Azərbaycan və Gürcüstan arasında hərbi əməkdaşlıq planı imzalanıb

 

Azərbaycan və Gürcüstan arasında hərbi əməkdaşlıq planı imzalanıb.

Müdafiə Nazirliyindən verilən xəbərə görə, noyabrın 27-də Bakı şəhərində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze arasında ikitərəfli görüş keçirilib.

Hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə qonaqları salamlayan general-polkovnik Zakir Həsənov onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Müdafiə naziri Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin inkişafında dövlət başçılarının görüşlərinin mühüm rol oynadığını xüsusi vurğulayıb. Bir çox sahələrdə olduğu kimi, hərbi sahədə də əlaqələrimizin daha da güclənərək inkişaf etdiyini qeyd edib.
Ölkəmizə səfərindən məmnunluğunu ifadə edən cənab Cuanşer Burçuladze Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası ilə əlaqədar həmkarına təbriklərini çatdırıb. Qarşılıqlı səfərlərin, bu cür görüşlərin ölkələrimiz arasında əməkdaşlığın yüksək səviyyəsinin bariz nümunəsi olduğunu bildirib.

Görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın inkişaf perspektivlərindən danışılıb, həmçinin birgə təlimlərin intensivliyinin artırılması barədə ətraflı fikir mübadiləsi aparılıb. Ölkələrin beynəlxalq səviyyədə qəbul olunmuş ərazi bütövlüyünün dəstəkləndiyi diqqətə çatdırılıb.

Sonra tərəflər regionda sülhün və təhlükəsizliyin təmin olunması, hərbi, hərbi texniki, hərbi təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri ətraflı müzakirə edib.

Görüşün sonunda Azərbaycan və Gürcüstan Müdafiə nazirlikləri arasında 2024-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb.
2023-11-27 / 18:43
Facebook