Veteranlar Təşkilatı İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyən bəyanat qəbul edib

 

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının dekabrın 27-də Bakıda keçirilən ümumi yığıncağında Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyevin namizədliyinin dəstəklənməsi barədə bəyanat qəbul olunub.

Əvvəlcə Dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Təşkilatın sədr müavini Cəlil Xəlilov Ulu Öndərin tarixi xidmətlərindən danışıb, onun siyasi kursunun Azərbaycanın tərəqqisi baxımından müstəsna əhəmiyyətinə toxunub. O qeyd edib ki, həssas kateqoriyadan olan vətəndaşlara xüsusi diqqət göstərən Heydər Əliyev veteranlara da hər zaman qayğıkeş münasibət göstərib.

Veteranlara dövlət qayğısının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən sədr müavini bu münasibətin hər kəs üçün örnək olduğunu qeyd edib.

Müzakirələrin sonunda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Prezident İlham Əliyevə dəstək bəyanatı qəbul edib.

Bəyanatda deyilir: "Bu gün biz veteranlar gənclərə baxıb fəxr edirik. Onlar bizim yolumuzu şərəflə gedir, şöhrətimizi dünyaya yayır. Prezident İlham Əliyevin dövründə yetişən gənclik, Vətəni, bayrağı uğrunda canını, qanını verməyə hazırdır. Bu qətiyyətə, bu əqidəyə malik gəncliyə eşq olsun!

Biz veteranlar çox əzablı yollar keçib, çox əziyyətlər çəkmişik. Bu gün dünyanın bir çox bölgələri sakit bir günə həsrətdir, müharibələr, qırğınlar ətraf regionları bürüyüb. Azərbaycan isə sabitlik, təhlükəsizlik, inkişaf adası kimi ancaq irəli gedir.

Biz veteranlar respublikanın hər yerindən Bakıya toplaşıb, bu ümumi yığıncağı keçirməklə, bəyan edirik ki, hər birimiz Prezident İlham Əliyev siyasətinin davam etməsini istəyirik.

İlham Əliyev xalq qarşısında bütün vədlərini yerinə yetirib. Onu sözü imzasıdır. Bunu bütün dünya bilir. Biz veteranlar bəyan edirik ki, Prezident İlham Əliyevlə bir yerdəyik! Bu qələbələr davam etməlidir".
2023-12-27 / 17:07
Facebook