Yeni tədris ilində Heydər Əliyev Fondunun təhsil sahəsindəki layihələrindən biri də Şamaxı rayonunu əhatə edib. Fondun təhsil sahəsində həyata keçirdiyi layihələr çərçivəsində 2004-cü ildən etibarən 500 məktəb inşa və təmir olunub. Bu il Bilik Günündə Heydər Əliyev Fondunun 500-cü məktəbi Şamaxı rayonunun Göylər kəndində şagird və müəllimlərin ixtiyarına verilib.
Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev məktəbdə yaradılan şəraitlə tanış oldular.
Anar Ələkbərov şagirdlər və valideynlərlə də görüşdü, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın salamlarını çatdırdı, yeni məktəb binasında şagirdlərin yaxşı oxumaları üçün hər cür şərait yaradıldığını bildirdi. O, şagirdlərə yaradılan bu şəraitdən istifadə edərək, yaxşı oxumağı tövsiyə etdi.
1975-ci ildə inşa olunan Göylər kənd 1 saylı tam orta məktəbin binası ötən müddət ərzində istifadəyə yararsız vəziyyətə düşmüşdü. Heydər Əliyev Fondunun dəstəyi ilə yanvar ayından başlanan tikinti işləri nəticəsində 624 şagird yerlik yeni məktəb binası inşa olunub. Üçmərtəbəli 4 korpusdan ibarət bina zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə təchiz edilib. Təhsil müəssisəsində zəngin kitabxana, müxtəlif tədbirlərin keçirilməsi üçün akt zalı, uşaqların fiziki cəhətdən sağlam böyüməsi və idmana həvəsləndirməsi üçün həm məktəbin daxilində idman zalı, həm də həyətyanı ərazidə açıq idman meydançası qurulub. Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb, dekorativ kol və ağaclar əkilib, müasir işıqlandırma sistemləri quraşdırılıb.
Məktəbin direktoru Əliyusif Qəniyev bildirdi ki, məktəb binası yararsız olduğundan şagirdlərin yüksək səviyyədə təhsillə təmin olunmasında bəzi çətinliklər yaşanırdı. Lakin Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunan yeni bina bütün bu problemləri arxada qoyub: “Heydər Əliyev Fonduna, onun rəhbəri Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı bildiririk ki, bizə, şagirdlərə belə gözəl məktəb hədiyyə etdi. Hazırda birinci sinfə 28 şagirdimiz qeydiyyata alınıb. Ümumiyyətlə, bizim məktəb həmişə rayonumuzda qabaqcıl məktəblərdən olub. Keçən il 15, bu il isə 10 şagirdimiz qəbul imtahanlarında yüksək bal toplayaraq ali məktəblərə qəbul olunub”.
Əliyusif müəllimlə söhbətimizdən sonra 1-ci sinif şagirdi Maral Ümidovaya yaxınlaşırıq. Sevinclidir, əlində gül ilk dəfə sinif otağına qədəm qoyacağı o anı gözləyir. “Çox sevinirəm. Yeni məktəbimiz var, çox gözəldir”, – deyir.
Bilik Günündə valideynlər də məktəbin həyətinə toplaşmışdılar. Onlar da belə gözəl məktəb binasının inşa olunmasına görə minnətdarlıqla söz açırdılar. Onlardan biri də Bəxtilə Mustafayevadır. Bəxtilə nənənin sevincinin həddi-hüdudu yoxdur. Deyir ki, 4-cü sinifdə oxuyan nəvəsi Üzeyiri məktəbə gətirib: “Sevinirəm ki, uşaqlarımız üçün belə gözəl, yeni məktəb binası tikilib. Əvvəlki bina yararsız idi. Sağ olsun Heydər Əliyev Fondu, onun rəhbərliyi, bizim uşaqlar üçün belə gözəl şərait yaradıb. İnşallah, uşaqlarımız da bu qayğıya yaxşı oxumaqla cavab verərlər, ali məktəblərə qəbul olunarlar”.
Binanın girişində şagirdləri Ulu Öndərimizin bu sözləri qarşılayır: “Bizim borcumuz, vəzifəmiz şərait yaratmaqdan ibarətdir ki, hər bir gənc, hər bir uşaq istedadını inkişaf etdirə bilsin, ona imkan yaransın”. Azərbaycanda Ulu Öndərin təməlini qoyduğu təhsilin inkişaf etdirilməsi, keyfiyyətinin daha da artırılması siyasəti dövlətin qarşısında duran prioritet məsələlərdən biridir və bu gün uğurla həyata keçirilir. Paytaxt və regionlarda təhsil sisteminin müasir tələblərə cavab verməsi, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, təhsilin keyfiyyətinin artırılması istiqamətində görülən işlərə Heydər Əliyev Fondu tərəfindən əhəmiyyətli dəstək göstərilir. Fondun fəaliyyətə başladığı gündən qarşısına qoyduğu və uğurla reallaşdırdığı ilk layihələrdən biri məhz bu sahəyə aid olub. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində son illər ərzində paytaxtda və bölgələrdə köhnə məktəb binalarının müasirləşdirilməsi, yeni məktəblərin inşası sahəsində çoxsaylı işlər görülüb. Heydər Əliyev Fondunun dəstəyi və təşəbbüsü ilə ölkədə məktəb tikintisi, məktəbəqədər təhsilin inkişafı ardıcıl xarakter alıb.