Xankəndidə “SOCAR” brendli yeni YDS istifadəyə verilib

 

"SOCAR Petroleum” QSC işğaldan azad olunmuş torpaqlarımızda bərpa və yenidənqurma işlərinə dəstək olmaq məqsədlə növbəti “SOCAR” brendli modul tipli yanacaqdoldurma stansiyasını (YDS) Xankəndidə istifadəyə verib.

2 yanacaqpaylayıcı kalonka quraşdırılan stansiyada “Aİ-92”, “Aİ-95 Premium” və “Dizel” markalı yanacaq məhsullarının satışı həyata keçiriləcək. Bununla da 2 kiçik və iritutumlu avtonəqliyyat vasitələrinin yanacaqla təmin edilməsi üçün müvafiq şərait yaradılıb.

Qeyd edək ki, keyfiyyətli yanacağa olan tələbat nəzərə alınaraq modul tipli stansiya tezlikdə müasir interyerə sahib stasionar yanacaqdoldurma stansiyası ilə əvəz ediləcək. Bunun üçün QSC tərəfindən təmir-tikinti işləri sürətlə davam etdirilir.

"Heydər Əliyev İli" çərçivəsində Xankəndidə istifadəyə verilən yeni stansiya ilə birlikdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında "SOCAR PETROLEUM"a məxsus yanacaqdoldurma stansiyalarının sayı 8-ə çatdırılıb. Hazırda Şuşa, Ağdam, Laçın, Xankəndi şəhərləri, Qubadlı (Eyvazlı kəndi), Xocavənd (Hadrut qəsəbəsi) və Cəbrayıl (Şükürbəyli) rayonlarında SOCAR brendli YDS-lər fəaliyyət göstərir. Ümumilikdə isə ölkə ərazisində “SOCAR” brendli yanacaqdoldurma stansiyalarının sayı 58-ə çatdırılıb.

"SOCAR Petroleum” QSC-nin strateji inkişaf planına uyğun olaraq ölkə ərazisində müasir standartlara cavab verən “SOCAR” brendli YDS-lərin sayının bundan sonra da artırılması planlaşdırılır.

2023-12-30 / 17:25
Facebook