Azərbaycan-Türkiyə strateji tərəfdaşlığında mühüm layihə; İğdır-Naxçıvan qaz kəməri …

 

Azərbaycan–Türkiyə əlaqələri günü-gündən güclənir, möhkəmlənir və daha da dərinləşir. İki dövlət arasındakı əməkdaşlıq ölkə prezidentlərinin iradəsinə uyğun olaraq yeni inkişaf mərhələsinə qədəm qoyub.

Bu gün Azərbaycan və Türkiyə regionda, eyni zamanda beynəlxalq aləmdə baş verən bütün hadisə və proseslərə münasibətdə eyni mövqedən çıxış edirlər. 44 günlük Vətən müharibəsində Türkiyənin göstərdiyi siyasi dəstək Azərbaycanın haqq işinin qazanılmasında böyük rol oynadı. Vətən müharibəsi zamanı həm dövlət, həm də millət səviyyəsində ən güclü dəstəyi  Türkiyədən aldıq. İkinci Qarabağ müharibəsindəki tarixi Qələbə qardaş ölkələrin həm də hərbi-siyasi əməkdaşlığına, iqtisadi əlaqələrinə və diplomatik gücünə, Azərbaycan-Türkiyə amilinin möhkəmlənməsinə töhfə verdi. Vətən müharibəsinin ilk günündən yanımızda olan qardaş Türkiyə Qarabağımızın bərpası prosesində yanımızdadır. Ötən il fevralın 6-da Türkiyədə baş verən dəhşətli zəlzələnin ilk günündən Azərbaycanın da qardaş ölkənin yanında olması Türkiyə və Azərbaycanın həm sevincli, həm də kədərli anlarında biri-birinin yanında olduğunu təsdiqlədi.

5 mart 2025-ci il tarixində Türkiyə ilə Azərbaycan arasında yenə mühüm əhəmiyyətli bir layihə reallığa çevrildi. Ankarada İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimi keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə iştirak etdilər. Dövlət başçılarının çıxışlarından sonra videobağlantı formatında İğdır-Naxçıvan qaz kəmərinin açılışı oldu. Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar İğdırda qaz kəmərini işə saldılar.

Açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bildirdi ki, bu layihə Naxçıvanın enerji təhlükəsizliyini təmin edəcək. Dövlət başçısı qeyd etdi ki, çünki Azərbaycandan gələn qaz Türkiyə ərazisindən Naxçıvana ötürülərək artıq Naxçıvanı da bu problemdən xilas etmiş olacaq.  İki qardaş ölkənin nəhəng layihələr həyata keçirdiyi vurğulayan dövlət başçısı  Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP kimi neft-qaz boru kəmərləri layihələrinin nəinki ölkələrimizi birləşdirdiyini, eyni zamanda, Avrasiyanın enerji xəritəsini dəyişdirdiyini qeyd etdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə vurğuladı ki, İğdır-Naxçıvan təbii qaz boru kəməri enerji sahəsində daha əvvəlki strateji təşəbbüslərimizi tamamlayacaq, həmçinin Naxçıvan ilə ortaq taleyimizin bir nişanəsi olacaq. Rəcəb Tayyib Ərdoğanın da vurğuladığı kimi: “Türkiyə və Azərbaycan sülhün, sabitliyin, rifahın tərəfindədir. Bölgəmizdə ancaq sülh istəyirik, əməkdaşlıq istəyirik, hamımızın birlikdə inkişaf etməsini istəyirik. Bu məqsədlə indiyədək bir sıra addımlar atdıq, səmimiyyətimizi göstərdik. İnşallah, bundan sonra regional sülh, rifah və əmin-amanlıqla bağlı hər cür layihəni birlikdə həyata keçirməkdə qətiyyətliyik”.

