla yaşanan son gərginliklərin fonunda Məsud Pezeşkianın böyük heyətlə 28 aprel 2025-ci il tarixində Bakıya reallaşan səfəri və verdiyi barışıq çağırışları strateji əhəmiyyət daşıyır. Pezeşkianın səfərdən əvvəl və səfər çərçivəsində verdiyi mesajlar onu göstərir ki, Tehran Bakı ilə münasibətlərin normallaşmasında maraqlıdır. O, Azərbaycana rəsmi səfəri ərəfəsində verdiyi açıqlamada bildirmişdi ki, İran və Azərbaycan arasında son illərdə yaranmış yanlış yozumlar və gərginliklər aradan qaldırılmalı, tərəflər arasında qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi üçün mövcud potensialdan istifadə olunmalıdır: “İki ölkə və onların xalqları arasında qarşılıqlı fəaliyyət potensialı və imkanları geniş, dərin və rəngarəngdir. Davam edən əlaqələrin bərpası prosesi ilə biz tezliklə bu imkanların çiçəklənməsinin, əlaqələr və əməkdaşlıq səviyyəsində sürətli və mənalı yüksəlişin şahidi olacağıq.”

Bakıda Azərbaycan və İran prezidentləri arasında məhdud və geniş tərkibli görüş keçirildi. Prezidentlər Birgə Bəyanat imzaladılar, daha sonra onların iştirakı ilə iki ölkə arasında bir sıra sahələrə dair sənədlərin imzalanması mərasimi baş tutdu. Görüşdən sonra prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər. Prezident İlham Əliyev Azərbaycan və İran arasında qarşılıqlı mədəniyyət günləri keçiriləcəyini söyləyərək, iki xalq arasında qonşuluq və mədəni əlaqələrin yüksək səviyyədə olduğunu vurğuladı.

İran Prezidenti isə çıxışında qeyd etdi ki, iki ölkə problemlərini birlikdə, danışıq yolu ilə həll edə bilər. Məsud Pezeşkian bununla da İranla Azərbaycan arasındakı problemə işarə etdi: “Bir-birimizin ərazi bütövlüyünə qarşılıqlı hörmətlə region ölkələri olaraq əlaqələri gücləndirə bilərik. Yollar və maliyyə kanalları aça bilərik. Bu yolla bir-birimizə kömək edərik. İstehsalçılarımız birgə çalışa bilərlər. Bizim aramızda başqalarının ixtilaf yaratmasına imkan verməməliyik”.

Pezeşkianın yaxın gələcəkdə yenidən Azərbaycana səfər edəcəyini deməsi münasibətlərin normallaşacağı istiqamətində Tehranın uyğun addımlar atacağından xəbər verir. “Yaxın gələcəkdə qardaşımın yenidən qonağı olacağam”, - deyə o vurğuladı.

İran prezidentinin çıxışında digər diqqət çəkən məqam - Azərbaycanın və əziz Azərbaycan xalqının Qarabağda və Azərbaycanın sahib çıxmalı olduğu digər ərazilər üzərində hüquqlarını tanıyırıq – deməsi oldu. Xüsusi vurğulanmalıdır ki, indiyə qədər heç bir İran siyasətçisi, lideri Azərbaycanın dövlət suverenliyinin bərpası ilə bağlı belə cəsarətli mövqe sərgiləməyib. 

Yalnız regionda deyil,  bütövlükdə dünyanın siyasi arenasında özünəməxsus yeri olan Azərbaycan mühüm marşrutların üzərində yerləşir. Bu gün ölkəmiz Avropanın enerji təhlükəsizliyini təmin edən güclü dövlətə çevrilib. Təbii ki, digər qonşu dövlətlər kimi İran da bu imkanlardan yararlanmağa çalışır. Bakıda təşkil olunan yüksək səviyyəli görüşlərdə iqtisadi əməkdaşlıq, nəqliyyat və logistika sahəsində birgə layihələr, sərhəd təhlükəsizliyi və mədəni münasibətlərin inkişafı kimi mövzular müzakirə olundu. Səfər çərçivəsində baş tutan əlamətdar hadisələrdən biri də Azərbaycan-İran Biznes Forumunun keçirilməsi, dövlət başçılarının forumda iştirakı və çıxışı oldu. Məsud Pezeşkian Azərbaycan-İran biznes forumunda bildirdi ki, ölkələrimiz sülh, təhlükəsizlik və rifah dolu bir region yaratmaq gücündədir. Həmçinin İran və Azərbaycan Şərqi Qərbə, Şimalı Cənuba birləşdirən dördyol ola bilər.  O, daha öncə AzTV-yə müsahibəsində  Zəngəzur dəhlizi ilə bağlı mövqeyini də ifadə etmişdi. İranın dövlət başçısı İranın öz ərazisindən Azərbaycanın əsas hissəsi ilə Naxçıvana yol verdiyini və bununla bağlı işlərin görüldüyünü, razılaşmanın mövcudluğunu qeyd etmişdi. O, bildirmişdi ki, Ermənistanın Azərbaycana yol verməsi onun beynəlxalq hüquqlarını, ərazi bütövlüyünü pozmursa, İran tərəfi problem olmadığını düşünür.

Qeyd edək ki, son illər mövcud anlaşılmazlıqlara baxmayaraq iki ölkə arasında ticarət dövriyyəsi artmaqddır. 2023-cü ildə ticarət dövriyyəsi 500 milyon dollar olub və 33 faiz artaraq 2024-cü ildə 650 milyon dollara yaxınlaşıb. Ümumilikdə, 2024-cü ildə İran İslam Respublikası ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 1,3 faizi həcmində olub. Bu tendensiya 2025-ci ilin ilk aylarından da davam edib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, cari ilin yanvar-mart aylarında Azərbaycanla İran İslam Respublikası arasında ticarət əməliyyatlarının həcmi 157,2 milyon dolları təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə müqayisədə 22,3 milyon dollar və ya 16,5 faiz çoxdur. İranın Azərbaycandakı investisiyaları 370 milyon dolları keçib. Şimal-Cənub Nəqliyyat Dəhlizi ilə 2024-cü ildə yükdaşıma 28 faiz, tranzit daşıma isə 23 faiz artıb. Ələt-Astara dəmir yolu xəttinin yenidən qurulması, Ağbənd - Kəlalə avtomobil və dəmir yolu bağlantısının yaradılması əlaqələrimizi daha da gücləndirə bilər. Araz çayı üzərindəki su ehtiyatlarının birgə idarə olunması, işğaldan azad edilən ərazilərimizdə fəaliyyətə İran sahibkarlarının maraq göstərməsi də əlaqələrimizdə çox vacib yer tutur.

Bütün bunlar göstərir ki, əlaqələrimizin inkişafı üçün geniş potensial mövcuddur. Prezident İlham Əliyev keçirilən birgə mətbuat konfransında vurğuladı ki, hər iki tərəf əlaqələrin inkişafına çalışmalıdır və çalışır. İmzalanan sənədlər də onu göstərir ki, ölkə rəhbərlikləri  bütün istiqamətlər üzrə bir-birinə daha yaxın olmağa çalışır. İran Prezidenti Məsud Pezeşkianın ölkəmizə səfəri, keçirilən yüksək səviyyəli  görüşlər, imzalanan sənədlər onu deməyə əsas verir ki, qarşılıqlı əməkdaşlıq  əlaqələri daha da möhkəmlənəcək və regional baxımdan mühüm dəyişikliklərlə yadda qalacaq.

                                                                                                             Nailə Tağızadə

2025-04-30 / 17:04
Facebook