Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatçısı rolunda

 

Azərbaycan Respublikasının geosiyasi əhəmiyyətini artıran, milli maraqlarının təminatında əsas vasitələrdən biri də beynəlxalq aləmdə neft amili ilə bağlıdır.  Azərbaycanın zəngin neft resurslarına malik olan coğrafi məkanda yerləşməsi XX əsrin 90-cı illərində ümummilli lider Heydər Əliyev tərəfindən düzgün qiymətləndirilərək zamanın nəbzinə uyğun olaraq vaxtında milli mənafeyə yönəldildi. 1994-cü il “Əsrin müqaviləsi” ilə  dövlət neft strategiyasının əsası qoyulmuş, dinamik iqtisadi inkişaf başlanmışdır.

Azərbaycanın enerji bazarına daxil olması ilə yeni bir canlanma müşahidə olunmuş, neft-qaz infrastrukturunun şaxələndirilməsi istiqamətində əməli siyasət reallaşdırmışdır. Hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyi məsələlərinin həllində Avropa ilə bu istiqamətdə tərəfdaş kimi işləyir. Təsadüfi deyildir ki, Respublikamız  “Cənub” qaz dəhlizinin əsas iştirakçısı, əsas təşəbbüskarıdır. 

Cənub Qaz Dəhlizi Xəzərdən Avropaya təbii qazın nəql edilməsi üçün nəzərdə tutulan böyük qaz boru kəməri, nəhəng infrastruktur layihəsidir. Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində çıxarılan qazı Gürcüstandan keçməklə Türkiyəyə və oradan da Avropaya daşıyan 3500 kilometrlik "Cənub qaz dəhlizi” üç kəmərdən - CQBK (Cənubi Qafqaz Boru Kəməri), TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) və Trans-Adriatik Qaz Boru Kəmərindən (TAP) ibarətdir. Trans-Adriatik Qaz Boru Kəməri "Şahdəniz-2” qazını Yunanıstanın və Albaniyanın ərazisindən, Adriatik dənizinin altından keçirərək İtaliyanın cənubuna, bu ölkədən də Qərbi Avropaya çatdırır. TAP Cənub Qaz Dəhlizinin Avropa qolu, Azərbaycandan Avropa bazarlarına ildə 10 milyard kubmetr yeni qaz tədarükünü həyata keçirəcək qovşaq layihəsidir. Layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır.

2025-ci il 4 aprel tarixində Bakıda, "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları keçirildi. Azərbaycanın enerji siyasətinə, Cənub Qaz Dəhlizinin əhəmiyyətinə, perspektivlərinə toxunan Prezident İlham Əliyev bildirdi ki: “Uzun illər ərzində Azərbaycan etibarlı tərəfdaş olub və bundan sonra da olacaq. Avropa Komissiyasının yüksəkrütbəli nümayəndələrinin qeyd etdikləri kimi, Azərbaycan enerji sahəsində etibarlı tərəfdaşdır və Pan-Avropa qaz təchizatçısıdır. Bu, həqiqətdir. Qaz təchizatımızın coğrafiyası genişlənir. Bizim Bakıda keçirilmiş son görüşdən, yəni, 10-cu Məşvərət Şurasından sonra əlavə 5 ölkə təbii qazımızın alıcısına çevrildi. Bu gün Azərbaycanın təbii qazı 12 ölkəyə çatdırılır. Onlardan 10-u Avropa ölkəsidir və 8-i isə Avropa İttifaqının üzvüdür. Avropada qaz təchizatımızın coğrafiyası birmənalı olaraq genişlənəcək, çünki bu gün bəzi Avropa ölkələrinin qazpaylama şəbəkəsinin yaradılmasında artıq iştirak edirik. Onların bəzilərində yoxdur, digərləri isə genişləndirilməlidir və Azərbaycan investor kimi bunu etməyi planlaşdırır. Beləliklə, qaz təchizatımızın coğrafiyası birmənalı olaraq müxtəlif yollarla, o cümlədən interkonnektorlar vasitəsilə genişlənəcək”.

