Ermənistan seçim qarşısında; müharibə ya sülh?!

 

Uzun müddətdir ki, Azərbaycan-Ermənistan ikitərəfli danışıqlarında Ermənistanın anti-sülh siyasəti ucbatından fasilə ya­ranıb. Bundan əlavə, Ermənistanda mövcud olan revanşist qüvvələr son vaxtlar Azərbaycanla şərti sərhəddə təxribatlar törətməklə yanaşı, sülh prosesinə əngəl ola biləcək fikirlər, hətta terrora çağırış, yeni müharibə hədələri ilə çıxış edirlər.

İllərlə işğaldan əziyyət çəkən tərəf olmasına baxmayaraq Azərbaycan daim sülhün keşiyində dayanıb, danışıqlar yolu ilə razılaşmanın tərəfdarı olub. Azərbaycan öz suveren hüququndan istifadə edərək ərazi bütövlüyünü bərpa edib və dəfələrlə də bəyan edilib ki, bizim heç kimin torpağında gözümüz yoxdur, eyni zamanda bir qarış torpağımızı da heç kimə verən deyilik. 10 noyabr razılaşmasından keçən 4 ildən çox vaxt ərzində də sülh üçün təşəbbüs göstərən tərəf yenə bizik. Ermənistan isə sözdə sülhdən danışsa da, əməldə tamamilə başqa mövqe nümayiş etdirir.

Ermənistan hökumətinin başçısı Nikol Paşinyan aprelin 15-də ölkə parlamentində verdiyi açıqlamada bildirib ki: “Müharibə olmayacaq, sülh olacaq. Ermənistan və Azərbaycan xalqları sülhə və dinc yanaşı yaşamağa layiqdir”. O, Azərbaycanla yeni gərginlik və ya müharibənin başlanması üçün hər hansı əsas görmədiyini vurğulayıb. Paşinyan Azərbaycan və Ermənistanın bir-birinin ərazi bütövlüyünü və suverenliyini, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığını, həmçinin güc tətbiqinin, yaxud güc tətbiqi ilə hədələmənin yolverilməzliyini tanıdıqlarını da xatırladıb. Paşinyan hətta bir az da irəli gedərək özünü sülh təşəbbüskarı olaraq təqdim edib.

Baş nazir ölkəsinin mövcud təcavüzkar konstitusiyasını yenə müdafiə edərək, bu amilin sülh sazişini imzalamaqdan imtina üçün əsas ola bilmədiyini vurğulayıb. Bunun ardınca isə Paşinyan məsuliyyəti üzərindən ataraq onu Konstitusiya Məhkəməsi ilə bölüşüb: “Sülh müqaviləsinin imzalanması kontekstində Azərbaycan iddia edir ki, Ermənistanın konstitusiyasında ərazi iddiaları var. Konstitusiyanın mətni ilə bağlı rəsmi şərh vermək yalnız Ermənistanın Konstitusiya Məhkəməsinin səlahiyyətindədir”. Maraqlıdır ki, Paşinyan və komandası bundan əvvəl Ermənistan konstitusiyasının dəyişməsi gərəkliyindən tez-tez bəhs edərdilər, hətta lazım gələrsə referendum belə təşkil olunacağı barədə məlumat vermişdilər. Lakin Paşinyan indi buna ehtiyac görmədiyini, əsas qanuna Konstitusiya Məhkəməsinin şərh verməsinin vacibliyini vurğulayır.

Paşinyan sülh sazişi ilə eyni zamanda həm də ATƏT-in Minsk qrupunun buraxılması təklifi ilə çıxış edərək guya yeni bir təşəbbüs irəli sürməyə çalışır. Lakin anlamaq istəmir ki bunun üçün ilk növbədə konstitusiyanın dəyişməsi vacibdir. ATƏT-in Minsk qrupunun ləğvi isə Azərbaycanın qoyduğu şərtlərdən ikincisidir.

