“Hədəfimiz Superliqaya vəsiqə qazanmaqdır”.
Bunu Türkiyənin “Kocaelispor” klubunun yeni transferi Ramil Şeydayev yerli mətbuata açıqlamasında deyib.
Azərbaycan millisinin futbolçusu TFF I Liqasında çempionluğu hədəflədiklərini bildirib: “Altay”la növbəti turun oyununda debüt etmək istəyirəm. Bu, baş məşqçinin qərarından asılı olacaq. Baş məşqçinin qərarına hər zaman hörmətlə yanaşıram. Çempionluğa doğru addım-addım irəliləmək lazımdır”.
27 yaşlı hücumçu “Eyüpspor”u 2:1 hesabı ilə məğlub etdikləri XIX turun oyunu barədə də fikirlərini bölüşüb: “Eyüpspor”la matç yaxşı keçdi. Sürətli gedişlər oldu, atmosfer mükəmməl idi. “Eyüpspor” üçün çətin mübarizə alındı. Azarkeşlərimiz sayəsində bunu bacardıq. Çünki rəqibin futbolçularına böyük təzyiq göstərdilər. Açığı, çox xoşuma gəldi”.
Şeydayev təklif aldığı zaman vaxtilə “Kocaelispor”da çıxış etmiş “Zirə”nin baş məşqçisi Rəşad Sadıqovla məsləhətləşdiyini vurğulayıb: “Kocaelispor”a gəlməzdən əvvəl Rəşad Sadıqovla danışdım. Söhbətimiz uzun sürmədi. O, söhbət zamanı daha çox “Kocaelispor” azarkeşlərindən bəhs etdi. Komandanın çox yaxşı azarkeş kütləsinə malik olduğunu bildirdi. "Özünü necə rahat hiss edəcəksənsə, qərarını da ona görə ver" dedi. Mən də bura gəlməyi üstün tutdum”.
Hücumçu yeni komandasına uyğunlaşmaqda problem yaşamadığını sözlərinə əlavə edib: “Bura uyğunlaşmaq çox rahat olacaq. Çünki yaxşı dostluq mühiti hökm sürür. Türkiyədə olmuşam, dili bir az bilirəm. Dini baxımdan da heç bir fərq yoxdur. Komanda yoldaşlarımla yaxşı vaxt keçirirəm. Mənim üçün hər şey yaxşı gedir”.
Qeyd edək ki, Ramil Şeydayev qış transfer dönəmində “Kocaelispor”la 1,5 illik müqavilə bağlayıb.