XII Qlobal Bakı Forumu

 

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2025-ci il martın 13-15-də XII Qlobal Bakı Forumu keçirildi. Əvvəlki forumlarda olduğu kimi, bu tədbirdə də dünyanın müxtəlif ölkələrinin prezidentləri, Baş nazirləri, nazirləri, parlamentariləri, həmçinin sabiq dövlət və hökumət rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak etdilər.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri çərçivəsində 2012-ci il sentyabrın 30-da böyük mütəfəkkirin Vətəni Gəncədə keçirilmiş xüsusi toplantıda təsis edilib. Hazırda Mərkəz qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq təsisata çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır. Bakı Forumu beynəlxalq liderləri bir araya gətirərək qlobal siyasət, təhlükəsizlik, texnologiya və sülh kimi məsələlərin müzakirəsinə şərait yaradır.

“Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusuna həsr olunan budəfəki forum xüsusilə son zamanlar aktual olan məsələləri əks etdirdi. Forumda dünyanın müxtəlif regionlarından 400-ə yaxın nüfuzlu siyasi xadim, o cümlədən azı 50 fəaliyyətdə olan və sabiq prezident, Baş nazir, həmçinin BMT strukturlarının rəhbərləri, Nobel mükafatı laureatları, alimlər və ekspertlər iştirak etdilər. XII Qlobal Bakı Forumunda qlobal aktual problemlər, çoxtərəfli diplomatiya, çoxqütblü dünya nizamı, BMT-nin gələcək paktı, postmünaqişə dövründə bərpa-quruculuq işləri və orta güclərin yeni dünya düzənində rolu kimi vacib mövzular müzakirə olundu.

Forumun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bildirdi ki, Qlobal Bakı Forumu qlobal gündəlikdəki mühüm məsələlərin həllində aparıcı beynəlxalq platformalardan birinə çevrilib. Dövlət başçısı Beynəlxalq Mərkəzin üzvlərinin Azərbaycanda ötən ilin noyabrında keçirilmiş COP29 tədbirində fəal iştirakını vurğuladı. Bu fəaliyyətin COP29-un uğuruna böyük töhfə olduğunu bildirdi.

Prezident çıxışında COP29-la bağlı Azərbaycan olan təzyiqlərə, qarayaxma kompaniyasına xüsusi toxundu. İlham Əliyev bu kompaniyaların iki mərkəzdən qaynaqlandığını bildirdi: “Onlardan biri - ABŞ-ın Dövlət Departamenti idi. “Vaşinqton Post”, “Nyu-York Tayms”, “Politico”, “Newsveek” və “Assoşieyted Press” kimi yalan xəbər mənbələri, sadəcə, ABŞ Dövlət Departamentinin təlimatlarını icra edirdilər.

İkinci mənbə isə Fransa prezidentinin ofisi, cənab Makron, onların “Le Monde”, “Fiqaro” və digər bu kimi saxta xəbər mətbuatı idi. Bir sözlə, bu, COP29-un boykot edilməsinə yönəlmiş qarayaxma və böhtanın əlaqələndirilmiş kampaniyası idi”.

Ermənistan-Azərbaycan sülh prosesinə də toxunan dövlət başçısı Ermənistanın törətdiyi faciələrə, vəhşətlərə rəğmən Azərbaycanın gələcəyə istiqamətləndiyini, Cənubi Qafqazda sülhə nail olunmasının vacibliyini vurğuladı.

Dövlət başçısı bir daha vurğuladı ki, sülh müqaviləsinin müəllifi Azərbaycandır. “Bizə lazımdır ki, onların Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olmasın. Orada Azərbaycana qarşı ərazi iddiaları hələ də qalır. Bizə lazımdır ki, ATƏT-in Minsk qrupu buraxılsın. Biz bu mesajı Ermənistana çatdırırıq və deyirik ki, Minsk qrupunun saxlanılmasında məntiq yoxdur. O, Qarabağ məsələsinin həlli üçün yaradılmışdı. İndi Qarabağ məsələsi həll olunub. Ermənistan Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır. ATƏT-in həmin qrupunun buraxılması üçün ümumi müraciətdə siz bizə niyə qoşulmursunuz? Onlar istəmirlər. Belə çıxır ki, onlar bir ayağını ərazimizdə yer saxlamaq üçün edir. Əlbəttə ki, virtual olaraq. Onların silahlanması – bu, nəyi göstərir?” – deyən dövlət başçısı onların dediyinin heç bir əhəmiyyət kəsb etmədiyini, bizə sənədlər, yazılı kağızlar lazım olduğunu bildirdi.