Aprelin 9-da ADA Universitetində təşkil edilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumdakı çıxışında Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan sülh üçün əlindən gələni edib və prosesin tamamlanması üçün Ermənistanın da üzərinə düşən öhdəlikləri yerinə yetirməsi lazımdır. “Biz Ermənistanda kifayət qədər güclü revanşist qrupların olduğunu bilirik. Mən onları iki qrupa bölərdim: 30 illik işğala görə məsuliyyət daşıyan fəal revanşistlər və guya konstruktiv yanaşma sərgiləməyə cəhd göstərən, lakin, əslində, eyni revanş və intiqam hissi ilə yaşayan bugünkü hökumət olan passiv revanşistlər. Onların ölümcül silahları almasının səbəbi də budur. Onlar bəzi silahları pulsuz əldə edirlər. Bu, onların Azərbaycana qarşı yeni hərbi əməliyyatları planlaşdırmalarının səbəbidir. Bu səbəbdən onlar ATƏT-in Minsk qrupunun buraxılmasına dair bizim legitim təklifimizi qəbul etmək istəmirlər. Çünki bizim hamımızın bildiyi kimi, Minsk qrupu Qarabağ münaqişəsi ilə bağlı olan məsələləri həll etmək üçün yaradılmışdır”, - Prezident İlham Əliyev bəyan etdi.

Qeyd edək ki, rəsmi Bakı ikitərəfli, birbaşa görüş tərəfdarıdır. Və ilk dəfə bu təşəbbüs reallaşandan sonra sülh sazişi ilə bağlı sənəd də hazır olmuşdu. Türkiyə KİV-inə müsahibəsində Ermənistan xarici işlər naziri Ararat Mirzoyan da qeyd etmişdi ki, Ermənistan və Azərbaycan vasitəçilər olmadan bir-birini daha yaxşı anlayır. O xatırladıb ki, nizamlanma prosesində Rusiya, ABŞ və Avropa İttifaqı da daxil olmaqla, çoxsaylı vasitəçilər və yardımçı tərəflər iştirak edib: “Lakin Ermənistan-Azərbaycan danışıqlarının tarixi göstərir ki, ən yaxşı nəticələrə məhz birbaşa ikitərəfli dialoq formatında nail olunub”.

Lakin Ermənistan üzdə belə bir mövqe bəyan etsə də, pərdəarxası regiondan kənar qüvvələri məsələyə daxil etməkdə israrlı görünür. Bu işdə aparıcı qüvvə isə hər zamankı kimi Fransadır. Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baro aprelin 14-də Avropa İttifaqı ölkələrinin xarici işlər nazirlərinin Lüksemburqda keçirilən iclası çərçivəsində çıxış edərkən regional gərginlik, sülh prosesi və hazırda Azərbaycanda mühakimə olunan ermənilərlə bağlı bəzi anti-Azərbaycan iddiaları səsləndirib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransa rəsmilərinin ölkə əleyhinə iddialarına verdiyi cavabında rəsmi Bakının Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baronun bu ölkənin Azərbaycandakı səfirinin də istinad etdiyi iddialarını qətiyyətlə rədd etdiyini və pislədiyini bildirdi: "Fransanın siyasətindəki ikili yanaşma, sülh niyyətini bəyan edərkən münaqişəyə sürükləyən davranışlar narahatlıq doğuran uyğunsuzluğu nümayiş etdirir. Belə ikiüzlü siyasət regionda davamlı sülh perspektivlərinə mane olur".

Maraqlıdır ki, Paşinyanın parlamentdəki çıxışından sonra da Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın fransız həmkarı Jan-Noel Barro ilə telefon danışığı olub. Diplomatlar regional və ikitərəfli məsələləri müzakirə ediblər. Fransa yəqin ki yenə öz göstərişlərini verib, Ermənistan hakimiyyəti də bu xətt üzrə gedəcəyini bildirib.

