Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını dəstəkləyənlər 78 %-dən çoxdur - SORĞU

 

Sosial Tədqiqatlar Mərkəzi Azərbaycan və Ermənistan arasında sülh perspektivləri ilə bağlı ictimai rəyi öyrənmək məqsədilə əhali arasında mütəmadi sorğular keçirib.

Mərkəzdən verilən xəbərə görə, cari ilin noyabr ayı üzrə keçirilmiş növbəti rəy sorğusunun nəticələrinə əsasən, "Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını dəstəkləyirsinizmi?" sualına respondentlərin 78,5%-i "bəli, dəstəkləyirəm", 20,2%-i "xeyr, dəstəkləmirəm" cavabını verib. 1,3% rəyini bildirməkdə çətinlik çəkib.

Nəticələrə görə, respondentlər arasında yaş artıqca sülhə dəstəyini ifadə edənlərin sayında artım qeydə alınıb. Orta təhsillilərin 74,1%-i, ali təhsillilərin 86,9%-i sülh müqaviləsinin imzalanmasına dəstəyini ifadə edib.

"Yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına və diplomatik əlaqələrin qurulacağına nə dərəcədə inanırsınız?" sualına cavab olaraq, 37,2%-i tam inandığını, 29,7%-i əsasən inandığını bildirib. Sorğuda iştirak edənlərin 9,7%-i əsasən inanmadığını, 21,5%-i heç inanmadığını ifadə edib. 1,8% cavab verməkdə çətinlik çəkib.

Sorğular 2023-cü ilin 25-28 noyabr tarixlərində, 18 yaşından yuxarı 390 respondent arasında kompüter dəstəkli telefonla müsahibə üsulundan (CATI) istifadə olunmaqla keçirilib.
2023-12-11 / 17:41
Facebook