Artıq on illərdir İran İslam Respublikasının adı beynəlxalq hesabatlarda terrorizmi dəstəkləyən dövlətlər sırasına daxil edilib. Bu gün də eyni imiclə tanınır.
Günümüzün reallığıdır ki, bir sıra dövlətlər - o cümlədən İran - öz qlobal və regional ambisiyalarını terror aktları vasitəsilə təmin etməyə çalışırlar.
Tehran dövləti də hər zaman olduğu kimi bu gün də öz mahiyyətində olan ölkələrin yanında durur.
İran Azərbaycanın ərazi bütövlüyünü pozan, 30 ilə yaxın Azərbaycan torpaqlarını işğalda saxlayan, müsəlman əhaliyə qarşı qırğınlar törədən, azərbaycanlıları kütləvi deportasiya edən, məscidləri yandıran, məscidlərdə heyvan saxlayan Ermənistana bütün bunlara görə bir dəfə də olsun etiraz etməyib, irad belə bildirməyib. Əksinə, bu cür cinayətləri törədən bir ölkəni hər zaman müdafiə edib, bu ölkə üçün nəfəslik rolunu oynayıb, terroru dövlət siyasətinə çevirən bir dövlətin yanında olub və beləliklə, Ermənistanın cinayətlərinin davam etməsinə stimul vermiş olub: “Çox təəssüflər olsun ki, bu gün də Tehran rejimi həmişəki siyasətini davam etdirir.
Fazil Mustafaya qarşı hücumun arxasında İranın dayanması artıq heç kimdə şübhə doğurmur. Bu, son dövrlərdə İranın, Tehrandakı səfirliyimizdə törədilmiş hadisədən sonra, Azərbaycana qarşı ikinci terror əməlidir. Səfirliyimizə qarşı hücuma görə heç kəsin cəzalandırılmaması bir daha göstərir ki, İran terrorçu mahiyyətə malik dövlətdir və bu ölkədə terror törətmək cinayət sayılmır;
Hər zaman İranın müxtəlif din xadimləri Azərbaycanın siyasi, ictimai xadimlərini ölüm və buna bənzər əməllərlə hədələyib.
Hələ 1990-cı illərdə Azərbaycanda konstitusion hakimiyyəti devirmək üçün "Azərbaycan İnqilabçılar Dəstəsi" adlı terror qruplaşması yaradan İran ölkəmizdəki dövlət və hökumət qurumlarını, xüsusilə də neft-qaz infrastrukturunu hədəfə almışdı.
Akademik Ziya Bünyadovun, yazıçı Rafiq Tağının qətlləri Tehran rejiminin Şimali Azərbaycanda təşkil etdiyi terrorlardandır.
"Hizbullah"ın Azərbaycanda yaratdığı bölməsini idarə edən Tehran rejimi ölkəmizdə qətllər və terror aktları da törətməyə çalışmışdı.
Tehran dövlətinin sonuncu həmləsi olan Fazil Mustafaya qarşı hücumun vaxtı da təsadüfi seçilməyib. Hadisə, İsraildə Azərbaycan səfirliyinin açıldığı, xarici işlər naziri Ceyhun Bayramovun bu ölkədə səfərdə olduğu ərəfədə törədilib. Bundan əlavə, hadisənin, Azərbaycan xüsusi xidmət orqanlarının peşə bayramı günü baş verməsi onu da göstərdi ki, xüsusi xidmət orqanlarımızın ölkədə sabitliyi və təhlükəsizliyi peşəkar səviyyədə təmin etməsi İranın xoşuna gəlmir;
Yuxarıda sadaladıqlarımızdan başqa, Bakıda “Avroviziya” mahnı müsabiqəsi keçirilən zaman İranın ölkəmizdə planlaşdırdığı terror həmlələri haqqında çoxsaylı məlumatlar var idi;
Ümumilikdə, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra üzləşdiyi bütün ağır vəziyyətlərdə İranın şər barmağı olub. Bu baxımdan İranın Azərbaycana münasibəti işğalçı Ermənistanın münasibətindən heç nə ilə fərqlənməyib. Bu faktlar bir daha göstərir ki, İrandakı molla rejimi Azərbaycana qarşı patoloji kin və nifrət bəsləyir;
İran mahiyyət etibarı ilə terrorçu dövlətdir. İran terrorundan Yaxın Şərq, Cənubi Qafqaz, hətta uzaq Yunanıstan, Kipr kimi Avropa ölkələri də əziyyət çəkir.
Tehran dövlətinin ölkəmizə yönələn siyasi-diplomatik dözümsüzlük xarakterli davranışları Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərdən sonra daha da genişlənib və bir çox hallarda açıq təhdid formasında ifadə edilməyə başlanıb. İran heç vaxt müstəqil, güclü Azərbaycan dövlətinin varlığını qəbul etmək istəməyib. Amma gözünü açıb diqqətlə baxsa daha yaxşı olar. Xislətində terror olan bu dövlət nə qədər qorxulu olsa da, mahiyyətcə qorxaqdır. Çünki terror qorxaq və rəzillərin işidir.
