Rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər 30 ilə yaxın doğma yurdun həsrətini çəkən məcburi köçkün həmvətənlərimizin işğaldan azad edilmiş ərazilərdəki doğma yurd yerlərinə qayıtmasına imkan yaratdı. 19 iyul 2022-ci il tarixindən etibarən Qarabağa Böyük Qayıdış prosesinə start verildi.
Bu prosesin davamı olaraq 27 mart 2025-ci il tarixində Ağdam rayonunun işğaldan sonra birinci yaşayış məntəqəsi keçmiş köçkünlərin sərəncamına verildi. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 27-də Ağdam rayonunun Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak etdilər.
Sarıcalı kəndi Birinci Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü il iyulun 23-də işğal olunmuşdu. İşğal dövründə kənd viran qoyularaq xarabalığa çevrilmişdi, burada evlərlə yanaşı, məktəb, uşaq bağçası, səhiyyə, ticarət, iaşə obyektləri də vəhşicəsinə məhv edilmişdi. Vətən müharibəsində Ordumuzun şanlı Qələbəsindən sonra üçtərəfli Bəyanata əsasən, Ağdam rayonu noyabrın 20-də Azərbaycana qaytarılıb. Sarıcalı kəndi işğaldan azad edildikdən sonra burada azərbaycanlılara aid kütləvi məzarlıq aşkarlanıb. İşğaldan əvvəl kənddə 239 ailə, ümumilikdə 1024 nəfər əhali yaşayıb.
Ağdam şəhərinin mərkəzindən 6 kilometr məsafədə yerləşən bu kəndin təməlini 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev qoyub. Sarıcalı kəndi 1873 nəfər (425 ailə) əhali üçün planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 123 hektardan çoxdur. Ümumilikdə kənddə 2 mərhələ üzrə 425 fərdi evin inşası nəzərdə tutulub. Burada əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılıb, təhsil, iqtisadi, sosial və məişət təyinatlı müxtəlif müəssisələr, klub-icma və mədəniyyət mərkəzləri tikilib. Burada sosial məsələlər də öz həllini tapıb. Kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sarıcalı kəndində yerli icra strukturları üçün inşa olunmuş çoxfunksiyalı inzibati binanın açılışında iştirak etdilər. Kəndin girişində inşa edilmiş bu binada bir sıra qurumlar fəaliyyət göstərəcək. Xüsusi qeyd olunmalıdır ki, kənddə inşa olunmuş bütün qeyri-yaşayış binalarının, o cümlədən inzibati binanın damında günəş panelləri quraşdırılıb. Bu panellər vasitəsilə binaların elektrik ehtiyacları təmin ediləcək.
Dövlət başçısı və birinci xanım Sarıcalı kəndində yeni inşa edilmiş fərdi yaşayış evlərində yaradılan şəraitlə də tanış oldular. Qeyd edək ki, birinci mərhələ üzrə buraya 895 nəfərin (203 ailə) köçürülməsi planlaşdırılır. Artıq 203 fərdi ev inşa olunub. Evlər iki, üç, dörd və beşotaqlıdır. Məskunlaşdırılacaq əhalinin gələcək sayı nəzərə alınaraq, kəndin salınmasının birinci mərhələsi üçün 54 hektar torpaq sahəsi ayrılıb.
Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sarıcalı kənd körpələr evi-uşaq bağçasının və Sarıcalı kənd tam orta məktəbinin binasının açılışında iştirak etdilər. Müasir standartlara uyğun inşa edilmiş 100 yerlik körpələr evi-uşaq bağçasında azyaşlıların təlim-tərbiyəsi və onların sağlam mühitdə yetişmələri üçün hər cür şərait var. Körpələr evi-uşaq bağçasında 5 qrup fəaliyyət göstərəcək. 14 sinif otağı olan 360 şagird yerlik məktəbdə isə təhsil prosesinin səmərəli şəkildə həyata keçirilməsi üçün lazımi şərait yaradılıb, otaqlar zəruri dərs vəsaitləri ilə təchiz edilib. Burada laboratoriyalar, texnologiya, biologiya və informatika otaqları, çağırışaqədərki hazırlıq kabineti, kitabxana, akt və idman zalları, yeməkxana yaradılıb.