Qeyd edək ki, 18 iyul 2022-ci il tarixində Azərbaycan ilə Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzala­ndı. Bundan sonra Azərbaycanın  Avropaya qaz təchizatı təxminən 60 faiz artdı. Belə ki, Avropaya qaz təchizatımız 2021-ci ildə təxminən 8 milyard kubmetr idisə, ötən il demək 13 milyard kubmetr oldu. Bu göstərici bizim 25 milyard kubmetrlik ümumi ixracatımızın təxminən yarısından çox deməkdir və bundan sonra da artacağı proqnozlaşdırılır. Dövlət başçısı çıxışında vurğuladı ki, əgər təbii qaza qənaət etmək imkanı verən yaşıl enerji gündəliyini də əlavə etsək, Azərbaycan enerji təhlükəsizliyi baxımından tərəfdaşları üçün daha mühüm rol oynayacaq. Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı üçün böyük bir potensial mövcuddur. Ölkəmiz günəşli və küləkli günlərin sayına görə potensial imkanlara malikdir.  Qeyd edək ki, 2020-ci il 9 yanvar tarixində Azərbaycanın Energetika Nazirliyi ilə "ACWA Power" və "Masdar" şirkətləri arasında bərpa olunan enerji üzrə pilot layihələrin reallaşdırılmasına dair icra müqavilələri imzalanıb. Bu müqavilələr bizə 2030-cu ilə qədər 6 giqavat günəş və külək enerjisi təmin edəcək. Bunun da  nəticəsində daxildə bu gün elektrik enerjisinin istehsalında istifadə etdiyimiz təbii qaza xeyli dərəcə qənaət etmək imkanı yaranacaq və həmin qaz ixraca yönələcək. İşğaldan azad edilmiş Şərqi Zəngəzur və Qarabağ ərazilərində isə 270 meqavatlıq su elektrik stansiyaları qurulub. Artıq 30-dan çox kiçik su elektrik stansiyası istismara verilib və maksimum növbəti beş ildə bu rəqəm əlavə 30 kiçik su elektrik stansiyası ilə 500 meqavata çatdırılacaq. Beləliklə, nəticədə 2030-cu ilə qədər 6.5 giqavatlıq enerji potensialı yaranacaq. Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan 2030-cu ilə qədər bərpaolunan enerji sahəsində quraşdırılmış güclərin 30 faizə qədər artırılması, Qarabağ və Şərqi Zəngəzuru "yaşıl enerji" zonasına çevirmək kimi mühüm məqsədləri qarşısına qoyub. Azərbaycanın “Yaşıl enerji” strategiyasına keçidi enerji təhlükəsizliyinə verilən əvəzsiz töhvədir. Bütün bunlar onu göstərir ki, Azərbaycan nəinki xam neft, neft məhsulları və təbii qaz, eyni zamanda, elektrik enerjisinin böyük istehsalçısı və ixracatçısı olacaqdır. Növbəti beş il ərzində Azərbaycanın bərpaolunan mənbələrdən enerji istehsalı potensialı demək olar ki, iki dəfə artırılacaq.

Yaşıl Enerji Məşvərət Şurasının iclasında Azərbaycandan Avropaya gedən yaşıl kabel də müzakirə mövzusu idi. Layihənin texniki əsaslandırma işləri son mərhələdədir. Qeyd edək ki, 2022-ci il 17 dekabr tarixində Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb İmzalanan sənəd elektrik enerjisinin Azərbaycandan Gürcüstan və Qara Dəniz vasitəsilə Rumıniya və Macarıstana ötürülməsi üçün infrastruktur yaradılmasını nəzərdə tutur. Təxminən 1200 kilometrlik kabel Azərbaycan və Gürcüstandan Rumıniya və Macarıstana elektrik enerjisini çatdıracaq. Layihə altı il ərzində tamamlanmalıdır. Bu layihə Avropa İttifaqının Rusiya enerjisindən asılılığını azaltmaq cəhdinin bir hissəsidir. Bu saziş Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında necə əhəmiyyətli rol oynadığını bir daha göstərir.

Respublikamızın gerçəkləşdirdiyi enerji siyasəti bütövlükdə regionun siyasi və iqtisadi inkişafına, rifahına xidmət edir. Bütün bu uğurların təməli isə “Əsrin müqaviləsi”nə söykənir. Prezident İlham Əliyev daim xüsusi vurğulayır ki, Azərbaycan Respublikasının həyata keçirdiyi neft və qaz layihələri bu gün dünyada enerji inkişafının möhkəm bünövrəsidir. Azərbaycan bu gün Avropa, bütövlükdə dünya enerji bazarında aparıcı qüvvədir. Cənub Qaz Dəhlizi Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri baxımından da tarixi hadisədir. Bununla, Azərbaycan Avropanın enerji təchizatının şaxələndirilməsi məsələsində getdikcə artan vacib rol oynayacaq. Azərbaycan bu gün dünyəvi arenada  arzulanan strateji tərəfdaşdır. Dövlətimizin enerji təhlükəsizliyinə verdiyi töhfələr danılmazdır. Bu səbəbdən də, bugünki mürəkkəb beynəlxalq şəraitdə Azərbaycanla əməkdaşlıq diqqət mərkəzindədir.Həyata keçirilən məqsədyönlü və praqmatik siyasət nəticəsində Azərbaycan Respublikası beynəlxalq enerji təhlükəsizliyi sisteminin başlıca subyektlərindən birinə çevriləcək.

                                                                                                        Nailə Tağızadə

2025-04-08 / 18:18
Facebook