Azərbaycan Respublikasının vətəndaşlarına, səfirliyinə, qarşı törədilən terror aktları ilə bağlı İranın ali rəhbəri ayətullah Xamenei indiyədək fikir bildirməyib. Xamenei azərbaycanlı kimi təqdim edilsə də, əslində, bu amil fars şovinistləri tərəfindən Güney azərbaycanlıları sakitləşdirmək üçün sırınan bir arqumentdir. Əslində o, Azərbaycana, Türkiyəyə qarşı fəaliyyət göstərən rejimin, dəstənin başçısıdır.
Güney Azərbaycana və Azərbaycan Respublikasına qarşı törətdiyi çoxsaylı cinayət əməlləri, habelə torpaqların işğalı, azad olunan zaman və sonrakı mərhələdə Xameneinin başçılıq etdiyi rejimin tutduğu mövqe onun yuxarıda qeyd etdiyimiz mahiyyətini göstərir. Onun nümayəndəsi Əliəkbər Ocaqnijatın Azərbaycan Respublikasında 5-ci kolon yaratmaq cəhdi və İranın aşkar edilən casus şəbəkəsi Tehran rejiminin gizlədə bilmədiyi üzü, bədxah əməlləridir.
İranda baş verən son proseslər molla rejiminin sonunun yaxınlaşdığını deməyə əsas verir. Bu gün bütün dünya Tehran dövlətinin dini lideri Xameneinin son çırpınışlarını izləyir. Sağa-sola saldıran Xamenei çıxış yolu tapa bilmir. Qərb də artıq İranda özünə lider seçib.
Belə ki, sonuncu Münhen Təhlükəsizlik Konfransına İran şahı Məhəmməd Rza Pəhləvinin oğlu dəvət aldı. “Yeni Müsavat” qəzeti bununla bağlı maraqlı şərh yazmışdı. Qəzetin yazdığına görə, Məhəmməd Rza Pəhləvinin oğlunun bu mötəbər tədbirə dəvət almasının həm müsbət, həm də mənfi tərəfləri var. Müsbət tərəfi bu idi ki, uzun illərdən sonra İran müxalifəti ilk dəfə idi ki, belə bir mötəbər tədbirə dəvət olunurdu.
Bu o, demək idi ki, Qərb İran hakimiyyətinin üstündən xətt çəkir və İran müxalifəti ilə işləməyə başlayır, İran müxalifətini tanıyır. Amma məsələnin bir qədər mənfi anlamı da var.
Əvvəlcə onu qeyd edək ki, Münhen konfransından bir az əvvəl ABŞ-da da İran müxalifətinin toplantısı keçirilmişdi. Əlbəttə, söhbət mühacirətdəki İran müxalifətindən gedir. Amma əsas bu deyil, odur ki, toplantının mərkəzi siyasi fiquru keçmiş İran şahının oğlu idi.
Bu, İran şahının oğlunun ilk siyasi debütü deyildi. İranda etirazlar başlayan andan o, bir neçə dəfə çıxış etmiş və hər dəfə də bəyan etmişdi ki, onun heç bir siyasi ambisiyası yoxdur, sadəcə, istəyir ki, İran xalqı azad və ədalətli seçkilərdə öz müqəddəratını təyin etsin.
Elə məsələnin birinci qəliz tərəfi də budur: keçmiş şah sülaləsi siyasi kart-blanş alsa və İran cəmiyyəti onların arxasınca getsə, milli etirazlar yatırılacaq.
Fəqət, tarixdə inqilabların ardınca restavrasiyalar çox olub. İran islam inqilabından 44 il keçib və düşünmək olardı ki, qırx ildən sonra hansısa restavrasiyadan danışmaq əbəsdir. Amma şahın oğlunun siyasi səhnəyə qayıtması və Qərb ölkələrinin bu qayıdışa ciddi yanaşması onu göstərir ki, məsələ heç də bitməyib, bir çox ölkələr böyük məmnuniyyətlə şah ailəsinin siyasi səhnəyə qayıdışını istəyərdi...
Amma söz, əlbəttə ki, İran cəmiyyətinindir. Onların şahın oğluna münasibəti necə olacaq? Əsas fikir budur ki, bu, etirazlar müstəvisində çatdan başqa heç nə yaratmayacaq.
Sözsüz ki, şah oğlunun ardınca getmək istəyənlər də tapılacaq, çünki keçmişdə monarxiya olmuş ölkələrdə monarxistlər həmişə tapılır. O ki qaldı bu prosesin Cənubi Azərbaycanda hansı nəticə verməsinə, cənublu soydaşlarımız İran şahı tərəfindən dəfələrlə repressiyalara məruz qalıblar: şah həmişə inqilabları, milli-azadlıq hərəkatlarını yatırtmağa çalışıb və indiki halda da güman etmək ki, yenidən siyasi səhnəyə qayıtmaq istəyən Pəhləvilər milli-azadlıq hərəkatlarına, o cümlədən də cənublu soydaşlarımızın milli–azadlıq mücadiləsinə dəstək verəcək, bu, əlbəttə, siyasi sadəlövhlük olardı.
Amma onu da unutmayaq ki, Pəhləvilərdən əvvəl İranda Qacarlar, Əfşarlar, Səfəvilər dövləti olub...