Fevralın 6-da Türkiyənin cənub-şərqində baş verən güclü zəlzələ nəticəsində 48 min insanın həlak olması, 100 mindən artıq insanın yaralanması, genişmiqyaslı dağıntıların qeydə alınması Azərbaycanda da faciə ilə qarşılandı.
Zəlzələnin ilk anından Azərbaycan dövləti ilə yanaşı, aidiyyəti qurumların, eləcə də ictimai təşkilatların və sıravi insanların yardım kampaniyalarına fəal şəkildə qoşulması bütövlükdə Azərbaycanın Türkiyə ilə bağlı həssaslığını, xalqımızın qardaşlıq bağlarının nə qədər güclü olduğunu göstərdi.
Zəlzələ ilə əlaqədar Azərbaycan Respublikası tərəfindən qardaş Türkiyəyə fevralın 6-dan martın 15-dək göstərilmiş humanitar və maliyyə yardımının ümumi məbləği 76 milyon 344 min 930 manat (44 milyon 908 min 783 ABŞ dolları) təşkil edir. Belə ki, bu müddətdə Türkiyəyə 53 milyon 568 min 530 manat (31 milyon 510 min 900 dollar) dəyərində humanitar yardım göstərilib. Birbaşa göstərilmiş maliyyə yardımının ümumi məbləği isə 22 milyon 776 min 400 manatdır (13 milyon 397 min 883 dollar).
Prezident İlham Əliyevin göstərişinə əsasən, fəlakət zonasına ilk olaraq Azərbaycanın xilasediciləri çataraq dağıntılar altında qalan insanları çıxarmağa başladılar. Azərbaycandan göndərilən 669 xilasedici Hatay, Antakiya, Kahramanmaraş, Adıyaman və digər şəhərlərdə xilasetmə əməliyyatlarında fəal iştirak edib. Azərbaycan xilasediciləri 53 nəfəri xilas edib, dağıntılar altından 780 cəsəd çıxarıb. Fəlakət bölgəsinə 121 həkim və tibbi personal, 150 könüllü gedərək qardaş xalqın dərdinə şərik olub və səmərəli fəaliyyət göstərib. Azərbaycanın hərbi həkimləri 3123 nəfər tibbi xidmət göstərib, ağır yara alanları müalicə edərək sağaldıblar.
Dövlət qurumları tərəfindən Türkiyəyə 6665 çadır, 145 konteyner tipli mobil ev göndərilib, 2 səhra hospitalı və 4 səhra mətbəxi qurularaq zəlzələdən zərər çəkən insanlara xidmət edib. Havaların soyuq keçməsi evləri zəlzələ nəticəsində dağılan insanları daha ağır vəziyyətə saldığından bu problemləri aradan qaldırmaq məqsədilə dövlət qurumları tərəfindən zəlzələ bölgəsinə 786 elektrik generatoru, 11 min 299 ədəd qızdırıcı və texniki avadanlıq, 95 min 580 yataq və yataq ləvazimatı, 207 min 65 dəst isti paltar, 252 ton yanacaq göndərilib.
Xüsusilə vurğulamaq lazımdır ki, Heydər Əliyev Fondu Türkiyədə baş verən zəlzələyə ilk reaksiya verən təşkilatlardan biri olub. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşkilatçılığı ilə Türkiyədəki zəlzələ bölgəsinə 2518 çadır, 135 elektrik generatoru, 19 min 894 ədəd yataq və yataq ləvazimatı, 404 min 58 adda dərman və tibbi ləvazimat, 143 min 955 dəst isti geyim, 2653 qızdırıcı avadanlıq, 6603 qutu ərzaq və qida məhsulu və digər zəruri əşyalar alınaraq göndərilib. Ümumilikdə Heydər Əliyev Fondu tərəfindən Türkiyənin zəlzələ bölgəsinə 9 milyon 485 min 563 manat (5 milyon 579 min 743 dollar) məbləğində yardım göstərilib.
Ümumilikdə dövlət qurumları tərəfindən zəlzələ bölgəsində zərər çəkənlərə 44 milyon 82 min 967 manat (25 milyon 931 min 157 ABŞ dolları) məbləğində humanitar yardım göstərilib. Humanitar yardımların Türkiyəyə çatdırılması üçün 16 təyyarədən, 459 TIR, 25 vaqondan istifadə olunub.
Qeyd edək ki, Türkiyənin Azərbaycandakı səfirliyinin yardım barəsində müraciətindən az sonra Azərbaycan xalqı türk qardaşlarına isti paltar, ərzaq toplamağa və maliyyə vəsaitləri köçürməyə başlayıblar. Bakıda və regionlarda təşkil olunan yardım toplama məntəqələrinə minlərlə insan üz tutaraq isti paltar və ərzaq gətiriblər.
Bu təbii fəlakət saysız-hesabsız sınaqlardan çiyin-çiyinə verərək mətanətlə çıxan Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığını, əbədiliyini bir daha bütün dünyaya göstərib.
Azərbaycan-Türkiyə birliyinin sarsılmazlığının daha bir nümunəsi isə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə martın 16-da Türkiyənin paytaxtı Ankarada Türk Dövlətləri Təşkilatının dövlət başçılarının fövqəladə Zirvə görüşünün keçirilməsidir.
Martın 16-da Türk Dövlətləri Təşkilatının dövlət başçılarının fövqəladə Zirvə görüşünün Türkiyənin paytaxtı Ankarada keçirilməsi məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə baş tutacaq.
Belə ki, Zirvə görüşünün Şuşada keçirilməsi nəzərdə tutulmuşdu. Lakin Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Prezident İlham Əliyev qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış edib. Digər iştirakçı ölkələrin rəhbərliyi ilə razılaşdırıldıqdan sonra bununla bağlı müvafiq qərar qəbul olunub. Bu, bir daha Azərbaycan-Türkiyə qardaşlığının, Türk dünyasında qarşılıqlı dəstəyin və hörmətin bariz nümunəsidir.
“Təbii fəlakət-fövqəladə halların aradan qaldırılması və humanitar yardım” mövzusuna həsr olunan Zirvə görüşü Türkiyənin cənub və cənub-şərq bölgələrində baş verən zəlzələ nəticəsində yaranan fövqəladə vəziyyətlə bağlı məsələlərin ən yüksək səviyyədə müzakirə edildiyi platforma olacaq. Liderlər fəlakətlərlə mübarizədə Türk Dövlətləri Təşkilatı daxilində sıx çoxtərəfli əməkdaşlıq və koordinasiya mexanizmlərinin yaradılmasına diqqət çəkəcək, regionda mövcud çağırışlarla bağlı məsləhətləşmələr aparacaqlar.