“Şeydayevin Türkiyə klubunu seçməsinin səbəbini özündən başqa heç kim bilə bilməz”.
Bu sözləri futbol üzrə Azərbaycan millisinin məşqçisi Arif Əsədov Ramil Şeydayevin Türkiyənin “”Kocaelispor” komandasına keçidi bağlı danışarkən deyib.
Mütəxəssis 28 yaşlı futbolçunun seçiminin doğru olduğunu bildirib: “Tailand və Türkiyənin I Liqasını müqayisə etsək, qardaş ölkə çempionatının səviyyə baxımından yüksək olduğunu görərik. Eləcə də nəzərə alaq ki, “Kocaelispor” Superliqaya vəsiqə qazanmaq uğrunda mübarizə aparır. Ən vacibi odur ki, Ramil klubsuz qalmayacaq və formasını qorumaq üçün meydanda olacaq, məşqlər edəcək. İndi öz üzərində işləyib əsas heyət üzvü olmalıdır. Ona inanıram. Karyerasında açdığı yeni səhifədə ona uğurlar arzulayıram”.
Qeyd edək ki, Tailandın “Buriram Yunayted” klubundan ayrılan Ramil Şeydayev ötən gün “Kocaelispor”la 1,5 illik müqavilə imzalayıb.