Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyası bu gün Sizin tərəfinizdən uğurla davam etdirilir. Məhz bu siyasət nəticəsində ölkəmizdə sabitlik təmin olunmuş, iqtisadiyyatımızın müasir bazar münasibətlərinə keçidi uğurla başa çatmışdır. Sizin rəhbərliyinizlə 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi, dövlətimizin qüdrətinin artması, xalqımızın rifah səviyyəsinin yüksəlməsi, sosial-iqtisadi infrastrukturun müasirləşdirilməsi inkişaf tariximizin yeni bir mərhələsinə qədəm qoymağımıza imkan yaratmışdır.
Bu fikirlər Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda Bakıda keçirilən konfransın iştirakçılarının Prezident İlham Əliyevə müraciətində yer alıb.
Müraciətdə bildirilir ki, yüksək texnoloji yeniliklərin müşahidə edildiyi, rəqabətin artdığı, beynəlxalq geosiyasi vəziyyətin kəskinləşdiyi dünyada xalq-dövlət, sahibkar-dövlət birliyinin önəmi daha da artır: “Ümummilli Lider Heydər Əliyevin siyasətinin ana xəttini təşkil edən milli birlik, ölkəmizin maraqlarının prioritet təşkil etdiyi müstəqil xarici və daxili siyasət indi də öz aktuallığını qoruyub saxlayır. Sizin Heydər Əliyev ideyalarına söykənərək atdığınız qəti addımlar və uzaqgörən siyasətiniz bugünkü uğurlarımızın özülünü təşkil edir. Digər sahələr kimi sahibkarlığa, özəl təşəbbüsə dəstəyiniz nəticəsində 2022-ci ilin yekunlarına görə, Azərbaycanda ÜDM-də özəl sektorun payı 84 faizi, məşğulluqda isə 70 faizi ötmüşdür. Bu, Sizin də daim qeyd etdiyiniz kimi, sahibkarları sosial-iqtisadi inkişafın əsas lokomotivinə çevirmişdir”.
Ölkəmizdə sahibkarlığın inkişafında Heydər Əliyevin bu sahədəki xüsusi xidmətlərinin xatırlandığı müraciətdə qeyd olunur ki, Ulu Öndərin uzaqgörən neft strategiyası, müstəqilliyimizin ilk illərində Azərbaycanın dünyanın ən böyük dövlətləri və mötəbər transmilli korporasiyaları ilə imzaladığı “Əsrin müqaviləsi” ölkəmizi dünya iqtisadi xəritəsində önəmli bir mövqeyə yüksəltmiş, başda neft sektoru olmaqla, digər sahələrdə də xarici investisiyanın, texnologiya və bacarıqlar transferinə böyük imkanlar açmışdır. Heydər Əliyev dühası əsas sərvətimiz olan neftin Azərbaycan iqtisadiyyatının formalaşmasına və siyasi müstəqilliyin güclənməsinə xidmət göstərməsini təmin etmişdir. Hər bir azərbaycanlı kimi, bizim üçün də Heydər Əliyevin həyat yolu, şəxsiyyəti ən gözəl örnəkdir. Məhz bu örnək xalqa bağlılıq, dövlətçiliyə sədaqət, inkişaf və tərəqqi yoludur.
“Heydər Əliyevin 100 illik yubileyinin təntənəli şəkildə qeyd olunduğu bir zamanda Ulu Öndərimiz Azərbaycan sahibkarları tərəfindən bir daha dərin hörmət və ehtiramla yad edilir. Ümummilli Liderin həmişəyaşar ideyalarına sadiqlik nümayiş etdirən sahibkarlarımız Sizin rəhbərliyiniz altında yeni-yeni iqtisadi uğurlara nail olacağımıza inanırlar. Biz - Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş konfransın iştirakçıları Sizi əmin edirik ki, işğaldan azad olunmuş Qarabağda ən yeni texnologiyaların tətbiqi, yeni iş yerlərinin yaradılması, bərəkətli torpaqlarımıza yenidən həyatın qayıtması, əhalinin rifah halının yaxşılaşdırılması, ümumilikdə isə iqtisadiyyatımızın inkişafı istiqamətində əlimizdən gələni əsirgəməyəcəyik”, - deyə müraciətdə qeyd olunur.