Azərbaycan-Çin münasibətlərində yeni dövr ...

 

Ərazisinin  böyüklüyünə görə dünyanın 3-cü ölkəsi, iqtisadiyyatının həcminə görə isə 2-cisi olan Çin Xalq Respublikası dünyanın supergücünə çevrilmək yolunda inamla irəliləyir.  Çin yeganə ölkədir ki, son 40 ildə iqtisadi artım tempini 5 faizdən aşağı salmadan inkişaf edir. Ölkə növbəti onillikdə qlobal iqtisadiyyatda birinciliyi hədəfləyir. Balanslaşdırılmış siyasi strategiyasını yürüdən Azərbaycanın Çinlə münasibətləri mühüm əhəmiyyət kəsb edir. Xüsusilə, son illər Azərbaycan-Çin əməkdaşlığında yeni bir səhifə açılıb.  Böyük iqtisadi imkanlara malik Çin ilə Azərbaycanın sıx münasibətlərdə olması təbii ki ölkəmiz üçün yeni perspektivlər açır.

Qeyd edək ki, Azərbaycan ilə Çin arasındakı diplomatik münasibətlər 1992-ci ilin aprelində qurulub. 1992-ci ilin avqustunda Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyi açılıb və 1993-cü ilin sentyabrında isə Azərbaycan Milli Məclisi Pekində səfirliyin açılması haqqında qərar qəbul edib.

1994-cü ildə Ulu Öndər Heydər Əliyevin Çinə rəsmi səfəri zamanı iki ölkə arasında səkkiz mühüm müqavilə imzalanıb. 1996-cı ilin aprelində isə Çin Xalq Respublikasının Baş nazirinin müavini Tsyan Tsiçen Azərbaycanda səfərdə olub. Prezident İlham Əliyev də Çinlə əlaqələrin inkişafına daim xüsusi diqqət ayırıb. 2003-cü ildən sonra dövlətimizin başçısı bir neçə dəfə Çinə rəsmi səfər edib. 2015-ci ilin dekabrında həyata keçirilən səfər zamanı “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında İpək Yolu İqtisadi Kəmərinin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu” imzalanıb. Bu sənəd ölkələrimizin əməkdaşlığında mühüm önəm daşıyır.

2022-ci ilin sentyabrında, Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçirilən Sammiti zamanı Azərbaycan Prezidenti İlham Əliyev ilə Çin Sədri Si Cinpin arasında keçirilən görüşdə iki ölkə arasındakı münasibətlərin gələcək inkişaf istiqamətləri müəyyənləşdirilib. 2023-cü ilin əvvəlindən isə yüksəksəviyyəli ikitərəfli mübadilələrin yeni dalğası başlayıb, qarşılıqlı səfərlər davam edib. 2024-cü il iyulun 3-də isə “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub.

Ölkələrimiz arasındakı ticarət dövriyyəsində də müsbət dinamika müşahidə edilir. Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin həcmi 2024-cü ildə əvvəlki illə müqayisədə 20,7 faiz artıb və 3,744 milyard dollar təşkil edib. Bununla da Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib.

Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsindəki birgə əməkdaşlıq, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının fəaliyyəti, Asiya İnfrastruktur İnvestisiya Bankı ilə həyata keçirilən birgə layihələr və Azərbaycanın “Kəmər və yol” təşəbbüsünə qoşulması, Azərbaycan ilə Çin arasındakı iqtisadi əlaqələri daha da gücləndirib. Azərbaycanın “Kəmər və yol” təşəbbüsünə verdiyi önəm 2017-ci ilin oktyabrında Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı ilə öz təsdiqini tapıb. Bu mühüm layihə həm Azərbaycan, həm də Çin üçün iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə və regional ticarət marşrutlarının inkişafına xidmət edir. Çin hökuməti bu dəmir yolunun istifadəyə verilməsini və tikintisində Azərbaycanın oynadığı mühüm rolu yüksək qiymətləndirib. Eyni zamanda, Şərq-Qərb və Orta Dəhliz layihələri çərçivəsindəki tərəfdaşlıqlar, nəqliyyat və ticarət əlaqələrinin inkişafına böyük töhfə verib. Pekində Azərbaycanın Ticarət Evinin açılması da bu əməkdaşlığın uğurlarını təzahür etdirir.