Hazırda şərti sərhəd xəttində baş verən atəşkəs pozuntusuna görə birbaşa erməni ordusu məsuliyyət daşıyır. Erməni KİV-də Azərbaycan hərbçilərinin dinc sakinlərin evlərini və təsərrüfatlarını atəşə tutması barədə tirajlanan xəbərlər ajiotaj yaratmağa istiqamətlənib. Hakim dairələr bir tərəfdən sülh müqaviləsini imzalamağa hazır olduğu barədə mesajlar verir, digər tərəfdən də atəşkəsi pozaraq vəziyyəti qəlizləşdirir.

Ermənistan Xüsusi Təyinatlı Polis Dəstəsi Veteranlar İttifaqının sədri polkovnik Qrişa Sarqsyan bu yaxınlarda erməni mediasına verdiyi müsahibədə bildirib ki, Ermənistan Azərbaycanın strateji obyektlərinə - xüsusilə, Bakı-Tbilisi-Ceyhan neft kəmərinə və Mingəçevir Su Elektrik Stansiyasına raket zərbəsi endirməlidir. "O zaman Azərbaycan özü Ermənistandan sülh diləyəcək", - deyə polkovnik vurğulayıb. Sarqsyan bu bəyanatlarla Ermənistanın aktiv media resurslarından biri - 214 min abunəçisi olan və müxtəlif erməni analitiklər üçün platforma rolunu oynayan "Noyan Tapan" telekanalının efirində çıxış edib. Müsahibə zamanı o, həmçinin Ermənistan konstitusiyasına görə, "Qarabağın Ermənistana məxsus olduğunu" bildirib və müharibəyə hazır olmağın vacibliyini vurğulayıb: "Müharibədən qorxmaq lazım deyil. Əgər düşmənin bizdən qorxmasını istəyiriksə, istənilən anda döyüşməyə hazır olduğumuzu göstərməliyik. Biz o ölkəni daimi qorxu içində saxlamalıyıq".

Növbəti dəfə prezident seçkilərində namizədliyini irəli sürməyə çalışan Ermənistanın keçmiş prezideti Serj Sarkisyan bu yaxınlarda etdiyi çıxışında revanşistləri dəstəkləyərək Ermənistanın müstəqilliyinin və Qarabağ ermənilərinin risk altında olduğunu bildirib. Sarkisyanın çıxışındakı ən vacib məqamlardan biri də ordu ilə bağlı fikirləridir. O bildirib ki, silahlı qüvvələrin XX əsrin çağırışlarına uyğun döyüş qabiliyyətini bərpa etmək, əsgərlərin döyüş ruhunun bərpası, qoşunların hərtərəfli təminatının təşkili, ordunun yüksək səviyyəli peşəkar hərbi kadrlarla doldurulması əsas hədəflərindən biridir. 2026-cı il seçkilərində respublikaçıların qələbə qazanacağı təqdirdə regionu yeni müharibə riski gözləyir və Serj ölkəni müharibə fəlakətinə sürükləyəcəyinin anonsunu verir.Və bu səbəbdən də revanşist qüvvələr sülh müqaviləsinin imzalanmasını yubatmağa çalışırlar.

Azərbaycan bu gün regionda yeni bir reallıq formalaşdırıb.  Bu reallıq Ermənistan və onun havadarları tərəfindən qəbul edilməlidir. Ermənistan vəziyyəti gərginləşdirməkdənsə sülh üçün səy göstərməlidir. Azərbaycanla etibarlı əməkdaşlıq regionda təhlükəsizliyə, sabitliyə və rifaha xidmət edə bilər. Ermənistan özünün əsassız iddialarından əl çəkməli, revanşist qüvvələrin fəaliyyətinə imkan verməməli, sülh prosesinin hazırki mərhələsinin səmərəli şəkildə yekunlaşması üçün səy göstərməli, sülhə daha çox cəhd edən tərəf olmalıdır.

                                                                                                             Nailə Tağızadə

2025-04-18 / 16:42
Facebook