Qeyd edək ki, İğdır-Naxçıvan qaz kəmərinin tikintisi haqqında razılaşma 2020-ci ilin dekabrında Ankarada imzalanıb. 2023-cü il sentyabrın 25-də isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfəri zamanı Naxçıvanda İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasimi keçirilmiş və dövlət başçıları mərasimdə iştirak etmişdilər.  Qaz boru kəmərinin İğdırdan Naxçıvan Muxtar respublikasının Sədərək rayonuna qədər uzunluğu 97,5 kilometr təşkil edir. Kəmərin Azərbaycan hissəsinin uzunluğu 17,5 kilometr, Türkiyə hissəsinin uzunluğu isə 80 kilometrdir. Boru kəməri gündəlik 2 milyon kubmetr, ildə isə 730 milyon kubmetr qaz ötürmək qabiliyyətinə malikdir ki, bununla da Naxçıvanın təbii qaza tələbatı tamamilə ödəniləcək. Layihənin daha bir özəlliyi ondan ibarətdir ki, bu gün kəmərin maksimum ötürmə gücü 730 milyon kubmetrdirsə, gələcəkdə layihənin genişləndirilməsi imkanları da var. Bu qaz kəmərinin çəkilməsi Naxçıvanın inkişafına yeni təkan verərək muxtar respublikanın iqtisadi və siyasi təhlükəsizliyinin təmin edilməsində strateji əhəmiyyət daşıyacaq.

Zəngəzur dəhlizinin açılmasından sonra isə Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək nəqliyyat dəhlizlərinə uyğun enerji dəhlizləri də reallaşdırılacaq. Bu zaman İğdır-Naxçıvan kəməri həm də Naxçıvan-İğdır istiqamətində enerji daşıyıcısı kimi Azərbaycan və Türkiyəyə daha böyük dividendlər gətirə bilər. Bununla da layihə təkcə İğdır və Naxçıvanın sosial-iqtisadi inkişafına dəstək olmayacaq, daha strateji mahiyyət kəsb edərək Azərbaycan qazının, eləcə də Azərbaycan üzərindən Türkiyə vasitəsilə Mərkəzi Asiya qaz ehtiyatlarının Avropa bazarına çıxarılmasına öz töhfəsini verəcək və Türk Dövlətləri Təşkilatı üzvləri arasında bağlantını daha da möhkəmləndirəcək.

Türkiyə bu gün regionun və dünyanın ən aparıcı, söz sahibi olan ölkələrindəndir. Prezident İlham Əliyev bu amilə xüsusi toxunaraq bildirmişdi ki: “Türkiyə bu gün dünya çapında söz sahibidir. Tək­cə bölgəmizdə deyil, dünya çapında bir çox məsələlər Türkiyənin mövqeyindən asılıdır. Türkiyə bölgəmizdə əmin-amanlı­ğın, sülhün və işbirliyinin qarantıdır”. Azərbaycanla Türkiyə arasında strateji əməkdaşlığın daha da möhkəmlənməsi isə regionun inkişafına, sabitliyinə və təhlükəsizliyinə xidmət edir. İğdır-Naxçıvan qaz kəməri isə həm də “bir millət, iki dövlət” arasında qardaşlığı, dostluğu möhkəmləndirən növbəti bağdır, həm də regional əməkdaşlığa verilən növbəti töhfədir. Azərbaycan və Türkiyənin həyata keçirdiyi enerji və nəqliyyat layihələri Cənubi Qafqazda sülhün, əmin-amanlığın, təhlükəsizliyin təmin edilməsinə mühüm töhfələr verir, təkcə vahid bir xalqın deyil, regionda yaşayan bütün xalqların firavan həyatlarının təmin edilməsi üçün geniş imkanlar açır. Azərbaycan və Türkiyə bundan sonra da gələcək hədəflərinə doğru çiyin-çiyinə və qətiyyətlə addımlayacaqlar. Bu münasibətlər əbədi və sarsılmazdır.

                                                                                                       Nailə Tağızadə

2025-03-06 / 23:54
Facebook