Olena Kondratyuk: Dost Azərbaycan Ukraynaya humanitar yardım göstərməyə davam edir

 

Dost ölkə olan Azərbaycan Ukraynaya humanitar yardım göstərməyə davam edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ukraynaya elektrik avadanlıqları alınması və göndərilməsi məqsədilə 7,6 milyon dollar ayrılmasına dair Fərman imzalayıb. Bu, artıq Ukrayna üçün qiymətli yardımın növbəti partiyasıdır.

Bu barədə Ukrayna Ali Radası sədrinin müavini Olena Kondratyuk bildirib.

Olena Kondratyuk qeyd edib ki, ötən ilin sonunda Azərbaycan Ukraynanın ehtiyacları üçün 45 transformator və 50 güclü generator göndərib. Həmin vaxt göstərilən yardımın ümumi məbləği isə 17,5 milyon dollardan artıq olub.

Azərbaycan, həmçinin müalicə üçün onlarla ukraynalı uşağı qəbul edib və İrpendə Rusiyanın müdaxiləsi nəticəsində dağıdılmış Zərifə Əliyeva adına 12 saylı orta məktəbi tam bərpa edib.

O.Kondratyuk Ukraynaya humanitar yardım göstərilməsi üzrə səylərinə və dəyişməz mövqeyinə görə rəsmi Bakıya səmimi-qəlbdən təşəkkür edib. O vurğulayıb: “Azərbaycanın lideri İlham Əliyev humanitar yardımın yeni partiyasına vəsait ayrılmasına dair qərarı ilə ölkələrimiz arasında münasibətlərin strateji xarakterini bir daha təsdiq etdi. Bu, Ukraynanın beynəlxalq tərəfdaşları tərəfindən daha çox etibarlı və sistemli dəstəyə ehtiyacı olduğu bir vaxtda çox vacibdir. Cənab Prezident, sağ olun!”

2023-07-18 / 11:56
Facebook