Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 50 mənzil verilib

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 50 mənzil verilib. Mənzillər Bakının Hövsan qəsəbəsindəki yeni yaşayış kompleksindən təqdim olunub.
Mənzillərin verilməsi ilə bağlı tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi, onların mənzillə təminatı tədbirlərinə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və tapşırığı ilə ötən əsrin 90-cı illərində başlanıldığını bildirib.
Qeyd olunub ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonra dövlət başçısının göstərişi ilə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanların mənzil və fərdi evlə təminatı proqramı 5 dəfə genişlənib.
Ulu Öndər Heydər Əliyevin 100 illiyini qeyd etdiyimiz bu ildə həmin proqram uğurla davam etdirilir. Ölkə Prezidentinin tapşırığı ilə 2023-cü ildə ən azı 1500 mənzil və fərdi evin verilməsi işləri aparılır. Bu il artıq 650, postmüharibə dövründə 5 min 150, ümumilikdə ötən dövrdə isə 13 min 950 mənzil və fərdi ev şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim olunub.
Dövlət başçısının Sərəncamı ilə 2021-ci ilin əvvəlindən İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələri və həmin müharibə ilə əlaqədar əlilliyi olanların da mənzillə təminatı həyata keçirilir.
Şəhid ailələrinin üzvləri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər diqqət və qayğı ilə əhatə olunduqlarına, yeni mənzillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
2023-09-12 / 12:50
Facebook