Sonra dövlətimizin başçısı və birinci xanım yeni mənzillərə köçən sakinlərlə görüşüb, onlara evlərin açarlarını təqdim etdilər. Dövlət başçısı sakinlərlə görüşdə bildirdi ki: “Mən işğal dövründə keçmiş köçkünlərlə çoxsaylı görüşlərim zamanı onlara müvəqqəti yaşayış evlərini təqdim edərkən hər dəfə deyirdim ki, torpaqlar azad olunandan sonra daha da gözəl şərait yaradılacaq və biz sizi öz doğma torpağınıza qaytaracağıq. Bu gün də o sözlərimin təsdiqi bir daha öz yerini tapır. Artıq 13-cü yaşayış məntəqəsidir ki, keçmiş köçkünlər qayıdırlar. Bütün keçmiş köçkünlər üçün gələcəkdə bu cür şərait yaradılacaq. Ağdam rayonunun işğaldan sonra birinci yaşayış məntəqəsi keçmiş köçkünlərin sərəncamına verilir. Ancaq bu il digər kəndlərə də ağdamlılar qayıdacaqlar. Kəngərli, Xıdırlı kəndlərinə bu il qayıdış nəzərdə tutulub, digər kəndlərdə inşaat işləri gedir. Təbii olaraq, Ağdam şəhəri sıfırdan qurulur, yenidən qurulur və ölkəmizin ən gözəl şəhərlərindən birinə çevriləcək”.
Ağdamın yenidən qurulduğunu vurğulayan dövlət başçısı aparılan genişmiqyaslı quruculuq işlərinə toxundu. Ağdam-Bərdə yolunun yenidən qurulduğunu, Ağdam-Xankəndi yolunun inşa edildiyini, dəmir yolu çəkildiyini və bu il istifadəyə veriləcəyini, vağzal kompleksinin inşa edildiyini bildirdi. Dövlət başçısı xüsusi vurğuladı ki, birinci bərpa olunan bina Ağdam məscidi olmuşdur. İşğal dövründə mənfur düşmən dünya müsəlmanlarını təhqir etmək üçün orada heyvan saxlayırdı. “İmarət” Kompleksi, Natəvanın qəbri bərpa olundu, Xaçınçay su anbarı yenidən quruldu, Ağdam Muğam Mərkəzi inşa edilir. Ağdamda böyük sənaye kompleksinin fəaliyyət göstərdiyini qeyd edən dövlət başçısı bu kompleksin Qarabağ, Şərqi Zəngəzur bölgəsinin ən böyük sənaye kompleksi olacağını bildirdi. Həmçinin bu ildən bir neçə yaşayış kompleksinin də istifadəyə veriləcəyini bildirdi. Bununla bərabər, bölgənin turizm imkanları nəzərə alınaraq iki mehmanxana artıq fəaliyyətə başlayıb və həm Ağdam, həm Füzuli, həm ətraf bölgələrə xidmət göstərəcək. Dövlət başçısı onu da xüsusi vurğuladı ki, əgər bütövlükdə azad edilmiş torpaqlarda gedən işləri götürsək, qısa müddət ərzində bu qədər bərpa işləri heç bir ölkədə heç vaxt görülməmişdir.
Bu gün artıq Ağdama da qayıdışın ilk addımı atılıb. Erməni işğalından azad olunmuş digər ərazilərimizdə də “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşdırılması həmin ərazilərdə sosial innovasiyaların, kiçik sahibkarlığın inkişafına şərait yaradacaq, həmçinin Qarabağ regionunun həm də texnoloji innovasiya-startap mərkəzi kimi cəlbediciliyini daha da artıracaq. Bütün bu fəaliyyət isə onu deməyə əsas verir ki, Qarabağın bütün bölgələri tezliklə dirçələcək, Qarabağımızda həyat əvvəlki vəziyyətinə qayıdacaq.
Nailə Tağızadə