"2023-cü il Azərbaycan üçün xüsusilə əlamətdar il oldu. Otuz il ərzində ərazilərimizdə mövcud olan “boz” zonanı aradan qaldıraraq və separatizmə son qoyaraq ölkəmizin suverenliyini, konstitusiya quruluşunu bərpa etdik, bununla da beynəlxalq hüququn və ədalətin təntənəsini özümüz təmin etdik".
Bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin əmək nazirlərinin Bakıda keçirilən V konfransının iştirakçılarına müraciətində yer alıb.
Dövlət başçısı İslam Əməkdaşlıq Təşkilatının Ermənistanın Azərbaycana qarşı otuz il davam edən təcavüzünü və işğalçı siyasətini hər zaman pislədiyini, həm İkinci Qarabağ müharibəsi zamanı, həm də postmüharibə dövründə Azərbaycanın haqq işini, ərazi bütövlüyünü daim və ardıcıl şəkildə dəstəklədiyini qeyd edib: "Buna görə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərə minnətdarlığımızı bildiririk.
Təəssüflər olsun ki, işğal illərində şəhər və kəndlərimiz Ermənistan tərəfindən qəsdən dağıdılmış, talan olunmuş, mədəni və dini abidələrimiz məhv edilmişdir. Bundan başqa, Ermənistan işğal altında saxladığı ərazilərimizdə ilkin qiymətləndirmələrə görə bir milyona yaxın mina basdırmış, burada urbisid, kultursid və ekosid törətmişdir. Xalqımızın mədəni irsinə qarşı soyqırımı törətmiş ermənilər məscidlərimizi yerlə-yeksan edərək yalnız bizim deyil, bütün dünya müsəlmanlarının hisslərini təhqir etmişlər. İslam Əməkdaşlıq Təşkilatı əvvəllər işğal altında olmuş ərazilərimizdə İslam tarixi və mədəni abidələrinin, ziyarətgahlarının Ermənistan tərəfindən dağıdılmasını və talan olunmasını qəti şəkildə pisləmiş, məscidlərin təhqir olunmasını şiddətlə qınamışdır. Buna görə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərə və Təşkilatın Baş Katibliyinə bir daha təşəkkürümüzü bildiririk", - müraciətdə vurğulanıb".
Azərbaycan Prezidenti bildirib ki, hazırda işğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır, vacib infrastruktur layihələri həyata keçirilir: "Böyük Qayıdış Proqramı çərçivəsində keçmiş məcburi köçkünlər artıq dədə-baba yurdlarına – Laçın və Füzuli şəhərlərinə, o cümlədən üç kəndə qayıdıblar. 2026-cı ilin sonunadək 140 mindən çox insanın Qarabağa və Şərqi Zəngəzura geri dönməsi nəzərdə tutulur".