Ermənistan həqiqətlə barışmalıdır - BMT Baş Assambleyasının keçmiş prezidenti

 

Ermənistan həqiqətlə barışmalı, reallığa geri dönməlidir.
Bu barədə BMT Baş Assambleyasının 75-ci prezidenti, Türkiyənin sabiq Avropa Birliyi İşləri Naziri, Türkiyə parlamentinin üzvü Volkan Bozkır Şuşada “Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
“Qarabağın yenidən dirçəldilməsi, inkişafı ilə bağlı bir sıra aspektlər, məsələlər var. Azərbaycan burada quruculuq işlərini çox sürətlə aparır. Digər məsələ isə Azərbaycan və Ermənistan arasında sülh prosesidir. Reallıq budur ki, Ermənistan Azərbaycanın torpaqlarını işğal etmişdi. Azərbaycan öz torpaqlarını azad etdi. Lakin Ermənistan bu həqiqətlə barışa bilmir. Düşünürəm ki, Ermənistan reallığa geri dönməlidir. Azərbaycan dünyadakı güclü dövlətlərdən birinə çevrilib. Azərbaycan həm də enerji təhlükəsizliyi baxımdan dünyada mühüm yerə sahibdir.
Türkiyə də hər zaman Azərbaycanın yanında olub və belə də davam edəcək”,- deyə o əlavə edib.
Qeyd edək ki, bu gün Şuşada Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital” mövzusunda tədbir keçirilir.
Tədbirdə 30-a qədər sabiq dövlət və hökumət başçısı iştirak edir.
Beynəlxalq tədbir çərçivəsində keçirələcək panellərdə enerji, iqtisadiyyat, ətraf mühit və kapital, mədəni irs mövzularında müzakirələr aparılacaq.
İki gün davam edəcək tədbirin ilk günü Şuşada, növbəti günü Gəncədə baş tutacaq.
2023-06-07 / 13:15
Facebook