Prezident İlham Əliyevin Çinə budəfəki dövlət səfəri iki ölkə arasında strateji tərəfdaşlıqda yeni mərhələnin əsasını qoydu. Aprelin 23-də Pekində Azərbaycan Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpin “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ı imzaladılar. Səfər çərçivəsində Azərbaycan və Çin arasında ümumilikdə 21 sənəd imzalandı. İmzalanan sazişlər arasında “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” xüsusi önəm daşıyır. Bundan başqa “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi ilə Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyi arasında humanitar minatəmizləmə sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu”,“Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında  cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında Müqavilə”, “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında texniki-iqtisadi əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Elm və Texnologiya Nazirliyi arasında elm və texnologiya sahələrində əməkdaşlıq haqqında Protokol”, “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Çin Xalq Respublikasının Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Çin Xalq Respublikasının Mədəniyyət və Turizm Nazirliyi arasında 2025-2029-cu illər üzrə mədəni əməkdaşlıq haqqında Protokol”, “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi ilə Çin Xalq Respublikasının Milli Əqli Mülkiyyət Administrasiyası arasında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Çin Milli Kosmik İdarəsi (CNSA) arasında kosmosda əməkdaşlıq və kosmik fəzadan dinc məqsədlər üçün istifadə haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Dövlət Neft Fondu ilə Çinin İnvestisiya Korporasiyası arasında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında “Bir kəmər, bir yol” təşəbbüsünün birgə təşviqi üzrə Əməkdaşlıq Planı”, “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Çin Xalq Respublikasının Milli İnkişaf və İslahat Komissiyası arasında yaşıl və aşağı karbonlu inkişaf əməkdaşlığına dair Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Çin Xalq Respublikasının Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi arasında sənaye sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında beynəlxalq multimodal daşımalar haqqında Saziş”, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Çin Xalq Respublikasının Kommersiya Nazirliyi arasında maneəsiz ticarət üzrə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə dair Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Çin Xalq Respublikasının Kommersiya Nazirliyi arasında rəqəmsal iqtisadiyyatda investisiya əməkdaşlığının gücləndirilməsi haqqında Anlaşma Memorandumu”, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə Sinxua İnformasiya Agentliyi arasında xəbər mübadiləsi və əməkdaşlıq haqqında müqavilə”, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti ilə Çin Media Qrupu arasında Əməkdaşlıq Sazişi”, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Çin Xalq Respublikasının Milli Məlumat Administrasiyası arasında rəqəmsal iqtisadiyyat üzrə əməkdaşlığın gücləndirilməsinə dair Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri ilə Çin Xalq Respublikasının Sincan-Uyğur Muxtar Rayonunun Urumçi şəhəri arasında qardaşlaşmış şəhər münasibətlərinin qurulmasına dair Niyyət Məktubu” imzalandı.

Sədr Si Cinpin Prezident İlham Əliyevlə danışıqlar zamanı bildirdi ki, ölkələrimiz hərtərəfli strateji tərəfdaşlığın yaradılmasını elan ediblər. Çin liderinin sözlərinə görə, bir sıra əməkdaşlıq sənədlərinin imzalanması ikitərəfli münasibətlərin genişlənməsinə kömək edir. "İnanıram ki, sizin səfəriniz məhsuldar nəticələr verəcək", - deyə o vurğuladı.

Dövlət başçısı səfər çərçivəsində Çin Xalq Respublikasının Dövlət Şurasının Baş naziri Li Çianq ilə, Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin Sədri Cao Lıci ilə, “China Energy Engineering Corporation Limited” (“Energy China”) şirkətinin sədri Sonq Hailianq ilə görüşdü, Çinin CGTN (China Global Television Network) telekanalına müsahibə verdi.

Azərbaycan ilə Çin arasında formalaşan strateji tərəfdaşlıq münasibətləri təkcə ikitərəfli əməkdaşlıq çərçivəsində deyil, həm də regional və qlobal səviyyədə sülhə, sabitliyə və inkişafına töhfə verən nümunəvi model kimi çıxış edir. Prezident İlham Əliyevin səfərdən öncə Çinin "Sinxua" agentliyinə müsahibəsində dediyi kimi, qədim tarixə və xeyirxah ənənələrə əsaslanan Azərbaycan-Çin münasibətləri yüksələn xətlə inkişaf edir, strateji tərəfdaşlığımız isə yeni müsbət məzmunla zənginləşir. Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilir. Qlobal güc mərkəzləri ilə siyasi və iqtisadi əlaqələrin inkişafı, əməkdaşlığın daha da genişləndirilməsi isə ölkəmiz üçün böyük önəm daşıyır. Bu mənada, Çin Xalq Respublikası ilə əlaqələrin əhəmiyyəti xüsusi məna kəsb edir. Dövlət başçısının bu səfəri Azərbaycan-Çin münasibətlərində yeni dövrün əsasını qoydu, qarşılıqlı əməkdaşlığın daha da sürətlənməsinə təkan verdi. 

                                                                                                             Nailə Tağızadə

2025-04-24 / 16:59
Facebook