Qafqaz Müsəlmanları İdarəsində prezident seçkiləri ilə əlaqədar ümumi iclas keçirilib

 

Yanvarın 18-də Qafqaz Müsəlmanları İdarəsində prezident seçkiləri ilə əlaqədar ümumi iclas keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə tariximizdə ilk dəfə ölkəmizin bütün ərazisində Azərbaycan Respublikasının Prezidenti seçkilərinin keçiriləcəyini deyib. Bildirib ki, ən yeni tariximizdə yeni mərhələni ehtiva edən bu seçkilər müstəqil Azərbaycanda qalib xalqın zəfər qürurlu ilk seçkisidir. “Xüsusi əhəmiyyət daşıyan bu seçkilər biz dindarlar, din xadimləri üçün özəl məna kəsb edir. Şükürlər olsun, artıq məscidlərimiz əsarətdən qurtulub, Qarabağın məscidlərində Azan səslənir, bayram namazları qılınır, imamlarımız dini vəzifələrini yerinə yetirirlər. Qarabağ torpağı əsl sahiblərinə qaytarılıb, məcburi köçkünlərimiz öz dədə-baba yurdlarına qayıdırlar, tarixi məscid və ziyarətgahlarımız yenidən dirçəldilir, nəfis şəkildə bərpa olunur”, - deyə şeyxülislam qeyd edib.

QMİ sədri vurğulayıb ki, 20 Yanvar bizi müstəqilliyə, milli, dini dəyərlərin bərpasına aparan yolun ilk mübarizəsi və ilk mənəvi qələbəsi idi. Qarabağ Zəfərinə gedən yolun bünövrəsi 1990-cı il Yanvarın 20-də qoyulub.

A.Paşazadə tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, məscidlərdə moizə və xütbələrdə dindarlara ölkəmizin həyatında ən önəmli hadisə olaraq seçkilərdə iştirak etmək, öz vətəndaşlıq vəzifəsini yerinə yetirərək səsvermədə fəallıq göstərmək, istədikləri namizədə səs vermək hüququndan yararlanmaq fikri təşviq olunmalıdır. “Qalib Azərbaycanın vətəndaşı kimi hər birimiz bu məsuliyyəti dərk etməliyik. Tariximizin şanlı, taleyimizin uğurlu, gələcəyimizin nurlu və aydın olması üçün namizədlər siyahısından ən layiqlisini seçməliyik. Bildiyiniz kimi, İslamda azad seçim anlayışı çox böyük önəm kəsb edir. Azərbaycandakı dünyəvi prinsiplərə əsaslanan müasir seçki sistemində də dindarlarımızın fəal mövqedən çıxış etməsi təqdir olunur”, - deyə o əlavə edib.

Xalqın səsinin Haqqın səsi olduğunu deyən QMİ sədri bütün Azərbaycan dindarlarını və din xadimlərini fevralın 7-də Azərbaycan Respublikası Prezidenti seçkilərində fəal iştirak etməyə çağırıb.

Digər çıxış edənlər diqqətə çatdırıblar ki, artıq Azərbaycan Zəfər qazanmış ölkədir və separatizmə son qoyaraq suverenliyini bərpa edib. İlk dəfə olaraq işğaldan azad edilmiş ərazilərimizdə səsvermə keçiriləcək. Artıq Azərbaycanın qarşısında yeni hədəflər, yeni istiqamətlər müəyyənləşəcək. Bu hədəflər ölkəmizin dünyada və regionda nüfuzunu daha da artıracaq.

Sonda Azərbaycandakı dini konfessiyaların rəhbərləri prezident seçkiləri ilə əlaqədar müraciət qəbul ediblər.

2024-01-18 / 16:27
Facebook