Nazir: Böyük Britaniya Cənubi Qafqazda sülhün olmasında çox maraqlıdır

 

Böyük Britaniya Cənubi Qafqazda sülhün olmasında çox maraqlıdır.

Bunu Azərbaycanda səfərdə olan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının xarici işlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini, Avropa və Şimali Amerika üzrə dövlət naziri Leo Dokerti deyib.

“Əlbəttə, biz Cənubi Qafqazda sülhün olmasında çox maraqlıyıq. Bu həftə mən İrəvanda, Tbilisidə oldum, indi də Bakıdayam. Beləliklə, biz proseslə çox fəal məşğuluq. İnanırıq ki, sülhün möhkəmlənməsi üçün aşkar imkan var və biz bunu təmin edə biləcək istənilən mexanizmi dəstəkləyirik. Aydındır ki, Avropa ölkələrinin, Amerikanın rolu var, eyni zamanda, ən önəmlisi iki ölkə - təbii ki, Azərbaycan və Ermənistandır. Biz Britaniya olaraq ikitərəfli fikir mübadiləsi və sülhə doğru addımları dəstəkləmək üçün əlimizdən gələni edəcəyik. Bizim üçün aydın olan odur ki, indi aşkar, unikal imkan mövcuddur və biz səmimi qəlbdən ümid edirik ki, hər iki tərəf bundan istifadə edəcək”, - britaniyalı nazir qeyd edib.

Leo Dokerti Britaniyanın Azərbaycanın güclü müttəfiqi olduğunu vurğulayıb: “Biz Azərbaycanın güclü müttəfiqiyik, həm də Ermənistanla çox güclü əlaqələrə malikik. Bir çox başqa ölkə kimi, bizim də rolumuz var, amma məncə, ayrı-ayrı ölkələrin öz rolu haqqında spekulyasiya etməsi faydalı deyil. Faydalı olan odur ki, hər iki ölkəni əmin edək ki, biz onları dəstəkləmək üçün orada olacağıq və proses Azərbaycan və Ermənistanın üstünlüklərini, seçimlərini rəhbər tutmalıdır. Bu, irəliyə doğru ən yaxşı yoldur”.

2023-11-23 / 21:37
Facebook