İlham Əliyev Ermənistanın hələ də silahlandığını, yeni müharibəyə hazırlaşdığını bəyan etdi: “Kim onları yenidən müharibəyə sürükləyir? Fransa və onun Prezidenti. Onların Ermənistanı təchiz etdiyi məhvedici silahlar bizə qarşı yönəlir. Bu gün başqa yerdə lazım ola biləcək “Sezar” haubitsaları Ermənistana göndərilir. Əslində, Avropa İttifaqının kəşfiyyat missiyası olan dırnaqarası Avropa monitorinq missiyası gecə-gündüz casus kimi sərhədlərimizdə dayanır və baxırlar ki, bəlkə haradan, bir yerdən girə bilsinlər. Bizim də həmin dırnaqarası monitorinq missiyası barədə kifayət qədər kəşfiyyat məlumatımız var. Avropanın Sülh Fondu milyonlarla dolları Ermənistanı silahlandırmaq üçün ona verir. Bəli, onlar deyir ki, bu pul qeyri-məhvedici hərbi qurğular üçündür”.

Dövlət başçısı sonda Forum və onun üzvlərinin xüsusən də indi, kəskin geosiyasi dəyişikliklərdən sonra keçirilən tədbirdə ideya və yanaşmalar irəli sürəcəyinə əminliyini ifadə etdi.

Forumda “Geosiyasi dəyişmələr: Məsuliyyətli tərəfdaşlıq rəqabətə qarşı”, “Çoxqütblü dünya üçün multilateralizmə yenidən baxılması” və “Gələcək üçün BMT paktı: Yeni qlobal konsensusun yaradılması” mövzularında panellər təşkil olundu. Sülhə və barışığa töhfə verdiyi üçün UNESCO-nun xoşməramlı səfiri Kim Fuc Fan Thiya 2025-ci il “Nizami Gəncəvi” Beynəlxalq Mükafatı təqdim edildi. Qeyd edək ki, “Nizami Gəncəvi Beynəlxalq mükafatı” 2012-ci ildə təsis edilib. Mükafat böyük Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində təbliğ etdiyi ümumbəşəri dəyərləri özündə cəmləşdirən görkəmli şəxsiyyətlərə və qurumlara təqdim olunur.

“Sülhə gedən yol”, “Yeni dünya nizamında orta güclər” və “Sülh - münaqişə sonrası yenidənqurma və regional sabitliyin yenidən bərpası” mövzularında panelləriylə yanaşı, Yaxın Şərq və Ukrayna-Avropa Birliyi məsələlərinə həsr olunmuş nahar sessiyaları keçirildi. “COP29:Belem üçün sıçrayış – Transformasiyanın sürətləndirilməsi” və “Avropanın gələcəyi” mövzuları gecə sessiyalarında müzakirə olundu.

Forumda yeni texnologiyalar, gender və təhlükəsizlik, iqlim dəyişikliyinin təsiri, qlobal səhiyyə böhranları və onların həlli yolları da diqqət mərkəzində oldu. Xüsusilə, "Yeni dünya üçün yeni texnologiyalar", "Gender-Təhlükəsizlik-İqlim bağlantısı" və "Qlobal səhiyyə böhranı: Hazırlıq və bərabərlikdə yeni cəbhələr" panelləri bu istiqamətdə vacib mövzuları əhatə etdi. Forumun ən diqqətçəkən hissələrindən biri isə gənclərin fikirlərinə həsr edilən "Gənclər danışsın, biz dinləyək" paneli oldu.

Bakı Forumu qarşılıqlı anlaşmaya əsaslanan müzakirələr aparmaq üçün unikal platformadır. Bu mühüm beynəlxalq tədbir sülh, təhlükəsizlik və dayanıqlı inkişaf mövzularında qlobal dialoqa və əməkdaşlığa töhfə verir. Forum dünya liderlərini, nüfuzlu ekspertləri və beynəlxalq təşkilatları bir araya gətirərək, qlobal çağırışlara qarşı birgə həll yollarının müzakirə olunduğu vacib platforma rolunda çıxış edir. Dünyada mühüm geosiyasi proseslərin baş verdiyi bir dövrdə reallaşan builki forumun mövzusu isə əvvəlki forumların mövzusundan daha vacib əhəmiyyət kəsb etdi. Forum ölkəmizin beynəlxalq dialoqa verdiyi töhfəni və multilateralizmə sadiqliyini bir daha nümayiş etdirir. Azərbaycan bir daha özünü qlobal miqyasda etibarlı tərəfdaş, sülh və sabitlik naminə təşəbbüslərə ev sahibliyi edən bir dövlət kimi təqdim etdi.

                                                                                                          Nailə Tağızadə

2025-03-14 / 17:21
Facebook