Prezident İlham Əliyev Gürcüstan parlamenti sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 11-də Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Prezident İlham Əliyev Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğuladı.

Dövlətimizin başçısı Gürcüstanın Baş naziri ilə mütəmadi görüşlərinin, o cümlədən Azərbaycan Prezidentinin dəvəti ilə İrakli Qaribaşvilinin fəxri qonaq qismində SPECA-nın Bakıda keçirilmiş Zirvə görüşündə iştirakı zamanı onunla görüşünün əlaqələrimizin möhkəmlənməsi işində rolunu qeyd etdi.

Prezident İlham Əliyev ölkələrimizin həyata keçirdiyi birgə layihələrin önəminə toxunaraq, bunu geniş regionda - Avrasiya məkanında önəmli amil kimi dəyərləndirdi və birgə təşəbbüslərimizin bundan sonra da uğurla həyata keçiriləcəyinə əminliyini bildirdi. Dövlətimizin başçısı parlamentlərarası əməkdaşlığın da münasibətlərimizin inkişafına mühüm töhfə verdiyini vurğuladı, bunun əməkdaşlığımızın daha da möhkəmlənməsi üçün zəruri hüquqi baza yaratdığını dedi.

Prezident İlham Əliyev Şalva Papuaşvilinin Azərbaycana səfərinin əlaqələrimizin uğurlu inkişafına töhfə verəcəyinə əminliyini ifadə etdi.

Xoş sözlərə görə minnətdarlığını bildirən Gürcüstan parlamentinin sədri bu ilin mayında Azərbaycan Respublikası Milli Məclisinin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclasında iştirakı ilə bağlı ölkəmizə səfərini məmnunluqla xatırladı.
2023-12-11 / 17:49
Facebook